Dünya bazarında qiymətlər UCUZLAŞIR – Azərbaycana təsiri olacaqmı? 

Hazırda oxunan: Dünya bazarında qiymətlər UCUZLAŞIR – Azərbaycana təsiri olacaqmı? 

88661

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı dünya ərzaq qiymətləri indeksinə görə, son 4 aydır qlobal ərzaq bazarında kəskin ucuzlaşma müşahidə edilir.

FAO-nun məlumatına görə, dünya ərzaq qiymətləri indeksi iyun ayıyla müqayisədə ötən ay 8,6 faiz azalaraq 140,9 bəndinə düşüb.

Ekspertlər ərzaq bazarında son 14 ilin ən kəskin ucuzlaşmasının yaşandığını bildirirlər. Qlobal miqyasda baş verən ucuzlaşma - taxıl, bitki yağları, süd, ət və şəkər məhsullarında daha çox hiss olunur.

Taxıl məhsulları 11,5 faiz ucuzlaşıb

FAO-dan bildirilir ki, taxılın qiyməti ötən ayla müqayisədə 11,5 faiz azalıb. Bu dövrdə indeksdə təmsil olunan bütün taxıl məhsullarının qiymətində azalma baş verib.

Qiymətlərin enməsi Ukraynanın taxıl ixracındakı maneələrin aradan qaldırılması və Şimal yarımkürəsində məhsul yığımının başlamasıyla əlaqəqələndirilir. Açıqlanan məlumatlara görə, buğdanın qiyməti aylıq 14,5 faiz ucuzlaşıb.

Şəkər məhsulları 3,8 faiz ucuzlaşıb

Braziliya valyutasının dəyərdən düşməsi və ölkədə hasilatın gözləniləndən yüksək olması səbəbindən, şəkər məhsullarının qiymət indeksi aylıq 3,8 faiz azalaraq 112,8 bəndinə geriləyib.

Süd məhsulları 2,5 faiz ucuzlaşıb

Süd məhsullarının qiymət indeksi də iyun ayına nisbətən 2,5 faiz azalaraq 146,4 bəndinə geriləyib. Ən çox azalma kərə yağının, quru, yağlı və yağsız südün qiymətlərində müşahidə olunub.

6 aylıq qiymət artımından sonra ət məhsullarının qiymətidə cuzi də olsa 0,5 faiz azalıb.

Bitki yağı məhsulları 19,2 faiz ucuzlaşıb

Bitki yağı qiymətləri indeksi 19,2 faiz azalaraq, 10 ayın ən aşağı səviyyəsinə enib. Kəskin azalmaya dünya bazarında palma, soya, kolza və günəbaxan yağlarının qiymətlərinin aşağı düşməsi səbəb olub. Palma yağının qiyməti 4-cü ayda da ucuzlaşıb.

FAO-nun məlumatlarından da aydın olur ki, bir neçə aydır dünya miqyasında ərzaq məhsullarının qiymətində nəzərə çarpacaq dərəcədə azalmalar baş verir. Ekspertlər növbəti aylarda qiymətlərin bir qədər də ucuzlaşacağını istisna etmirlər.

Bəs bu ucuzlaşma Azərbaycan bazarına necə təsir edəcək?

Məsələyə münasibət bildirən tanınmış iqtisadçı - ekspert Əkrəm Həsənov dünya bazarındakı ucuzlaşmanın ölkəmizə çox az səviyyədə təsir edəcəyini söylədi:

“Bunun da bir neçə səbəbi var. Birincisi, dünya bazarında nəzərə çarpan qiymət enişi pandemiyanın və Ukrayna- Rusiya müharibəsinin yaratdığı qiymət artımının fonunda baş verir.

Ona görə də bu qiymət enişi ölkəmizin istehlak bazarına çox cüzi səviyyədə təsir edəcək.

Yəni dünya bazarındakı qiymətlərin 2020-ci ilin yazındakı qiymətlər səviyyəsinə enməsinə hələ çox var. Qiymətlərin enməsinə Türkiyənin təşəbbüsü ilə Ukraynadan taxıl məhsullarının dünya bazarına çıxarılması da öz təsirini göstərir. Ona görə də bu prosesin hər an dayanma qorxusu var.

İkincisi, Azərbaycan hökümətinin müdaxilələrindən sonra ölkəmizdəki qiymət artımı dünya bazarındakı qiymət artımı ilə müqayisədə xeyli zəifdir.

Yəni hökümətimiz müəyyən iqtisadi alətlərdən istifadə edərək kəskin qiymət artımının qarşısını aldı. Ona görə də dünya bazarında baş verənlər fonunda ölkəmizdə qiymətlər ən yaxşı halda sabitləşəcək. Qiymətlərsə düşməyəcək.

Üçüncüsü, Azərbaycan balaca ölkə olduğu üçün dövlət bu və ya digər şəkildə qiymətlərə müdaxilə edə bilir.

Ona görə də hökümət üçün prioritet mənim fikrimcə hazırkı qiymətləri saxlamaqdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin