ABŞ-ın Minsk qrupu HƏMLƏSİ – “Bu, Ağ Evin regiona təsir imkanlarını heçə endirdi”

Hazırda oxunan: ABŞ-ın Minsk qrupu HƏMLƏSİ – “Bu, Ağ Evin regiona təsir imkanlarını heçə endirdi”

90966

“ABŞ-ın Minsk qrupuna yeni həmsədr təyin etməsi çox ciddi xətadır və Azərbaycan xalqı buna ikrah hissi ilə yanaşır. Çünki bu, ikili standartların, qeyri-səmimiliyin və xristian təəssübkeşliyinin bariz nümunəsidir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli səsləndirib.

Onun sözlərinə görə, 28 ildə sülh prosesinə heç bir töhfə verməyən təşkilatı yenidən xortlatmağa çalışmaqla nəyin hədəfləndiyini söyləmək çətindir:
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ və Fransa səfirləri Şuşaya getməkdən niyə imtina edib? – Görünən siyasətin GÖRÜNMƏYƏN TƏRƏFİ


“Bu, həm də Azərbaycanın dövlət maraqlarına ziddir. Minsk qrupu artıq tarixə qovuşub və ən əsası bunu Azərbaycan tərəfi istəmir. Rəsmi Bakının istəyi isə bu məsələdə ən önəmli nüansdır.
İkincisi, həmsədrlərdən bir digəri Rusiya da bu formatdan imtina edib və öz nümayəndəsini geri çağırıb. Amerika və Fransanın isə bu məsələdə ortaya düşməsi çox mənasız sərgüzəştdir və bu, həmin dövlətlərə heç bir siyasi qazanc gətirməyəcək”.

Qabil Hüseynli qeyd edib ki, ABŞ-ın sözügedən qərarında müxtəlif sərmayə qruplarının, erməni lobbisinin də təsiri var:

“Lakin sadalanan güclərin fəaliyyəti ABŞ-ın daxili işidir. Dünyada baş verən etnik münaqişələrə bu cür ikili standartlarla yanaşmaq dünya təhlükəsizlik sisteminə çox böyük xələl gətirəcək addımlardandır.

Üstəlik, Fransa haqqında bunu demək çətin olsa da, ABŞ-ın geosiyasətdə oynadığı rola mənfi təsir göstərməkdədir. Ağ Ev bu cür addımlarla faktiki olaraq bölgədəki təsir gücünü heçə endirməklə, nəticə etibarilə, Rusiyanın regional uğurlarına şərait yaradır”.

Müsahibimiz Rusiyanın Ukrayna məsələsində əlinin zəifləməsi fonunda, ABŞ-ın gələcədə Minsk Qrupundan fərqli formatlarda regional proseslərə daxil olmaq ehtimallarına da münasibət bildirib:
“ABŞ bu cür mövqe sərgilədikdən sonra, Azərbaycan tərəfinin siyasi iradəsinin başlıca rol oynamasını da nəzərə alsaq, çətin ki, bu mümkün olsun.

Eyni zamanda Ağ Evin Cənubi Qafqazdakı regional münaqişələrdə ədalətli münsif mövqeyindən çıxış etməsi də real görünmür. Azərbaycan artıq öz işini bilir, Amerikanın qeyri-konstruktiv mövqeyini nifrətlə qarşılayır. Bütün sadalananlar, ABŞ-ın regional proseslərdə iştirak imkanlarını minimuma endirir”.

Qeyd edək ki, avqustun 25-də ABŞ Dövlət Departamenti Filip Rikeri Qafqaz üzrə yeni baş məsləhətçi və Minsk qrupunun həmsədri təyin edib. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin