"Viktoriya" ilə ilk oyunu Bakıda keçirmək üstünlükdür" - Qurban Qurbanov 

Hazırda oxunan: "Viktoriya" ilə ilk oyunu Bakıda keçirmək üstünlükdür" - Qurban Qurbanov 

87825

"Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə oyunlara böyük ümidlərlə hazırlaşacaq, əlimizdəki şanslardan yararlanmağa maksimum çalışacağıq". 

Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib. 

50 yaşlı mütəxəssis "Viktoriya" ilə duelin əhəmiyyətini çox yaxşı anladıqlarını vurğulayıb:

"Bilirik ki, bu rəqibi də üstələsək, Çempionlar Liqasının qrup mərhələsinə düşəcəyik. Daha yaxşı, daha istəkli olmalı və daha da səhvsiz oynamağa çalışmalıyıq. Rəqibi tam təhlil edəndən sonra daha ətraflı fikir bildirmək olar. Hər halda bu komanda Çempionlar Liqasının pley-offuna elə-belə gəlməyib. Ümumiyyətlə, Çexiya futbolu çox intizamlıdır. Çox yaxşı müdafiə xətləri olur, standart vəziyyətlərdə xeyli təhlükəli olurlar. Tam təhlil etdikdən sonra rəqibə qarşı yaxşı oyun qurmaq və uğurlu nəticə əldə etmək üçün ən yaxşısını ortaya qoyacağımıza inanıram". 

Qurbanov ilk görüşü Bakıda keçirmələrini komandası üçün üstünlük saydığını gizlətməyib:

"İlk oyunun Bakıda olmasına gəldikdə, xeyirlisi, qismətimizdə budursa, razılaşmalıyıq. İlk matça ciddi hazırlaşmalıyıq. İnanıram ki, ev oyunu üstünlüyümüz olar". 

Baş məşqçi pley-off mərhələsinədək heyətə yeni oyunçu cəlb etməyin mümkünlüyünü də dilə gətirib. Qurbanovun fikrincə, bu, baş verməsə belə, hazırkı heyət də hədəfə çatmaq üçün yetərlidir:

"Müdafiə xətti ilə bağlı hazırda hər hansı fikrimiz yoxdur. Amma ola bilər ki, digər mövqelərə hər hansı dəyişiklik olsun. Olmasa belə, hazırkı heyət yetərlidir və çox istəklə çıxış edirlər, çox həvəslidir. İstədiyimiz oyunçuları əldə edə bilsək, mütləq götürəcəyik, olmasa, elə bu heyətlə də davam edəcəyik". 

Report.az-ın məlumatına görə, təcrübəli mütəxəssis III təsnifat mərhələsində "Ferentsvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gəldikləri cavab görüşündən də danışıb. O, komandasının istənilən oyunu ortaya qoyduğunu söyləyib:

"Əlbəttə, oyunu ələ almaq, üstünlüyü öz tərəfinə keçirmək istəyirsən. Bunlar bəzən alınır, bəzən yox. Bəzən də rəqib oyuna daha yaxşı başlayır. Sevinirik ki, cavab görüşü bizim üçün çox yaxşı başladı. Erkən qol vurmaq istəyirdik, bu da alındı. Deməzdim ki, rəqibi yaxşı təhlil etmişdik və ya əlavə bir şey ortaya qoyduq. Sadəcə, düşündüyümüzü daha yaxşı etdik və rəqibə qarşı daha sıx oynadıq. Şadıq ki, hər şey bizim tərəfimizdə oldu. Oyundan əvvəl və sonra rəqib baş məşqçi Stanislav Çerçesovla görüşümüz oldu. Qarşılaşmanın ardından bizi qələbə münasibətilə təbrik etdi". 

Qeyd edək ki, "Qarabağ" "Viktoriya" ilə ilk oyununu 16/17 avqustda evdə, cavab görüşünü bir həftə sonra səfərdə keçirəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin