Cəmiyyətimizdə valideyn olmağı ömürlük məsuliyyət kimi qəbul edənlərlə yanaşı təəssüf ki, asanlıqla öz övladından imtina edə biləcəyini düşünənlər də var.
Bəs mövcud qanunvericiliyimizə əsasən dünyaya gətirdiyin övladdan asanlıqla imtina etmək hansı hallarda mümkün ola bilər?
Hüquqşüqnas Əkrəm Həsənovun sözlərinə görə heç bir valideyn məhkəmə qərarı olmadan valideyn hüququndan imtina edə və ya məhrum edilə bilməz:
“Valideyndən uşaq üçün ciddi bir təhlükə yarandığı hallarda məhkəmə qərarı qüvvəyə mindikdən sonra həmin şəxs valideynlik hüququndan məhrum edilə bilər. Bu kimi hallara əsasən şiddət də daxildir. Əks halda valideynin ərizə yazaraq öz valideynlik hüququndan imtina etməsi heç bir qanuna və məntiqə sığışmayan bir hərəkətdir”.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əsabəli Mustafayevin sözlərinə görə isə uşaq başqa bir şəxsə övladlığa verildiyi, qəyyumu təyin olunduğu zaman valideynlik hüququ məhdudlaşdırıla bilər:
“Aydın məsələdir ki, valideyn uşağın səhhətinə zərər yetiribsə, xüsusilə də şiddət uyğulayıbsa, bu təqdirdə məhkəmə qərarı ilə valideynlikdən məhrum edilməsi qaçılmazdır. Amma valideynlik hüququndan məhrum olunduğu zamanlarda da o, uşağın yetkinlik yaşına kimi alimenti ödəməlidir.
Digər bir halda qadın başqa bir insanla ailə qurubsa və o insan uşağı qəyyumluğa götürmək istəyirsə, uşağın atası buna razılıq verdiyi zaman artıq digər qəyyum təyin olunan şəxs uşağın üzərində səlahiyyət sahibi olur.
Azərbaycanda bəlli yaşa çatmış uşaqlardan imtina insititutu mövcud deyil. Bu yalnız yeni doğulan uşaqlar üçün keçərli ola bilər. Misal üçün yeni doğulan uşağın hər iki valideynindən biri həyatda yoxdursa və digər valideyn uşağa baxmaq iqtidarında deyilsə, bu zaman ərizə yazaraq valideynlik hüququndan imtina edir və uşağı internat məktəbinə təhvil verir”.
Ekspertin sözlərinə görə valideyn fiziki və ya ruhi xəstə olarsa və övladına baxa biləcək başqa bir şəxs olmadığı zaman, övladına baxa bilmədiyi yalnız mövcud orqanlar tərəfindən təsdiqləndirildiyi halda, həmin şəxs valideynlik hüququndan məhrum edilə bilər:
“Əgər valideynin fiziki və psixi sağlamlığı yerindədirsə uşağın 18 yaşına kimi Ali təhsil müəssisəsinə daxil olduğu zaman isə təhsil müddətinin sonuna kimi aliment ödənilməlidir. Ödənilmədiyi və ya bundan yayınmağa çalışdığı halda isə mövcud qanunvericiliyimizə əsasən həmin valideyn cinayət məsuliyyətinə cəlb olunur”
Hüquqşünas açıqlaması zamanı aliment ödəyən zaman xaricə gedən və məsuliyyətdən bir növ boyun qaçıran insanlarla bağlı yaranmış suallara da aydınlıq gətirib:
“Azərbaycanın xarici dövlətlərlə beynəlxalq hüquqa əsaslanan müqavilləri var. Alimentdən yayınaraq xaricə qaçan valideynin orada yaşadığı ünvan məlumdursa, yerli hüquq orqanlarımız tərəfindən həmin ölkəyə məlumat verilir və həmin şəxs həbs edilərək öz ölkəsinə göndərilir.
Əgər məsuliyyətdən yayınan valideyn iş vizası almadan xaricə miqrant kimi gedibsə və onun yaşadığı ünvan heç kimə məlum deyilsə, o yalnız öz ölkəsinə qayıtdığı təqdirdə hüquq mühafizə orqanları tərəfindən həbs oluna bilər”
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 24.08.2022
Valideynlik hüququndan imtina hansı hallarda mümkündür? – Hüquqi İZAH
Hazırda oxunan: Valideynlik hüququndan imtina hansı hallarda mümkündür? – Hüquqi İZAH
Hazırda oxunan: Valideynlik hüququndan imtina hansı hallarda mümkündür? – Hüquqi İZAH
90075
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.