“Avtomobilinə şəhid balamın şəklini vurub xuliqanlıq edir” - Şəhid adından sui-istifadə edənlər CƏZALANDIRILSIN! 

Hazırda oxunan: “Avtomobilinə şəhid balamın şəklini vurub xuliqanlıq edir” - Şəhid adından sui-istifadə edənlər CƏZALANDIRILSIN! 

91201

Ölkəmizdə şəhidlərə münasibət birmənalıdır. Hamı onların adını və ruhunu hər şeydən uca tutmağa çalışır. Şəhidlərə olan ümumxalq sevgisi gündəlik həyatımızda müxtəlif cür təzahür edir. İndi bir çox binaların, müxtəlif təyinatlı obyektlərin üzərində şəhidlərimizin fotolarını görürük. Bu təbii ki, qürurvericidir. Amma bu cür təbliğat və təşviqat işlərinin müəyyən fəsadları da var. Bu bir tərəfdən memarlıq və şəhərsalma prinsiplərini pozur, digər tərəfdən həmin fotolar bir müddət sonra solur, cırılır və onu vaxtında təzələmək, yaxud yığışdırmaq heç kimin ağlına gəlmir. Nəticədə bu seyr şəhidlərimizə hörmətsizlik kimi qəbul olunur və hamı da bir-birini qınayır.

Məsələyə münasibət bildirən Azərbaycan Reklamçılar İttifaqının icraçı katibi Cahid Həsənov hesab edir ki, şəhidlərə ehtiramın daha sivil yolları var: 

“Elə etmək olar ki, aparılan təbliğat işi həm memarlıq və şəhərsalma prinsiplərinə uyğun olsun, həm də şəhidlərimiz daha yaxşı təbliğ olunsun.

Memarlıq və sənət baxımından şəhidlərin şəkillərinin marketlərin vitrinlərində, binaların fasadına və hətta “təkər təmiri” sexinin divarına vurulması düzgün deyil. Ona görə ki, pərakəndəlik və özfəaliyyət yaxşı niyyəti çox zaman pis nəticələrə gətirib çıxarır. Ötən dəfə bir “təkər təmiri”nə girmişdim. Hansısa şəhidin şəkili asılıb, amma şəkilin üzərinə çoxsaylı mobil telefon nömrələri yazılıb. Belə olmaz axı... Digər tərəfdən açıq havaya asılan şəkillər çox qısa zamanda solur və cırılır. Bu isə xoşagələn hal deyil”.

Cahid Həsənovun fikrincə, şəhidlərimizin fotolarının açıq məkanda yayımlanması müvafiq qurumlar tərəfindən təşkil olunmalıdır:

“Məsələn, ADRA-nın imkanı var ki, konkret ərazilərdə açıq reklam lövhələrində şəhidlərimizin fotolarını paylaşsın. Bu zaman həmin şəkillərə müəyyən dizayn vermək də olar ki, həm estetik cəhətdən bitkin görünsün, həm də şəhidlərimiz layiqincə təbliğ və təşviq edilsin. Hətta hər rayon ərazisində bu rayonlardan olan şəhidlərin fotolarının yayımlanması üçün xüsusi reklam konstruksiyaları yerləşdirmək olar. Bu zaman yerləşdirilən konstruksiya kommersiya reklamlarından tamailə fərqlənməlidir. Bunlar tam yeni, milli ornamentləri özündə tərənnüm etdirəcək bir fotmada olmalıdır. Əslində bir çox rayonların girişlərində belə kustar kostruksiyalar qoyulub, amma bunlar qəbirlərdəki müvəqqəti başdaşlarını xatırladır. Bunu da şəhidlərimizə qarşı hprmətsizlik hesab edirəm”.

Məsələyə Azərbaycan Dövlət Reklam Agentliyin münasibətini öyrəndik. Agentlikdən Bizim.Media-ya bildirdilər ki, Dövlət Reklam Agentliyi açıq məkanda reklam fəaliyyəti sahəsində tənzimlənməni və nəzarəti həyata keçirir:

“Amma şəhidlərinin şəkilləri, bulaqları, memorial xatirə güşələri əsasən həmin şəhid ailəsinin təşəbbüsü ilə hazırlanır. Qeyd olunan lövhələr Reklam haqqında qanunun 26.8-ci. bəndinin tələblərinə cavab verdiyindən Dövlət Reklam Agentliyindən onların yerləşdirilməsi üçün icazə almağa ehtiyac yoxdur”.

Şəhidlərin şəkillərinin həm də avtomobillərin arxa şüşəsinə vurulduğunu da tez-tez görürük. Halbuki, bu cür hallar “Yol hərəkəti haqqında” qanunun tələblərini pozur. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Bizim.Media-ya açıqlamasında bildirdi ki, paytaxt yollarında hər gün reklam xarakterli, bəzən isə lüzumsuz ifadələr, şəkillər həkk olunmuş nəqliyyat vasitələrinə rast gəlirik: 

“Avtomobillərə öz nömrəsini, “qaziyəm” sözünü yazmaq, şəhidlərin şəkillərini vurmaq - bu kimi hallar yolverilməzdir. Heç kim bizi yanlış anlamasın, şəhidlərimiz bizim üçün dəyərlidirlər. Lakin dəfələrlə şəhid ailələri DYP ilə əlaqə saxlayıb müxtəlif avtomobil nömrələri verirlər ki, filankəs sürücü mənim şəhid olan qardaşımın, qohumumun şəklini maşınına vurub, həmin maşınla da xuliqanlıq edir, qayda pozur, məsuliyyətdən yayınır, bu kimi davranışlarla şəhidin ruhuna hörmətsizlik edir, xahiş edirəm, o avtomobili saxlayıb şəhidimizin fotosunu çıxarmasını tələb edin”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin