Paytaxtın Atatürk parkındakı acınacaqlı vəziyyət davam etməkdədir. Artıq neçə müddətdir ki, parkın Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişdiyi yerdə xeyli ərazi hasara alınıb. Bu hasar həm sakinlərin-gediş gəlişinə mane olur, həm də ərazidəki yaşıllıqlar məhv edilir. Üstəlik, ərazi zibilxanaya çevrilib.
Bu barədə Bizim.Media olaraq geniş araşdırma aparıb vəziyyəti sağlamlaşdırmağa çalışmışdıq.
MÖVZU İLƏ BAĞLI:
Atatürk Parkında məhv edilən ağaclar və “eyş-işrət” məclisi - FOTOFAKT
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sahibkarın axtarılması ilə bağlı açıqlama da verilmişdi. Ancaq keçən müddət ərzində heç bir nəticə hasil olmayıb. İnsanlar da sosial şəbəkələrdə burada olan eybəcər mənzərə ilə bağlı vaxtaşırı narahatçılıqlarını paylaşırlar.
Təbii ki, türk dünyasının böyük oğlunun adına olan parkın bu vəziyyətdə olması heç birimizə baş ucalığı gətirmir. Ona görə də problemi bu dəfə ziyalılarla müzakirə etmək qərarına gəldik.
Millət vəkili Fazil Mustafa Bizim.Media ilə söhbətində parkdakı məlum vəziyyətə görə, çox təəssüfləndiyini bildirdi:
“Əvvəla, məsələyə ordan yanaşmaq lazımdır ki, hansısa görkəmli şəxsiyyətə ehtiram əlaməti olaraq nəsə yaradırıqsa, sona qədər də o ehtiramı saxlamalıyıq. Təbii ki, böyük Atatürkün adına salınan parkdakı vəziyyət onun şəninə yaraşmır. Və mən belə halları pisləyirəm”.
İkincisi, dünyanın hər yerində bu cür parklar bələdiyyələrin mülkiyyətində olur. Və bələdiyyələr də özlərinə borc bilir ki, ərazilərindəki parkları təmiz və abad saxlasın. Amma bizdə parkları quran icra hakimiyyətləridir. Onlar bu parkları dövlət vəsaiti hesabına inşa edirlər. Sonra isə onun saxlanması üçün də dövlətdən vəsait tələb olunur. Bu vəsait verilməyəndə isə parklar qalır baxımsız. Belə hesab edirəm ki, dövləti bu cür yüklərdən azad etmək lazımdır. Parklar verilməlidir bələdiyyələrə və onlardan da tələb olunmalıdır”.
Fazil Mustafa məsələnin digər tərəfinə də toxundu:
“Ola bilsin ki, hasara alınmış ərazi hansısa sahibkara verilib. Amma sonradan bəlli səbəblərə görə sahibkarın orada tikinti işləri aparmasına əngəllər törədilir. Belə vəziyyətdə sahibkarı da qınamaq düz deyil ki, “parkı pis günə qoymusan”.
Surxay Atakişiyev, Bizim.Media