Şəhərdə itgəzdirənlərin sayı ÇOXALIB – Bu DƏBDİR, yoxsa YALNIZLIQ? 

Hazırda oxunan: Şəhərdə itgəzdirənlərin sayı ÇOXALIB – Bu DƏBDİR, yoxsa YALNIZLIQ? 

91707

“Heyvana olan xüsusi bağlılıq insanlardakı hansısa boşluqdan qaynaqlana bilər. Bəzən olur ki, insanlar tənha, qayğısız və sevgisiz qalırlar. Belə insanlar zamanla bütün nəvazişini saxladıqları ev heyvanları üzərində cəmləməyə başlayırlar”. 

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada psixoloq Gülnarə Abuzərova səsləndirib.

Psixoloqun fikirlərinə görə, adətən tək yaşayan insanla saxladığı heyvan arasında qırılmaz bağlar yaranır və bu hansısa sindromun yaranmasına səbəb olur:

“İldən-ilə bu yanaşmalar həssas insanların şüuraltı qatına oturur. Belə olan halda isə həmin insan onu heç nə ilə əvəzləyə bilmir. Bəzən birgə yaşadığı heyvanın ölümündən depressiyaya düşüb yas saxlayır. Digər bir məqam isə bu istəyin ən pik formasıdır ki, belə insanlar həmin ev heyvanına kənardan müdaxilə edən birini gördükdə əsəbiləşirlər. Bəzən küçədə tanımadığı biri o heyvana toxunduqda və ya hər hansı bir xətər yetirdikdə, sanki o insanı öldürəcəkmiş kimi reaksiya verirlər.
 

Bu faktdır ki, daha çox gəliri olan insan təbii ki, saxladığı ev heyvanlarına daha çox pul xərcləyir. Yəni bu bir növ insanların cibinə görə hesablanır. Heyvan bəsləməyə olan meyil artdıqda, ən kasıb insan belə öz büdcəsinə uyğyun ev heyvanı saxlaya bilər”.


Psixoloqun sözlərinə görə ev heyvanı, xüsusilə də ev itləri saxlayanların sayının artması müasir dövrün dəbindən də irəli gələn bir haldır:

“Bu dəb formasında ilk öncə Qərbdə mövcud olub. Şərq insanı Tanrıya və dinə daha çox bağlı olduğu üçün heyvanlara mərhəmətlə yanaşmağına baxmayaraq, adətən itlər və pişiklərlə yaşadığı evi bölüşmür. Ən yaxşı halda o heyvanı həyətində saxlaya bilər. Qərbdə isə dəyərlər və yanaşmalar çox fərqlidir. Məsələn, Amerikada hər beş ailədən birində it və ya pişik saxlayırlar. Yəni bu Qərbdən gələn bir ənənədir. Əgər parklarda ev iti gəzdirən cavanların geyimlərinə fikir versək, daha açıq-saçıq, Qərb tipində geyindiklərinin şahidi olarıq. Yaşlı nəsildə isə bu yuxarıda söylədiyim kimi yalnız psixoloji sarsıntı və başqa hallardan irəli gələ bilər”.

Psixoloq sonda onu da qeyd edib ki, istənilən halda depressiv fonu azaltmaq üçün təbiətlə, heyvanlarla ünsiyyətdə olmaq çox faydalıdır. Yerigəlmişkən, bu evində xəstə uşaq olan ailələr üçün də vacibdir. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin