Qəzalı vəziyyətdə olan 2 əsrlik abidə nə vaxt RESTAVRASİYA olunacaq? - Turizm Agentliyi də BİLMİR 

Hazırda oxunan: Qəzalı vəziyyətdə olan 2 əsrlik abidə nə vaxt RESTAVRASİYA olunacaq? - Turizm Agentliyi də BİLMİR 

87898

Lahıcın mərkəzində yerləşən və tarixi 2 əsrdən çox vaxta gedib çıxan “Hacı Qurban” mülkünün məhv olma təhlükəsi ilə üz-üzə qaldığını xəbər vermişdik. Turistlərin ən çox üz tutduğu  tarixi tikili son zamanlar baxımsızlıqdan çökür və ciddi restavrasiyaya ehtiyacı var. 

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin mətbuat katibi Fərəh Sabirqızı Bizim.Media-ya bildirilib ki, sözügedən tikili xüsusi mülkiyyətdədir və mühafizə olunan tarixi abidələr siyahısına aid deyil:
 

MÖVZU İLƏ BAĞLI:

Lahıcda 2 əsrlik tarixi abidə MƏHV OLUR - FOTO


“Bu tikilinin qəzalı vəziyyətdə olması, yaşayış üçün uyğun olmamasına dair  Fövqəladə Hallar Nazirliyinin müvafiq qərarı mövcuddur və bu səbəbdən həmin tikiliyə turistlər buraxılmır. Dövlət Turizm Agentliyi tərəfindən tabeliyindəki qoruqların ərazisində yerləşən tarixi və mədəni, eləcə də turizm əhəmiyyətli abidələrin müəyyənləşdirilməsi, qorunması və bərpası üzrə mütəmadi olaraq işlər həyata keçirilir. Qoruqların ərazisində bu cür abidələrin sayı çox olduğundan zəruri restavrasiya işləri növbəli şəkildə aparılır”.

Agentlikdən o da qeyd olunub ki, Dövlət Turizm Agentliyinin tabeliyindəki “Qoruqları İdarəetmə Mərkəzi”nin əsas vəzifələri Qoruqların ərazilərində yerləşən maddi-mədəni və qeyri-maddi tarixi irs nümunələrini qorumaqla onlardan turizm məqsədli səmərəli istifadəni təşkil etməkdir:

“Həmçinin qoruqlardan məqsədyönlü istifadəni təmin etməklə onların ərazilərində effektiv inzibati və maliyyə idarəçiliyini tətbiq etmək, Qoruq ərazilərində turizm marşrutlarını müəyyən etməklə onların turizm potensialını inkişaf etdirmək, tarix-mədəni irs nümunələrinin mühafizəsinə və təbliğinə dair tədqiqat işlərini dəstəkləyib ictimai maarifləndirməni artırmaqdan ibarətdir”. 

Məlumat üçün bildirək ki, 3 mərtəbəli 72 otaqlı mülkü İsmayıllının Lahıc qəsəbəsində 1823 -cü ildə Girdiman çayının sahilində o dövrün varlı şəxsləri olan Hacı Paşa və Hacı Qurban qardaşları inşa etdirib.

Binaya giriş iki tərəfdən mümkündür: Girişin biri Bədəvan məscidi tərəfdən, ikincisi Girdiman çayının sol sahili istiqamətindəndir. Abidəni Lahıc camaatı "Hacılar həyəti" də adlandırırlar.

Qeyd edək ki, Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin dünya, ölkə və yerli əhəmiyyət dərəcələrinə görə bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilir. 

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin