“Nazir Azad müəllim dedi ki, əcəb eləmisən” – MMA İdman ustası başına gələn hadisəni DANIŞDI

Hazırda oxunan: “Nazir Azad müəllim dedi ki, əcəb eləmisən” – MMA İdman ustası başına gələn hadisəni DANIŞDI

89287

“2016-cı ildə Ukraynanın Lvov şəhərində “Kontu-sanda” üzrə Avropa çempionatı keçirilirdi. Mən də öz çəki dərəcəmdə ölkəmizi təmsil edirdim. Arenada mənim və rəqibimin adı elan edildi və bizi rinqə dəvət etdilər. Mən rinqə yaxınlaşarkən birdən səs-küy eşitdim. Çevrilib baxanda gördüm ki, bir dəstə başıpozuq erməni qondarma “Artsax”ın “bayrağ”nı yelləyib nəsə qışqırırlar. Həmin anda onların nə qışqırmasını tam anlamasam da “bayrağ”ı görəndə əsəblərim tarıma çəkildi. Bu dəfə manejə tərəf yox, həmin başıpozuq dəstəyə tərəf qaçdım. Cumub o əski parçasını erməni gədələrinin əlindən alıb ayaqlarım altına atdım”. 

Bu fikirləri MMA idman növü (Mixed Martial Arts – Qarışıq Döyüş Sənətləri) üzrə döyüşçü Yusif Qasımov Bizim.Media ilə söhbətində deyib. 

O, bildirib ki, bu hərəkətimə görə məni rinqə buraxmadılar, sonda məni yarışlardan tamamilə uzaqlaşdırdılar:

“Allah rəhmət eləsin, Azad müəllimə (sabiq Gənclər və İdman naziri) bunu bilmişdi. Bakıya qayıdan kimi məni qəbuluna çağırdı. Bu hərəkətimə görə mənə minnətdarlıq etdi. Sonradan öyrəndim ki, bu görüşdən sonra mənə mükafat olaraq Federasiyaya 3 min manat pul mükafatı veriblər. Nə isə...”

Yusif Qasımov Saatlı rayonunda doğulsa da Bakıda böyüyüb, boya-başa çatıb. Uşaq vaxtlarından da idmanla məşğuldur. Bu vaxtadək 50-dən artıq yarışın qalibi olub. 2016 və 2017-ci ildə Azərbaycan çempionatında kürsünün ən yüksək pilləsinə qalxıb. 2018-ci ildə isə BUDO Federasiyasının keçirdiyi çempionatda qalib adını qazanıb. Həmçinin, AFC-Qlobal təşkilatının çempionu olub. MMA döyüş növü üzrə isə bu vaxtadək 6 dəfə peşəkar rinqə çıxıb ki, onların da 5-ndə döyüşü qələbə ilə başa vurub.

Uzun illər tanınmış məşqçi Xamiz Məmmədovun rəhbərliyi altında çalışıb. Xamis müəllim dünyasını dəyişdikdən sonra isə Ruslan Əfəndiyevlə işləyir. Qəhrəmanımız hazırda beynəlxalq turnirə hazırlaşdığını deyir:

“Ən böyük arzum MMA üzrə ən ali mükafatı Azərbaycana gətirməkdir. Və təbii ki, hər zaman, hər yerdə Azərbaycan bayrağını zirvələrə daşımaq həm bir idmançı, həm də vətəndaş kimi mənim əsas vəzifəmdir”.

Sonda Yusif yarışlarda rastlaşdığı daha bir maraqlı xatirəni danışdı: 

“2019-cu ilin yanvarında Dərbənddə Beynəlxalq turnir keçirilirdi. Bütün rəqiblərimi məğlub edib finala çıxdım. Final isə yanvarın 20-ə təsadüf etmişdi. Rəqibim isə rus idi. İnanmazsınız ki, görüş ərəfəsində nə qədər həyəcanlı idim. 20 yanvar günü rinqə çıxıb, qalib gəlməmək mənim üçün ölümə bərabər idi. Üstəlik, qarşımdakı rus idi. Bütün qüvvəmi və fikrimi döyüşə cəlb elədim. Allahıma çox şükür ki, qələbə mənimlə oldu. Sevincdən necə ağladığımı təsəvvür edə bilməzsiniz...”

Surxay Atakişiyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin