Brüsseldə Azərbaycan-Ermənistan arasında yekun bəyanat imzalana bilər - POLİTOLOQ

Hazırda oxunan: Brüsseldə Azərbaycan-Ermənistan arasında yekun bəyanat imzalana bilər - POLİTOLOQ

91000

Xəbər verdiyimiz kimi, avqustun 31-də sayca dördüncü Brüssel görüşü baş tutacaq. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında müzakirələrin baş tutması gözlənilir.

Əvvəla onu qeyd edək ki, budəfəki görüşə Azərbaycan mühüm üstünlüklərlə yollanır. Xüsusilə də, Laçın şəhərinin və dəhlizinin nəzarətə götürülməsi, eləcə də “Qisas” əməliyyatı ilə Azərbaycanın separatçılara qarşı barışmaz mövqeyini sərgilədiyini qeyd etmək vacibdir.
 

MÖVZU İLƏ BAĞLI:

Moskva və Brüsseldəki danışıqlar Ermənistanın xeyrinə deyil


Bəs, baş verən proseslər fonunda Brüsseldə hansı məsələlər müzakirə olunacaq? Budəfəki görüşdə hansı nəticələr əldə oluna bilər?

Mövzunu Bizim.Media üçün şərh edən politoloq Tural İsmayılovun sözlərinə görə, əsasən Azərbaycanın təklifləri əsasında Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində konkret addımların atılması əsas müzakirə mövzusu olacaq:

“Hesab edirəm ki, Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması istiqamətində müvafiq komissiyaların yaradılması müzakirə oluna bilər. Məlumdur ki, delimitasiya və demarkasiya üzrə komissiyalar yaradılıb və artıq onlar arasında görüşlər də baş tutub. Lakin sülh müqaviləsilə bağlı belə bir komissiya yoxdur.

Digər müzakirə oluna biləcək məsələ isə tərəflər arasında iqtisadi sferada əməkdaşlığın qurulması potensialıyla bağlı olacaq.
Bu da Ermənistanı xarici güclərin əlindən xilas etmək və Azərbaycan, eləcə də Türkiyənin təsir imkanlarını artırmaq baxımından imkanlar yaradacaq. 

Üçüncü məsələ isə delimitasiya və demarkasiya prosesində konkret addımların atılmasıyla bağlı ola bilər. Çünki komissiyalar arasında görüşlər keçirilsə də, hələlik konkret işlər görülməyib. Xüsusilə də, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi kimi bölgələr var ki, delimitasiya prosesindən sonra Azərbaycanın nəzarətinə qayıdacaq. 

Xüsusilə də bu məsələ ilə bağlı görüşün yekunlarında bir sıra texniki problemlərin həllində yeniliklərin olacağını düşünürəm”.

Politoloq görüşün yekunlarına dair sadalanan müzakirə mövzularının da öz əksini tapacağı bəyanatın imzalanmasını da mümkün hesab edib. Müsahibimiz qeyd edib ki, müzakirələrdən sonra Zəngəzur dəhlizilə bağlı konkret addımların atılmasına da şahidlik edə bilərik.

Tural İsmayılov Paşinyanın əvvəlki Brüssel görüşlərindən sonra Moskvada fərqli ritorika seçməsi məsələsinə də münasibət bildirib:

“Biz Ermənistana heç bir mənada güvənməməliyik. Əlbəttə ki, Ermənistan müstəqil xarici siyasət kursu olmayan və siyasi təsisatları zəif dövlət olduğu üçün hər zaman xarici güclərin təsiri altında olur. Yəqin ki, yenə də Brüssel görüşündən sonra Ermənistana təzyiqlər olacaq.
Bunun nəticəsində müəyyən provokativ və təxribat xarakterli addımlara da şahidlik edə bilərik. Lakin Azərbaycan qalib tərəf kimi şərtləri diqtə edir və zorla da olsa Ermənistan öhdəliklərini yerinə yetirmək məcburiyyətində qalacaq”.

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin