İlin sonuna qədər benzin və dizelin qiyməti qalxacaqmı? – Günün sualı İlham Şabanın ŞƏRHİNDƏ

Hazırda oxunan: İlin sonuna qədər benzin və dizelin qiyməti qalxacaqmı? – Günün sualı İlham Şabanın ŞƏRHİNDƏ

90676

Başa çatmaqda olan yay qlobal bazarda öz sürprizləri ilə yadda qalmaqdadır. Niyə yadda qaldı yazmıram, çünki gələn həftənin əvvəli daha yeni sürprizlərlə üzləşə bilərik. O baxımdan ki, yayın son günü – 31 avqust tarixdə “Qazprom” şirkəti Rusiya qazının “Şimal axını-1” layihəsi üzrə istismarda olan hər iki ixrac boru kəmərini (hər birinin illik buraxıcılıq gücü 27,5 milyard kubmetrdir) dayandırmaq qərarı verib. Və həmin günü Avropa necə qarşılayacaq və necə yola salacaq çox maraqlıdır.

Maraqlısı isə budur ki, həmin tarixə zaman azaldıqca, bazarda baş verənlər reallıqda “başını itirmişlərin” vəziyyətini xarıtladır. Keçək mətləbə.

Avropa qaz bazarı. Yola saldığımız həftənin son iş günündə Avropada qaz qiymətləri 2926 dollardan 3526 dollaradək artdı və sonra sentyabr ayında alınmalı olan qazın min kubmetrinin partiyası qəfil 3164 dollaradək ucuzlaşdı. 
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan neftini qaz əvəz edəcək, iqtisadiyyatımız üçün təhlükə yoxdur” – İlham Şabanın PROQNOZU


Ötən gün Avropada qaz fyuçerslərinin qiymətləri min kubmetr üçün ilk dəfə mart ayından sonra 3500 dollar həddini küçən nəticə göstərdi.

ICE London Əmtəə Birjasının məlumatlarına görə, cümə gününün yekununda qaz öz dəyərini avqustun 25-i ilə müqayisədə demək olar ki, 4% itirdi.

Gələn ay bazarda müştərilər tərəfindən götürülməli olan qaz fyuçersləri (Avropanın ən böyük qaz satış mərkəzi TTF indeksinə əsasən) bu gün hərraclar başlayanda hər min kubmetr üçün 3213,2 dollar (-2,3%) səviyyəsində ticarət edilməyə başladı və günün birinci yarısında kifayət həddə ucuzlaşma oldu: qazın ən ucuz partiyası 2926,2 dollara (-11,1%) satıldı.

Amma axşama doğru kotirovkalar günlük azalma tempini nəinki geri qaytara bildi, hətta martın əvvəlindən bəri ilk dəfə min kubmetr həcm üçün 3500 dollar səviyyəsini belə keçməyə müvəffəq oldu. Qaz ticarəti əməliyyatlarında min kubmetr üçün maksimum qiymət 3525,9 dollar (+7,2%) təşkil etdi.

Lakin hərraclar bağlanan zaman qiymətlər yenidən kəskin şəkildə aşağı eneiş nümayiş etdirdi və 3164 dollar (-3,8%) səviyyəsində qərarlaşdı.

Martın ilk həftəsindəə Avropada qazın qiyməti Rusiyanın enerji resurslarının idxalına qadağa qoyulması təkliflərindən qorxu hissi keçirərək dörd gün dalbadal tarixi maksimumlarını yenilədi. İndiyə qədər qazın dünya bazarlarındakı rekord qiyməti 3892 dollar səviyyəsində martın 7-də qeydə alınıb.

İndi oxucular sual edə bilər ki, axı nədən bir gündə qaz qiymətlərinin hərraclarda sınıq xətt üzrə dinamikası müşahidə edildi? Buna səbəb nə idi. Səbəbləri sadayacam, özünüz diqqət yetirin. Əvvəla, hərraclar açılanda qaz qiymətləri enməyə meyl göstərdi. Bu, onunla əlaqədar idi ki, Ukrayna üzərindən Avropaya axan Rusiya qazının həcmləri üzrə ilk məlumatlar daxil oldu, bazar iştirakçıları sakitləşdilər ki, “müharibə öz yerində, amma qaz nəqli ilin əvvəli ilə müqayisədə azalsa da, fasilələr yoxdur və Avropa hələ ki, stabil idxal kanalına malikdir”.

Həmçinin, “Şimal axını-1” layihəsi üzrə də Rusiya qazının Avropaya ixracı davam edir. Hərracları məst edən belə xəbərlər ona gətirib çıxardı ki, günün ortasına yaxın qazın ən ucuz partiyası 2926 dollara satıldı.

Üzü axşama doğru isə vəziyyət tam dəyişdi. London birjasına daxil olan enerji xəbərlərinin əksəriyyəti həyacan xarakterində idi, yəni qırmızı rənglə “qaçan sətirlərlərdə” yer alırdı.

Mahiyyət isə bundan ibarət idi ki, Rusiya qazı 31 avqust tarixindən 3 günə tam dayanacaq və bəzi təhlilçilərin fikrincə, Moskvaya inanmaq olmaz, bəlkə sentyabrın 3-də qaz nəqlini bərpa etmədi. Və başlanır belə neqativ ssenarilərin müxtəlif KİVlərdə və ixtisaslaşmış sosial şəbəkələrdə müzakirəsi. Həyəcan üstünə həyəcan gəlir, emosiyalar artır.

Bu isə özünü təbii ki, hərraclarda partiya-partiya satılan qazın qiymətində büruzə verir. Nəticədə qazın ən baha partiyası 3525,9 dollara qədər yüksəlir.

 
Ümumiyyətlə, qeyd etmək istərdim ki, Rusiya enerji bazarlarında qiymətlərə təkcə özünün rəsmi mövqeyini bəyan etməklə təsir etmir, həm də bazarlardakı əhval-ruhiyyəyə özünə sərf edən anlarda altdan-altdan təsir etmək imkanlarını gerçəkləşdirir. Elə bu məsələ enerjidən siyasi alət kimi istifadə deməkdir. Qərbdə Kremlin buna görə qınasalar da, ona qarşı ittihamlar səsləndirsələr də, hələlik hüquqi müstəvidə bunu sübut edəcək arqumentlər ortaya çıxara bilmirlər. Ortada olan isə budur ki, qazın iyul ayında Avropa bazarlarında  orta qiyməti min kubmetr üçün 1764 dollar olmuşdusa, avqustun 26-dək bu göstərici 2363 dollara qədər yüksəldi.    

Bahalı qazın Azərbaycana təsiri. Qazın Avropa bazarlarında qiymətinin yüksək olmasının Azərbaycana hansı təsirləri var? Əlbətt ki, müsbət! Çünki 2020-ci ilin 31 dekabrından Azərbaycan Avropaya öz qazını ixrac etməyə başlayıb. Həmin gün Avropada 10,2 milyon kubmetr qaz satmışdıq. 2021-ci ildə Avropada satılan qaz ixrac həcmləri 8,2 milyard kubmetrədək artdı. 2022-ci ilin 7 ayının nəticələrinə nəzər salsaq, belə proqnoz etmək mümükündür ki, cari ildə Azərbaycan qazının Avropaya ixrac həcmləri 10,5 milyard kubmetrdən az olmayacaq. 

Demək, cari ildə biz nəyi müşahidə edirik: həm Avropa bazarlarında satdığımız qaz həcmləri artır, həm də qiymət fantastik bir həddədir. Soruşa bilərsiniz ki, axı Azərbaycan birja qiymətləri ilə formalaşan qaz satmır, qaz satan (yəni “Şahdəniz” konsorsiumu) və qaz alan şirkətlərin hələ 2013-cü ildə imzaladıqları kommersiya sazişləri qaz qiymətlərinin razılaşdırılmış formulasına əsaslanır. Bəli, həqiqətən də bu belədir. Amma çox az adam bilir ki, bu formulada qazın qiymətinə təsir edən amillər hansılardır. Avropada cəmi bir alıcımız – Bolqarıstan bir təhcizatçıdan (Rusiyadan) asılı olub. Digərlərinin (İtaliya və Yunanıstan) bazarlarına isə həmçinin spot qiyməti ilə dəyərləndirilən maye qaz da daxil olur. 

Azərbaycan qazının qiyməti məhz ay ərzində bizdən qaz alan ölkənin bazarına bütün mənbələrdən daxil olan mavi yanacağın orta qiymətinə tuşlanıb.

Ona görə də birjalarda satılan qazın bahalığı sonradan bizim qazın qiymət artımı ilə düz mütənasiblik münasibətindədir. İkincisi, Avropanın 2015-ci ildən Rusiyanı boru kəməri ilə satdığı qazın daha çox hissəsinin birja qiymətlərinə uyğunlaşdırması tələbi ona gətirdi ki, artıq 2022-ci ildən “Qazprom”un Avropa bazarlarında boru ilə satdığı qazın təqribən 85%-i hərrac qiymətinə bağlanmışdı, cəmi 15%-i razılaşdırılmış illik qiymətlər əsasında həyata keşirilir. Belə halın özü də Azərbaycan qazının qiymətini artırır. 
 

Nəhayət, Azərbaycan artıq ötən ildən başlayaraq boru ilə ixrac etdiyi qazın bir hissəsini birja qiymətlərinə bağlayıb.


Özü də bu, təkcə Avropa bazarlarına aid deyil, o cümlədən Türkiyəyə də aiddir. Diqqətli oxucu soruşa bilər ki, axı Azərbaycan qazı London birjasında hərraca çıxarılmır, onda onun qiyməti necə müəyyən olunur. Bəli, elədir. Amma burada marketinq məsələlərində bir incəlik var.

Yəni alıcının əvvəlcədən sifariş etdiyi həcmlər sözügedən formula ilə müəyyən edilir. Yox əgər alıcılar sifariş etdikləri həcmdən əlavə Azərbaycandan qaz almaq istədiklərini ortaya qoyurlarsa, ona həmin həcmlər artıq spot bazarında yaranan (hərraclarda) qiymətlərə bağlanır.

Məsələn, 2021-ci ildə Avropadakı tədarükçülər Azərbaycandan 7,5 milyard kubmetr qaz sifariş etmişdilər, nəticədə 8,15 milyard kubmetr qaz aldılar.

Aradakı fərq faktiki bizim spot qiymətlərlə Avropaya satdığımız qazın həcmini göstərir. Bu il üçün isə sifariş həcmi 8,2 mlrd kubmetr idi. Amma bundan 2 milyard kubmetrdən çox qaz alınacağı gözlənilir. 
 

Ona görə də həm Azərbaycan qazını ixrac edən şirkətlərin, həm də Dövlət Neft Fonduna qazdan gələn payın həcmi artır və çox güman ki, bazarda yüksək qiymətlərin qalması davam edərsə, ilin sonuna qədər Neft Fondu təkcə “Şahdəniz” layisəsindən 2 milyard dollara qədər gəlir əldə edəcək. 


Qazaxıstan nefti BTC ilə axacaqmı? Bilməyənlər üçün deyim ki, Qazaxıstan neftinin Azərbaycanın əsas ixrac boru kəməri Bakı-Tbilisi-Ceyhan ilə dünya bazarlarına çıxarılması 2008-ci ilin İV rübündən baş tutub və müəyyən fasilələr olsa da, amma demək olar ki, hər zaman bizim borumuzda Qazaxıstan nefti olub.  Elə indi də axır. Düzdür onun həcmi elə də böyük deyil, ümumi tranzit həcmlərinin təqribən 10 faizini təşkini edir, yəni illik yarım milyon ton ətrafında. Amma təbii ki, Qazaxıstan bu həcmləri artırmaq istəyir. 

Avqustun 24-də Qazaxıstan prezidenti Qasım Jomart-Tokayevin Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında bir çox sənədlər imzalandı, amma birbaşa Qazaxıstan neftinin daşıma həcmlərinin artırılması ilə məsələ bu sənədlərdə öz əksini tapmadı.

Çünki burada neftin kommersiya nəqlindən söhbət gedir, ona görə də nə dövlət, nə də hökumətlər səviyyəsində hansısa sənədlə bunu reqlamentləşdirməyə ehtiyac yoxdur.

Nefti satan və onu nəql edən arasında qarşılıqlı razılaşma yarandığı təqdirdə, təbii ki, boru ilə “qara qızıl” nəinki axacaq, hətta dünyanın hansı bir terminalına onu çatdırmaq lazım gələrsə belə, o da həllini tapar. Bunun üçün Azərbaycanın həm şaxələndirilmiş ixrac boru kəmərləri, həm də dünya bazarında neft ticarəti edən ixtisaslaşmış şirkəti də var.       

Prezidentlərin görüşünə dair ictimaiyyət üçün açıqlanan məlumatda Qazaxıstan neftinin Azərbaycandan ixracı ilə bağlı məqamlar yox idi. Amma hesab edirəm ki, bu məsələ ikitərəfli görüşdə müzakirə olunub. Niyə? Çünki bu, Qazaxıstan üçün həyati əhəmiyyət daşıyan məsələdir hazırda.

Qazaxıstan dünya bazarlarından uzaq bir bölgədə yerləşir, dünya okeanına çıxışı yoxdur.

İxracının mütləq böyük hissəsi, 90%-dən çoxu yalnız bir ilkəyə bağlıdır – Rusiyaya. Və elə bir məqam yaranıb ki, bu il dünyada baş verən hərbi-siyasi gərginlik, dəyişkənliklə əlaqədar mart ayından başlayaraq, artıq üçüncü dəfə Tengiz-Novorossiysk kəmərində problemlər yaşanır, ixracla bağlı məhdudiyyətlər olur.
 

Hansı ki, orada əvvəllər stabil rejim var idi. Demək, Qazaxıstan hiss edir ki, onun üçün müəyyən baryerlər, əngəlliklər ortaya çıxır və bunu aradan qaldırmaqda maraqlıdır.


Təbii ki, qısa müddətdə buna nail olmaq mümkünsüzdür, amma bu neqativ təsirləri nisbətən yumşaldan addımlar atmaq olar. Belə bir addım isə Azərbaycan üzərindən keçir, özü də təkcə boru kəməri ilə yox, həm də dəmir yolu ilə Gürcüstan limanlarına daşıma həcmlərini artırmaqla. Nəticəni ilin sonunda daşımaların statistikası açıqlananda görmək mümkün olacaq və Bakıda ictimaiyyət üçün açıqlanmayan məqamların mövzusu da buradan aydın olacaq.   

Avtomobil yanacağının qiyməti dəyişəcəkmi? Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 23 avqust tarixli 322 nömrəli “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” Qərarına əsasən, avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18 faizdən 18,3 faizə dəyişdirilib və qərar 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minəcəkdir. 
 

Bəs bu hal ölkədə avtomobil yanacağının qiymətinin dəyişməsinə gətirib çıxarmayacaq ki? Bu haqda KİV-lərdə və sosial şəbəkələrdə bir xeyli müzakirələr aparlsa da, hökumətin izahatı sonda bütün söz-söhbətlərə son qoydu:


Tarif (qiymət) Şurası Katibliyinin açıqlamasına görə, aksiz dərəcəsi üzrə dəyişiklik avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinə təsir göstərməyəcək və ümumiyyətlə qeyd olunan məhsullar üzrə qiymət dəyişikliyinin aparılması məsələsi müzakirə olunmur.

Qeyd olunub ki, Tarif Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi haqqında” 26 iyul 2022-ci il tarixli 4 nömrəli qərarı ilə ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı tarifi (SOCAR) hər ton üçün 695,75 manatdan 689,78 manata qədər aşağı salınıb. Nəticədə istehsalçı tarifi ilə yanacağın hər tonuna görə tutulan və dövlət büdcəsinə ödənilən aksiz vergisinin məbləği də azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin