Ötən gün “Atatürk Parkında məhv edilən ağaclar və “eyş-işrət” məclisi – FOTOFAKT” sərlöhvəli yazı dərc eləmişdik. Yazıda parkın bir hissəsindəki “ekoloji terror”dan və ərazidə nöqsanlardan söhbət açmışdıq.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Bizim.Media-ya yazılı cavab gəlib:
MÖVZU İLƏ BAĞLI:
Atatürk Parkında məhv edilən ağaclar və “eyş-işrət” məclisi - FOTOFAKT
“Bakı şəhəri, Atatürk prospekti ilə Həsən Əliyev küçələrinin kəsişməsindəki ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən məlumat araşdırılıb.
Sözügedən ünvana keçirilən baxış zamanı hasarlanmış ərazidə tullantıların və qurumuş ağac budaqlarının olduğu müəyyən edilib, lakin ağac kəsintisi faktı qeydə alınmayıb”.
Nazirlikdən o da bildirildi ki, hazırda torpaq mülkiyyətçisinin müəyyən olunması istiqamətində araşdırma aparılır:
“Mülkiyyətçi müəyyən olunduqdan sonra ərazinin təmizlənməsi və ağaclara aqrotexniki xidmət göstərilməsi təmin ediləcək”.
Mövzunun aktuallığını nəzərə alıb müvafiq icra qurumlarının da mövqeyini öyrənməyə çalışacağıq.
Surxay Atakişiyev, Bizim.Media