“Azərbaycan-Qazaxıstan münasibətləri müttəfiqlik səviyyəsinə qədər yüksəldi” - DEPUTAT

Hazırda oxunan: “Azərbaycan-Qazaxıstan münasibətləri müttəfiqlik səviyyəsinə qədər yüksəldi” - DEPUTAT

90426

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri iki ölkə arasında bir sıra mühüm sənədlərin imzalanması ilə yadda qaldı.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə qazaxıstanlı həmkarı arasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” imzalanıb.

Bundan başqa, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı təsdiqlənib. Müxtəlif nazirlik və təşkilatlar arasında da əməkdaşlıq sazişləri imzalanıb.

Ümumilikdə isə bu səfər çərçivəsində 20-dən çox müqavilə öz əksini tapıb.

Qazaxıstan Prezidentinin Bakıya səfərini Bizim.Media-ya şərh edən Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə, həmin səfər və imzalanan sənədlər fonunda Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq münasibətlərindən müttəfiqlik münasibətlərinə qədər yüksəldi:

“Tokayevin Azərbaycana səfəri münasibətlərimizin yeni keyfiyyət səviyyəsini müəyyən edib. Yeni keyfiyyət səviyyəsi isə ilk növbədə imzalanmış sənədlərlə müəyyən edildi. İki dövlət arasında 20-dən çox sənəd imzalandı. Onlar arasında “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrin dərinləşməsi haqqında bəyannamə” xüsusi önəm kəsb edir. Bu bəyannamə əslində iki ölkə arasında əlaqələrin bundan sonrakı inkişafının yol xəritəsi hesab oluna bilər. 

Bu sənədin əhəmiyyəti ondan ibarətdir ki, indiyə kimi, Azərbaycan Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq münasibətləri idisə, həmin sənədin imzalanması ilə münasibətlər müttəfiqlik səviyyəsinə yüksəldi. Sənəddə ikitərəfli münasibətlərin bundan sonrakı inkiaşfının bütün spektrləri öz əksini tapıb”.
Deputat qeyd edir ki, yaxın illərdə iki ölkənin ticarət dövriyyəsi 1 milyard dollara çatacaq:

2022-2026-cı illərdə əməkdaşlığın daha da genişlənməsini nəzərdə tutan kompleks proqramı sənədi bəhs edilən illər çərçivəsində əməkdaşlığın genişlənməsinin böyük spektrini özündə ehtiva edir.

Xüsusən də iqtisadi əlaqələrin genişlənməsi. Keçən il ticarət dövriyyəmiz 3 dəfə artıbsa, hədəf olaraq yaxın illərdə həmin səviyyənin bir milyard dollara çatdırılması nəzərdə tutulub. Nəqliyyat-loqistika, ortaq dəhliz, enerji sahəsində əməkdaşlıq məsələləri də burada öz əksini tapıb.

Bu il Qazaxıstan paytaxtında Azərbaycan mədəniyyəti ongünlükləri də keçiriləcək. Ən mühüm nəticələrdən biri odur ki, Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinin iki ölkə arasında münasibətlərin inkişafına verdiyi müstəsna töhfəni nəzərə alaraq onu Qazaxıstanın ali dövlət ordeni olan “Qızıl Qartal” ordenilə təltif etdi.

Beləliklə Tokayevin Bakıya səfəri Azərbaycan-Qazaxıstan münasibətlərini yeni müstəviyyə, müttəfiqlik səviyyəsinə yüksəltdi.

Bu da Azərbaycan və Qazaxıstan diplomatiyasının böyük uğurudur”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin