Bakının Xətai rayonunda 2000-ci il təvəllüdlü Həsən Orucov riyaziyyat fənni üzrə müəllim olan Tehrana (adlar şərtidir – red.) xəsarət yetirib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə bu il yanvarın 24-də baş verib.
İstintaq orqanı tərəfindən Həsənin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. İş hakim Fuad Axundovun icraatında araşdırılıb.
“Döyüşlərdə yaralandım”
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Həsən elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 2018-2020-ci ilədək hərbi xidmətdə olub:
“2020-ci il sentyabrın 29-da könüllü olaraq torpaqların azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Ağdaş rayon komissarlığından yola düşərək Füzuli, Qubadlı və digər rayonların azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişəm.
Qubadlı rayonunun azad edilməsi istiqamətində gedən döyüşlərdə hər iki ayağımdan ağır yaralanmışam və kontuziya almışam. Qubadlı və Cəbrayılın azad olunmasına görə medallarla təltif edilmişəm. Bakı şəhəri 1 nömrəli dispanserdə müalicə almışam”.
“Müəllimin əxlaqsız hərəkət etdiyini dedi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Günel ilə tanış olub və onların arasında sevgi münasibəti yaranıb:
“2021-ci il dekabrın ortalarında Günel mənə 2016-cı ildə riyaziyyat fənnindən hazırlığa getdiyi Tehran adlı müəllimin ona qarşı əxlaqsız hərəkətlər edərək əlinə və sinəsinə toxunduğunu bildirdi. Bu hərəkətlərindən sonra Günel müəllimin yanından hazırlıqdan çıxıb. Güneldən Tehranın yaşadığı ünvanı istəsəm də, Günel həmin ünvanı mənə demədi”.
“Başa düşmədiyimi yazdım”
Həsənin ifadəsinə görə, Tehran müəllimi cəzalandırmaq üçün onun yaşadığı ünvanı və mobil nömrəsini axtarmağa başlayıb:
“21 yanvar 2022-ci ildə Ağdaş rayonundan çıxaraq Bakı şəhərinə gəldim və soraqlaşaraq Tehranın mobil nömrəsini tapdım. Bakı şəhərində yaşasam da, tez-tez Ağdaş rayonuna gedib-gəlmişəm. Bundan sonra Tehranın “Whatsapp”ına yazdım ki, savadlı müəllim olduğunu eşitmişəm, məndə həll etmək üçün misallar var. Misalları həll etməkdə mənə köməklik etməsi üçün yaşadığı ünvana gəlmək istədiyimi dedim. Tehran isə razılaşmadı və kim olduğumu soruşdu.
Onu tanımadığımı, həll edilməli çətin misallar olduğunu, evdə tələbə yoxdursa, gəlmək istədiyimi bildirdim. Tehran isə misalları göndərməyimi istədi. Özümdən bir neçə misal yazaraq ona göndərdim. Tehran həmin misalları həll edərək mənə göndərsə də, ona misalların həllini başa düşmədiyimi yazdım, üz-üzə başa salmasını xahiş etdim. Tehran yenə də mənimlə razılaşmadı və görüntülü yığaraq misalların həllini başa salacağını bildirdi”.
“Gizli izlədim, ünvanı tapdım”
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra bir neçə dəfə yığsa da, Tehran ona cavab verməyib:
“Günelin bacısı Nərgiz Tehran müəllimin yanına riyaziyyat fənnindən hazırlığa getmişdi. Buna görə də gizlin olaraq Nərgizi izlədim, Tehranın yaşadığı ünvanı tapdım”.
Həsən qeyd edib ki, yanvarın 24-də saat 12 radələrində Tehranın yaşadığı ünvana gedib:
“Mənzilin qapısını döydüm. Həmin vaxt qapını Tehran açdı. Tehranda şübhə yaratmamaq üçün onunla görüşüb, hazırlaşmaq üçün yanına gəldiyimi, imtahan vermək üçün hazırlaşmaq istədiyimi, əvvəllər bir dəfə imtahan verərək ödənişli təhsilə düşdüyümü, yenidən hazırlaşaraq imtahan vermək istədiyimi bildirdim. Tehran isə artıq gec olduğunu, mart ayında imtahan olacağını bildirdi. İsrar edərək hazırlaşmaq istədiyimi bildirdim”.
“Qızlara əl ataraq əxlaqsız hərəkətlər etdiyini soruşdum”
Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra Tehran onu yoxlamaq məqsədi ilə yaşadığı mənzilə dəvət edib:
“Tehran dərs keçdiyi otağa daxil olan zaman mənzildə bir qız uşağının da hazırlığa gəldiyini gördüm. Tehran bilik səviyyəmi yoxlamaq üçün bir neçə test verdi, həll etməyimi tapşırdı. Testlərdən bəzilərini həll etsəm də, Tehran zəif olduğumu dedi. Zəif olduğuma görə başqa müəllimi məsləhət gördü. Bu zaman özümdə olan oyuncaq tipli tapançanı ona tuşladım. Tehran həqiqi silah olduğunu düşündü, qorxusundan səsini çıxarmadı. Ona nə üçün yanına hazırlığa gələn qızlara əxlaqsız hərəkətlər etdiyini soruşdum.
Tehran hansı qıza belə bir hərəkət etdiyini soruşdu. Ona heç bir söz demədim, ünvanına nalayiq ifadələr işlədərək əlimdə olan tapança ilə bir neçə dəfə başından vurdum. Sonra tapançanı belimə qoydum. Yumruq zərbəsi ilə ağız və sifət nahiyəsindən vurdum.
Bu vaxt Tehranın ağzından qan gəldi. Həmin vaxt mənzildə hazırlığa gəlmiş qız qorxaraq qışqırdı. Qız mobil telefonunu götürərək kiməsə zəng etmək istədi. Ondan telefonu aldım. Hadisə zamanı həmin qız xəsarət almayıb”.
“Cəzalandırdığımı bildirdim”
Həsən qeyd edib ki, Tehranı cəzalandırmaq üçün onu söyüb, təhqir edib, bunları mobil telefon vasitəsi ilə video çəkiliş edib:
“Bir müddət sonra blokdan səs-küy gəldiyini eşitdim, mənzilin giriş qapısına doğru getdim. Həmin qızın mobil telefonunu qaytararaq mənzili tərk etdim. Sonra Tehranın video görüntüsünü tanışım Elvinə göndərdim, Tehranı Günelə qarşı etdiyi əxlaqsız hərəkətə görə cəzalandırdığımı bildirdim”.
“Videonu sosial şəbəkədə yaydı”
Cinayət işi üzrə zərərçəkmiş Tehranın sözlərinə görə, Həsən onun mənzilinə gəlib və sonra onun istədiyi qıza əxlaqsız hərəkətlər etdiyini deyib:
“Ondan sevgilisinin kim olduğunu soruşsam da, cavab vermədi. Məni tapança ilə hədələdi, sonra döydü. Daha sonra mənə qarşı əxlaqsız ifadələr işlətdi, bunları videoya çəkdi. Blokda səs-küy gəldiyindən Həsən mənzili tərk etdi.
Sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Yaşadığım ünvana polislər gəldi, hadisə ilə bağlı ətraflı izahat yazdım. Daha sonra bu hadisənin yayılmaması üçün 102 xidmətinə zəng edərək şikayətimi geri götürdüm. Bundan sonra Həsən barəmdə çəkdiyi videonu sosial şəbəkədə yaydı. Mən də onun barəsində polisə yenidən şikayət etdim”.
Məhkəmənin hökmü ilə Həsənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.
Ona 1 il 6 ay sınaq müddəti olmaqla, 2 il şərti cəza verilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:40 / 10.08.2022
Gənc oğlan sevgilisinə əxlaqsız hərəkətlər edən müəllimi cəzalandırdı və videoya çəkdi - TƏFƏRRÜAT
Hazırda oxunan: Gənc oğlan sevgilisinə əxlaqsız hərəkətlər edən müəllimi cəzalandırdı və videoya çəkdi - TƏFƏRRÜAT
Hazırda oxunan: Gənc oğlan sevgilisinə əxlaqsız hərəkətlər edən müəllimi cəzalandırdı və videoya çəkdi - TƏFƏRRÜAT
87824
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.