Müharibədə yaralanan qazilərin tibbi-sosial ekspertizasına başlanılır

Hazırda oxunan: Müharibədə yaralanan qazilərin tibbi-sosial ekspertizasına başlanılır

8870

Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası məsələlərinin həlli məqsədilə Nazirlər Kabinetinin Qərarı əsasında aidiyyəti dövlət orqanlarının səlahiyyətli şəxslərindən ibarət olmaqla yaradılmış komissiyanın ilk iclası keçirilib.

Bizim.Media xəbər verir ki, komissiyasının tərkibinə Azərbaycan Respublikası müdafiə, səhiyyə nazirlərinin müavinləri, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri, Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının səlahiyyətli şəxsləri daxil edilib.

Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun böyük tarixi Zəfər əldə etdiyi Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələri kimi, müharibədə xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçuların da sosial müdafiəsi diqqət mərkəzindədir.

Son bir ayda da 125 hərbçiyə 530 reabilitasiya vasitəsi verilib, 6 hərbi qulluqçu yüksək texnologiyalı 8 protezlə təmin olunub.

Ehtiyacı olanlara sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilir.

S.Babayev, bu görüşlər zamanı, eyni zamanda, xəsarət almış hərbi qulluqçuların sağlamlıq vəziyyəti, tibbi-sosial ekspertizası üçün də məlumatlar toplandığını, amputasiya halları ilə bağlı onlardan bir qisminə artıq uyğun əlillik dərəcələri təyin olunduğunu qeyd edib.

O bildirib ki, hazırda ilk iclası keçirilən bu komissiya da ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasının operativ, vaxtında, keyfiyyətlə, mərkəzləşmiş şəkildə həyata keçirəcək.

Komissiyada təmsil olunan orqanların nümayəndələrindən ibarət olmaqla, hər bir region üzrə işçi qrupları fəaliyyət göstərəcək.

Bu işçi qrupları həmin hərbi qulluqçuların birgə əyani müayinəsi, onların xəsarət və xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyən edilməsi işini aparacaq.

Bundan sonra müvafiq tibbi sənədlərin elektron sistemə daxil edilməsi və əlilliyin qiymətləndirilməsi aparılmaqla prosesin operativ, şəffaf və keyfiyyətlə icrası təmin olunacaq.

Əlillik təyinatları aparılmış hərbi qulluqçulara sosial ödənişlərin təyinatı da elə əlillik təyin olunan gün proaktiv şəkildə, elektron sistem üzərində avtomatik şəraitdə həyata keçiriləcək. Eyni zamanda, onların reabilitasiya xidmətləri ilə əhatə olunması işləri aparılacaq.

İclasda komissiya tərəfindən görüləcək işlər müzakirə olunaraq tədbirlər planı təsdiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin