Əhməd Qəşəmoğludan HƏYƏCAN SİQNALI – “İsmayıllıda oğlanların çoxu gedib, rayon qızlarla dolmuşdu”

Hazırda oxunan: Əhməd Qəşəmoğludan HƏYƏCAN SİQNALI – “İsmayıllıda oğlanların çoxu gedib, rayon qızlarla dolmuşdu”

86461

Azərbaycan selektiv aborta üstünlük verən ölkələr arasında birinci yerdə qərarlaşıb. Belə ki, son açıqlanan statistikaya görə Azərbaycan Çini geridə qoymaqla bu siyanının ilk pilləsinə yüksəlib. Ötən ilin rəsmi rəqəmlərinə əsasən Azərbaycanda 100 qıza 115 oğlan düşüb.

Bəs, bu cür vəziyyət gələcəkdə hansı problemlərə səbəb ola bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu göstəricini faciə kimi qiymətləndirmək doğru deyil:

“Bu rəqəmlərdən söhbət düşəndə, haray-həşir salırlar ki, gələcəkdə oğlanların sayı çox olacaq, evlənməyə qız tapılmayacaq və s. Lakin bunlar elə də qorxulu göstəricilər deyil. Oğlan uşaqlarının bir qədər çox doğulmasına ehtiyac var və bu, demoqrafik cəhətdən olduqca vacibdir. Çünki oğlan uşaqlarının böyük bir hissəsi orta məktəbi başa vurduqdan sonra ölkəni tərk edir, eləcə də yol qəzalarında, dava-dalaşda, müharibədə, hərbi xidmətdə olduğu vaxtlarda ölənlərin sayı çox olur. Və onlar gəlib 20 yaşına çatanda bu fərq qapanır”.

Sosioloq qeyd edib ki, oğlan və qız uşaqlarının eyni sayda doğulması daha böyük problem yaradır:

“Uzun müddət elmi mərkəzlərə rəhbərlik edən şəxs kimi deyə bilərəm ki, 80-ci illərdə ölkəmizdə belə bir problem var idi. Onda selektiv abort məsələsi də yox idi və doğum nisbəti eyni idi. Hətta o zaman belə oğlanların ölkəni tərk etməsi hesabına qızların sayı daha çox idi. Məsələn, həmin dönəmdə İsmayıllıda ciddi bir problem yaranmışdı, oğlanların çoxu getmişdi, rayon qızlarla dolmuşdu”.

Əhməd Qəşəmoğlu onu da diqqətə çatdırıb ki, daha çox oğlan uşağının dünyaya gəlməsi müəyyən həddə normal hesab oluna bilər:

“Düşünürəm ki, hər 100 uşaqda 15 nəfərlik fərq son həddir. Daha yüksək göstərici artıq qorxulu hesab oluna bilər”.

Sosioloq selektiv abortun yaratdığı mənəvi problemlərin daha təhlükəli olduğunu vurğulayıb:

“İnsanlar öz uşaqlarını məhv etmək üçün qərar qəbul edirlər. Valideynlər öz övladlarının qatilinə çevrilirlər. Bu cür şəxslər etiraf etməsə belə, onlarda şüuraltı dəyişikliklər baş verir. Onlar aqressivləşir, eyni zamanda qız uşaqlarına qarşı qətliam baş verir”.

Müsahibimiz statistikanın daha qorxulu həddə gəlib çatmaması üçün hansı tədbirlərin görülməli olduğunu da açıqlayıb:
 

“Təcili surətdə, bu sahənin ekspertlərinin, alimlərin iştirakı ilə televiziyalarda açıq söhbətlər təşkil olunmalıdır. Dini təşkilatlar aşxama kimi yas yerlərində mərasim keçirməməli, maarifləndirmə işi aparmalıdırlar.


Çünki dinin özünün də bu istiqamətdə qadağalar var. Təbii ki, qanunvericilikdə də sərtləşdirmələr olmalıdır. Lakin maarifləndirmə olmadan, hər nə qədər qadağaları artırsaq belə, abort etmək istəyən valideyn xarici ölkəyə gedib, yenə də bunu edə bilər. Maarifləndirməyə isə orta məktəblərdən başlamalıyıq. Eyni zamanda ciddi elmi araşdırmalar aparmaqla, Azərbaycan cəmiyyətinin xüsusiyyətlərini nəzərə almaqla fəaliyyət proqramı hazırlamaq lazımdır”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin