“Şahdəniz”də qaz hasilatı niyə dayandırıldı? – Dünya qaz bazarında baş verənləri İlham Şaban ŞƏRH EDİR 

Hazırda oxunan: “Şahdəniz”də qaz hasilatı niyə dayandırıldı? – Dünya qaz bazarında baş verənləri İlham Şaban ŞƏRH EDİR 

89557

Başa çatmaqda olan həftənin ən qəribə enerji hadisəsi neft və qaz qiymətlərinin əks istiqamətdə hərəkət etməsi oldu.

Bir tərəfdən London birjasında Avropada satılan qazın qiymətləri kəllə çarxa qədər yüksəliş nümayiş etdirirdisə, digər tərəfdən eyni məkanda hərraclara çıxarılan Brent markalı neft Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəlki qiymətlərə ticarət edilməyə başladı.

Niyə belə oldu? Axı indiyə qədər biz onu müşahidə edirdik ki, qazın bahalaşması da neft qiymətlərini üzü yuxarı aparır, çünki bahalı qaz alıcılara əlçatan olmayanda qazla işləyən elektrik stansiyaları neftə (mazuta) meyl edirdilər, nəticədə bazarda tələbatın artımı “qara qızılın” da qiymətini bahalaşdırırdı. Amm bu dəfə belə olmadı.  
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan neftini qaz əvəz edəcək, iqtisadiyyatımız üçün təhlükə yoxdur” – İlham Şabanın PROQNOZU


​​​​​​​Neft bazarı. Avqustun 16-da London birjasında oktyabr ayında bazara çıxarılmalı olan Brent markalı neftin 1 bareli 92,34 dollara satıldı. Onun səhərisi gün isə neftin hərraclarda qiymətinin minimumu 91,51 föstəricisi ilə yadda qaldı. Neft bu qiymətə 2022-ci il fevralın 19-dan bu yana belə ucuz satılmamışdı.  

Ucuzlaşmaya səbəb isə Çinin neft idxalını azaltması ilə bağlı açıqlanan statistika və bazar iştirakçılarının dünya iqtisadiyyatının daha aşağı templə inkişafı nəticəsində enerjiyə olan tələbatın enməsi ilə əlaqədar ehtiyatı idi. Amma neft qiymətləri həftə sonuna doğru itirdiyinin bir qismini bərpa edə bildi və cümə günü London birjası bağlanarkən neftin 1 barelinin qiyməti artıq 96,59 idi. Xatırladım ki, bir ay öncə neft 106 dollara, iki ay öncə isə 125 dollara satılırdı.    

Neft qiymətlərinin həftə sonuna artımına təsir edən iki məqama toxunmaq istərdim. Birincisi, ABŞ-ın həftəlik kommersiya neft ehtiyatları 7,06 milyon barel azalaraq 424,95 milyon barrelə düşdü. Ölkənin Energetika Departamentinin həftəlik hesabatına görə, həmçinin benzinin əmtəə ehtiyatları da 4,64 milyon barel azalma nümayiş etdirərək 215,67 milyon barel təşkil edib.

Bazar iştirakçıları isə həftəlik neft ehtiyatlarının 800 min barel artacağını, benzin ehtiyatlarının 1 milyon barrel azalacağını gözləyirdilər.

Neft qiymətlərinə eyni zamanda İranın nüvə proqramı ilə bağlı son günlər müəyyən irəliləyiş əldə edilən danışıqların da təsiri də davam edir. Belə ki, İrana qarşı Qərbin sanksiyaları yumşaldılarsa, onda bazara əlavə neft həcmlərinin çıxarılması baş verəcəkdir ki, bu da treyderlərdə bir fikir formalışdırır ki, əldə olan nefti daha tez satmaq gərəkdir, çünki sabahın (yəni yaxın perspektivin) qiyməti bu gününkündən az ola bilər.   

Baxmayaraq ki, ABŞ-ın “Goldman Sachs” bankının ekspertləri qısa müddətdə nüvə sazişinin bərpasının mümkünlüyünə şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, Tehranın ABŞ və Avropa Birliyi ilə danışıqları uğur qazansa belə, İranın əlavə neft həcmləri “ən yaxşı halda, 2023-cü ilin əvvəlində” dünya bazarına qayıdacaq. 

Qiymət artımına təsir edən ikinci amil isə OPEC-in yeni Baş katibi Haysham əl-Qhais “Bloomberg” agentliyinə açıqlaması idi. Onun sözlərinə görə, qlobal neft bazarı bu il tələbin yüksək səviyyədə qalması və ehtiyat potensialın azalması səbəbindən təklifin çatışmazlığı riski ilə üzləşə bilər. 

OPEC-in yeni rəhbəri bəyan edib ki, avqustda neftin qiymətlərinin 16% azalmasına səbəb kimi gətirilən Çində və bütün dünyada istehlakın azalması qorxusu mətbuat tərəfindən xeyli şişirdilib. Eyni zamanda, OPEC daxilində və ondan kənarda olan istehsalçıların bazara çıxara biləcəkləri əlavə ehtiyatlar da tükənir. 

Qaz bazarı. Bu həfət qlobal qaz bazarlarında yaşanan vəziyyət isə daha dramatik oldu. Avropada qaz fyuçersləri cümə günü axşam saatlarında Rusiyanın “Şimal axını” ilə bazara çıxartdığı mavi yanacağın üç gün müddətinə (31 avqust – 2 sentyabr) dayandırılacağı xəbərindən sonra mart ayından bəri ilk dəfə olaraq min kubmetr üçün 2700 dolları ötdü.

Gün ərzində qaz qiymətləri 7,9% artaraq 2716 dollaradək yüksəldi. Amma London birkasında hərraclar bağlanarkən artıq qazın min kubmetri 2672 dollara qədər ucuzlaşmışdı. Bu fakt onu göstərir ki, Rusiyanın dünya qaz bazarlarına necə böyük təsiri var və Avropa İttifaqının ilin sonunadək Rusiya qazından imtina etmək məsələsi heç də asan məsələ deyil.
Baxmayaraq ki, bu həftə yeraltı qaz anbarları olan Avropa İttifaqı ölkələrində payız-qış mövsümü üçün toplanan mavi yanacağın həcmi 75% həddini keçdi. Almaniya isə elan etdi ki, onun topladığı qaz yeraltı qaz anbarlarının imkanının 78%-ə bərabərdi.

“Gas Infrastructure Europe” portalının məlumatına görə, Avropanın yeraltı qaz anbarlarında toplanan qazın həcmi 80,7 milyard kubmetrə çatıb. Yeraltı qaz anbarlarının ümumi tutumu isə 107 milyard kubmetrdir.

Portal qeyd edir ki, yeraltı qaz anbarları  daha çox Portuqaliya və Polşada doldurulur (100%-ə yaxın), ən az isə Latviya, Avstriya və Bolqarıstandadır. Qeyd olunur ki, Avropa Rusiyanın “Şimal axını” boru kəməri ilə mavi yanacağın nəqlinin azalması səbəbindən anbarları bahalı mayeləşdirilmiş təbii qazla doldurmalı olur.

Azərbaycan isə Avropa bazarlarında satdığı qaz həcmlərini get-gedə artırır, burada mavi yanacağın qiymətinin də artımı ölkəmizin qaz qazancını kifayət qədər yüksək edir.

Qaz gəlirlərimiz. Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən, 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 12 milyard 704 milyon 180,01 min kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 5,3% çoxdur.

Hesabat dövründə qaz ixracının payı Azərbaycanın ümumi ixracında xüsusi çəkisi 36,43%-dək yüksəlib. Xatırladım ki, 2021-ci ilin yanvar-iyul aylarında bu göstərici 17,68% idi. Yəni qazın Azərbaycanın ümumi ixracındakı payı cari ildə 2 dəfədən çox artıb.

İlin ilk 7 ayının yekunlarına görə, Azərbaycan qazının ixrac dəyəri $8 milyard 219 milyon 974,17 min (artım 4,1 dəfə) təşkil edib.

Dövlət Gömrük Komitəsinin rəsmi rəqəmlərindən çıxış etsək, Azərbaycan 1000 kubmetr qazını ortalama olaraq 647 dollardan ixrac edib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan 18,95 milyard kubmetr qaz ixrac edib. Avropaya qaz ixracının həcmi isə 8,2 milyard kubmetr ətrafında olub. Bu il Avropaya Azərbaycan qazının ixrac həcmlərinin 12 milyard kubmetrə qədər artımım proqnozlaşdırılır.

Qaz idxalı. Azərbaycan 2022-ci ilin I yarısında 358 milyon 946,91 min kubmetr qaz idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 33,5% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin rüblük hesabatında bildirilir.

Sənədə əsasən, Azərbaycana idxal olunan qazın dəyəri $34 milyon 390,42 min (artım 3,4 dəfə) təşkil edib.

Hesabat dövründə Azərbaycana qaz idxalının strukturunda $31 milyon 881,85 min dəyərində 292 milyon 855,73 min kubmetr qaz (81,6%) Türkmənistanın payına düşüb. İrandan isə $2 milyon 508,56 min dəyərində 66 milyon 91,19 min kubmetr qaz idxal olunub.

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycana qaz idxalı yalnız İrandan həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə İran qazının idxal həcmi 75,4% azalıb.

Rəsmi statistikaya əsasən, 2021-ci ildə Azərbaycan $19 milyon 385,42 min dəyərində 510 milyon 564,9 min kubmetr qaz idxal edib. İdxalın bütün həcmi İranın payına düşüb. 

Azərbaycan, İran və Türkmənistan arasında imzalanmış üçtərəfli sazişə əsasən 2022-ci ilin yanvar ayında Türkmənistan qazının İran ərazisindən Azərbaycana nəqlinə başlanılıb. Saziş Azərbaycana ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının nəql edilməsini nəzərdə tutur. 

“Şahdəniz”də qaz hasilatı müvəqqəti dayandırılır. “BP-Azerbaijan” şirkəti həftənin əvvəlində profilaktik işlərlə əlaqədar “Şahdəniz” qaz yatağındakı “Alfa” platformasında hasilatı avqustun 14-dən başlayaraq 14 gün ərzində dayandıracağını bəyan edib. 
Plana əsasən, Səngəçal terminalının "Şahdəniz-1" hissəsində vacib təhlükəsizlik avadanlıqlarının qabaqlayıcı profilaktikası və yoxlama işləri, məşəl kabellərinin dəyişdirilməsi, yeni qaz analayzer avadanlıq dəstinin quraşdırılması (metan qazı intensivliyini ölçmək üçün), monoetilen glikol xəttinin təzyiq artımından qorunması üçün bəzi işlər, ventillərin dəyişdirilməsi, nukleonik mənbələrin dəyişdirilməsi və s. kimi profilaktik əməliyyatlar və yoxlamalar həyata keçiriləcək.

“Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2021-ci ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2022-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. “Alfa” platformasının müvəqqəti dayandırılması da bu ilin hasilat planına daxil edilib”, - deyə məlumatda qeyd olunur.

Yəni bu işləri keçirməkdə məqsəd 2006-cı ilin sonundan “Alfa” platformasında davam edən qaz və kondensat hasilatının gələcək illərdə də stabil və təhlükəsiz həyata keçirilməsini təmin etməkdir. Bu platformadan ildə 10 milyard kubmetr qaz hasil edilir.

BP-nin Azərbaycanda ən böyük qaz hasilatı platforması isə “Mərhələ-2” çərçivəsində inşa edilmiş “Bravo” platformasıdır. Cari ildə bu platformadan layihə gücündə - ildə 16 milyard kubmetr olmaqla təbii qaz hasilatı gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin