Xəbər verdiyimiz kimi, avqustun 27-də Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Şuşaya səfəri baş tutub. Lakin iki ölkənin, ABŞ və Fransanın səfirlərinin artıq neçənci dəfədir ki, bu əraziyə səfərdən imtina etməsi Azərbaycan tərəfindən narazılıqla qarşılanıb.
Belə ki, PA-nın şöbə müdiri Hikmət Hacıyev sözügedən ölkə nümayəndələrinin konfransa qatılmaması ilə bağlı bunları deyib:
“Onlar Azərbaycanın ərazi bütövlüyünümü, yoxsa Şuşa şəhərində olan yenidənqurma və bərpa işlərinimi həzm edə bilmirlər, başa düşmək olmur”.
Avqustun 28-də isə ABŞ-ın ölkəmizdəki səfirliyindən məsələyə münasibət bildirib. Açıqlamada qeyd olunub ki, Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur.
Baş verənləri Bizim.Media üçün şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözügedən bəyanatların arxasında dayanan məqamlara diqqət çəkib:
MÖVZU İLƏ BAĞLI:
ABŞ-ın ATƏT-in Minsk Qrupu “oyunu” – Tofiq Zülfüqarov bu siyasi gedişin detallarını AÇIQLADI
“Vətən müharibəsindən sonra ABŞ, Fransa kimi həmsədrlər prosesdən kənarda qalıb. Onları əvəz edən Türkiə-Rusiya tandemi olub ki, Azərbaycan da bu aktorlara üstünlük verib. Ona görə ki, Azərbaycan bu məsələdə söz sahibidir və Qarabağ münaqişəsi ölkəmizin ayrılmaz hissəsində baş verib.
İkinci tərəfdən, bu münaqişəni yaradan Ermənistan olsa da, müharibədən sonra vəziyyət dəyişib. Ermənistan işğalına son qoyulub və indi Azərbaycan özünün daxili problemini özünün seçdiyi tərəflərlə, yəni Türkiyə-Rusiya tandemilə birgə həll edir. Keçmiş münaqişə zonasındakı vəziyyət də Azərbaycan qanunlarına uyğun formada 3 il müddətinə həllini tapacaq”.
Keçmiş nazirin sözlərinə görə, prosesdən kənarda qalan ABŞ və Fransa kimi tərəflər yenidən regiona qayıtmaq istəyirlər:
“Ona görə yox ki, onlar bu məsələyə qayıtmaqla Azərbaycana yardımçı olacaqlar. Məhz ona görə ki, bu tərəflər də Rusiya kimi, münaqişədən istifadə etməklə bölgəni idarə etmək niyyətindədirlər. Bu səbəbdən, Türkiyə və Rusiyanın bölgədəki monopoliyası sözügedən ölkələr tərəfindən qəbul olunmur.
İndiki mərhələdə Ukrayna hadisələri fonunda Rusiyanın bölgədəki imkanları get-gedə zəifləyir və Türkiyənin nüfuzu artır. ABŞ və Avropa ölkələrini isə bu proses qane etmir. Onlar başa düşür ki, gec ya tez Rusiya bu bölgədən çəkiləcək. Və onlar bunu qabaqlamaq üçün Ermənistana dəstək verməklə, İrəvandaki qərbyönlü siyasi elitanı gücləndirməyə çalışırlar”.
Müsahibimizin fikirincə, bütün bu bəyanatların Qarabağ məsələsinə təsiri olduqca nisbidir:
“Qərb-Rusiya qarşıdurması bu bölgədə özünü nümayiş etdirir. Lakin bu prosesdə Azərbaycan əsas söz sahibidir. Çünki münaqişə Azərbaycanın ərazisində baş verib və suverenliyimiz rəsmi olaraq tanınır. Güclə gəlib, vasitəçilik etmək gülməli görünür, çünki bu beynəlxalq hüquqa uyğun deyil.
Lakin Qərb bizə yaxşı təklif etsə, vəziyyətə müvafiq olaraq onları da hansısa proseslərə dəvət edə bilərik. Hal-hazırda isə mövqeyimiz ondan ibarətdir ki, Qərb ölkələri prosesin humanitar tərəflərində iştirak edə bilərlər. Lakin bu yöndə də onların ciddi köməyi görünmür.
Bu səbəbdən, hansısa səfirin konfransa qatılmaqdan imtina etməsi gülməli situasiya yaradır. Gəlmirsən, gəlmə, bu sənin öz işindir. Biz oranın sahibləriyik, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Bu gün gəlmədin, sabah gələcəksən. Necə ki, Rusiya səfirilə eyni şey baş tutdu”.
Tofiq Zülfüqarov ABŞ səfirliyinin müvafiq açıqlamasının Azərbaycana qarşı təhdid mesajı kimi şərh olunmasını da doğru hesab etməyib:
“Burada daha çox Rusiya ilə rəqabət görünür. Onlar Rusiya sülhməramlılarının burada saxlanmasına işarə edirlər. Biz də Türkiyə ilə mütəffiqlik əsasında sülhməramlıların çıxarılması məsələsinin həllinə nail olmağa qadirik. Laçın məsələsi də buna dəlalət edir ki, biz bütün məsələləri öz xeyrimizə həll edəcəyik.
Bəs, əvəzində ABŞ nə edir? Müqayisə etmək istəməsəm də, onlar heç olmasa bəyanat verərkən Rusiya prezidentindən nümunə götürsünlər. Birmənalı şəkildə desinlər ki, “Qarabağ Azərbaycandır”. Lakin hal-hazırda Türkiyə-Rusiya tandemi bizi qane edir. Ona görə ki, Rusiyanın neqativ siyasi elementlərinin neytrallaşdırılmasında Türkiyə öz sözünü deyir”.
Murad Əhmədov, Bizim.Media