Elm və Təhsil naziri Emin Əmirullayevin ötən gün keçirdiyi mətbuat konfransında bütün vacib məsələlərə aydınlıq gətirilsə də, əsas və həssas məsələ olan məktəbli geyimləri problemi görünür hələ də çoxlarına aydın deyil.
Redaksiyamıza olunan müraciətlərdən bir daha görünür ki, valideynlər ikifikirli qalıblar. Çünki bəzi məktəblərdə şərt qoyulub ki, uşaqlarınıza mütləq filan rəngdə və bu kombinasiyada məktəbli formaları almalısınız. O tələbə uyğun geyimlərin tapılması isə mümkün deyil və ya çətindir. Hətta Bakı Tikiş Evinin rəhbərliyi də elan edib ki, bu il üçün müxtəlif rəngli geyimlərin çatdırılması mümkün deyil. Yeni dərs ilinin başlamasına isə 20 gün qalıb.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, bu məsələ ötən gün nazir Emin Əmrullayev tərəfindən tam aydın şəkildə izah olunub:
MÖVZU İLƏ BAĞLI:
Yeni məktəbli formaları SATIŞA ÇIXARILIR – Qiymətlər BƏLLİ OLDU
“Heç bir məcburiyyətdən söhbət gedə bilməz. Belə hallar olarsa, valideynlər nazirliyə məlumat versinlər, ölçü götürüləcək”.
Qurum rəsmisinin sözlərinə görə, təbii ki, nazirlik prosesi tənzimləyir, amma məktəbli formasının alış-satışı ilə nazirlik məşğul deyil:
“Cənab nazirin də dediyi kimi, məktəblinin dərsə formada gəlməsi arzuolunandır, amma məcburiyyət yoxdur. Qurum olaraq da nazirlik məktəbli formasının yalnız ölçüsünü, formasını, rəngini, elementini müəyyən edir. Bu məsələdə valideynlər özləri qərar versin. Məncə aydın olmayan heç nə yoxdur”.
Rüfət Sultan, Bizim.Media