Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs HƏBS EDİLDİ - VİDEO

Hazırda oxunan: Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs HƏBS EDİLDİ - VİDEO

86143

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxsi aşkarlayaraq saxlayıb.

Bu barədə Bizim.Media-ya DTX-nin Mətbuat Xidmətindən bildirilib.

Quruma Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq əməllərinin törədilməsi və onların maddi vəsaitlərinin ələ keçirilməsi ilə bağlı çoxsaylı faktlar daxil olub. Bu məlumatlar əsasında  25 iyul 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşı, 1987-ci il təvəllüdlü Əliyev Elvin Firudin oğlu internet informasiya resurslarında Vətən müharibəsində iştirak etmiş şəxslər barədə məlumatlar toplayıb.

O, daha sonra  sözügedən şəxslərin yaşadıqları ərazilər üzrə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli şəxsləri ilə telefon əlaqəsi quraraq özünü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdiri kimi təqdim edib.

Bundan sonra birdəfəlik maddi yardım verilməsi adı altında onların vasitəsilə Vətən müharibəsi iştirakçıları olan Bəkərov Rüstəm İlham oğlu, Sofiyev Vasif Yusif oğlu, Əliyev Vüsal Fərhad oğlu, Quluzadə İsrail Hikmət oğlu, Əzimzadə Emin Alxas oğlu, Məmmədov Məhəmməd Ramiz oğlu və qeyriləri ilə mobil telefon əlaqəsi yaradıb.

Onlara dövlət tərəfindən birdəfəlik maddi yardım ayrılmasının nəzərdə tutulduğunu bildirməklə, həmin yardımın verilməsi üçün bank hesablarının açılması və digər cari xərclər adı altında hər birindən ayrı-ayrılıqda müxtəlif məbləğlərdə pul vəsaitlərini özünə məxsus bank hesabına köçürməklə dələduzluq edib.

Bu əməllərinə görə Elvin Əliyev 27 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan olunaraq, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda Elvin Əliyevin törətdiyi cinayət əməllərindən zərərçəkmiş şəxslərin tam dairəsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin