Qanunsuz qum hasilatı aşkarlandı - 2 milyondan çox ziyan vuruldu

Hazırda oxunan: Qanunsuz qum hasilatı aşkarlandı - 2 milyondan çox ziyan vuruldu

89429

Abşeron və Hacıqabulda qanunsuz qum hasilatına görə cinayət işi başlanılıb. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, son dövrlər baş verən ekoloji pozuntular sırasında getdikcə daha böyük narahatlığa səbəb olan qanunsuz qum-çınqıl hasilatıdır. Bu təbii sərvətin məsuliyyətsiz və vicdansız istifadəsi nəticəsində ərazinin ekosistemi dəyişməklə yanaşı, təbiətə bərpa olunmayan zərər dəyir. 

Prokurorluq orqanları tərəfindən ekoloji qanun pozuntularına yol vermiş hüquqi və fiziki şəxslərə qarşı kompleks tədbirlər davam etdirilir. 

Aparılan kompleks tədbirlərin davamı kimi, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Abşeron və Hacıqabul rayonlarının ərazisində qanunsuz qum hasilatı aparılması nəticəsində yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması faktları ilə bağlı araşdırmalar aparılıb. 

Müəyyən olunub ki, Abşeron rayonu 1 nömrəli Hövsan Südçülük sovxozunun ərazisində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi özbaşına tutulmaqla, həmçinin Hacıqabul rayonunda yerləşən “Qalmaz” adlı ərazidə dövlətə məxsus torpaq sahəsində on minlərlə kub metr həcmində qumun qanunsuz hasilatı aparılıb. 
Ümumilikdə iki milyon manatdan çox ziyanın dəyməsi ilə nəticələnmiş faktlar üzrə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 255.2-ci (255.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün daxili işlər orqanlarına göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin