“Kupça” verilən evlərin sayı ARTDI – RƏSMİ 

Hazırda oxunan: “Kupça” verilən evlərin sayı ARTDI – RƏSMİ 

91767

İyul ayında 27 min 65 daşınmaz əmlaka mülkiyyət hüququ verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,9% çoxdur.

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Aylıq göstəricinin 6311-i (23,3%-i) ilkin, 20754-ü (76,7%-i) isə təkrar qeydiyyatın payına düşür. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə, cari ilin iyul ayı ərzində ilkin qeydiyyat 26,8% artıb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3994-ü fərdi yaşayış və bağ evi, 7790-ı mənzil, 14448-i torpaq sahəsi, 252-si qeyri-yaşayış binası, 520-si qeyri-yaşayış sahəsi, 59-u əmlak kompleksi, 2-si çoxmərtəbəli yaşayış binasıdır.
Qeyd edək ki, cari ilin iyul ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 27,6%-i Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.

Əmlak Komitəsindən o da qeyd olunub ki, dövlət başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan verib. Ötən ilin eyni dövrü ilə müqayisədə, cari ilin iyul ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,1 dəfə artaraq 2539 olub.

Bundan əlavə bu ilin iyul ayı ərzində 21 min 367 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% artım deməkdir.
2022-ci ilin iyul ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 41,5% artaraq 5612 olub.

Qeyd edək ki, ümumilikdə, 2022-ci ilin yanvar-iyul ayları ərzində 195 min 597 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin