Qusarın Çiləgir kənd məzarlığında uyuyan Birinci Qarabağ Müharibəsi şəhidi Fərhad Hacıyevin qəbirüstü abidəsi bərpa olunub.
Bizim.Media olaraq saytımızın 8 iyul 2022-ci il tarixli "Kimsəsiz şəhidin doğma kəndindəki ucuq-sökük Qərib məzarı" sərlövhəli yazı ilə bu barədə ətraflı yazı vermişdik.
O vaxt yazımıza dərhal reaksiya verən Çiləgir İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Edison Ələsgərov şəhidin məzarının 1 ay müddətinə bərpa edilib yenilənəcəyinə söz vermişdi.
Artıq icra nümayəndəsi verdiyi sözə əməl edib. Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov bu barədə Bizim.Media-ya məlumat verib.
Onun sözlərinə görə, özü, icra nümayəndəsi Edison Ələsgərov, Vətən Müharibəsi iştirakçısı, Qusar İh -nin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə iş şöbəsinin müdir müavini Tural Hüseynov və 1-ci Qarabağ Qazisi Təbrik Ağabalayev yığışıb öz vəsaitləri hesabına Fərhadın məzarını abadlaşdırıblar. İcra nümayəndəsi Edison Ələsgərov işlərin qısa vaxt ərzində tamamlanmasını təmin edib.
Canəli Hörmətov onu da məlumat verdi ki, Fərhad Hacıyevlə eyni gündə-1993-cü il oktyabrın 6-da hərbi xidmətə yollanıb. O, Fərhad Hacıyev və Təbruk Ağabalayev Horadiz istiqamətində qonşu kəndlərdə düşmənə qarşı vuruşublar.
Filial sədri illərdir bərbad olan şəhid silahdaşı Fərhadın məzarının yenilənməsinə sevindiyini və bu işdə əziyyəti keçən dostlarına, icra nümayəndəsinə minnətdarlığını bildirib.
Aytəkin Alxaslı, Bizim.Mddia, Şimal bürosu