Gəncədə “Dəmir yumruq” tamaşası nümayiş olundu - FOTO 

Hazırda oxunan: Gəncədə “Dəmir yumruq” tamaşası nümayiş olundu - FOTO 

86025

2 saylı Gəncə regional ”ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə “Şuşa İli”nə həsr olunmuş “Dəmir yumruq” tamaşasının premyerası olub. 

Gəncə Dövlət Dram Teatrında yazıçı-şair, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Regional Bölməsinin sədri Xəzangül Hüseynovanın ssenarisi əsasında aktyor-rejissor Mətləb Təhmazinin quruluş verdiyi “Dəmir yumruq” tamaşası gənc könüllərin ifasında tamaşaçılara təqdim olunub.

2 saylı Gəncə regional ”ASAN xidmət” mərkəzinin könüllülər üzrə məsul şəxsi Səbinə Qəhramanovanın Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, mərkəzin könülləri mütəmadi olaraq vətənpərvərlik mövzularına müraciətlər edirlər:  

“Bildiyiniz kimi ”ASAN xidmət” mərkəzinin könüllüləri mütəmadi olaraq vətənpərvərlik, vətənə və torpağa məhəbbət, mərdlik-mübarizlik, dövlətə sadəqət mövzularında bədii kompozisiyalar hazırlayır, bir çox layihələr həyata keçiriblər. Bu teatr tamaşası da həmin proektlərdən biridir. Ölkə başçısı Cənab İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi bizi bu tamaşanı ərsəyə gətirməyə həvəsləndirdi. Biz yazıçı-şair, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Regional Bölməsinin sədri Xəzangül Hüseynovaya müraciət etdik və o da “Dəmir Yumruq” əsərini tamaşaya qoymağa icazə verdi. Tamaşanın ərsəyə gəlməsində zəhməti olan hər kəsə Xəzangül Hüseynovaya, quruluşçu rejissor Mətləb Təhmaziyə, Gəncə Dövlət Dram Teatrının rəhbərliyinə və kollektivinə minnətdarlığımızı bildiririk”.

Əvvəlcə 44 günlük Vətən müharibəsində şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tamaşada igidlərin, şəhidlərin qəhrəmanlığından, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük müharibədə yürütdüyü müdrik siyasətindən bəhs edilib. 

Tamaşanın ssenaristi yazıçı-şair, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Regional Bölməsinin sədri Xəzangül Hüseynova Bizim. Media-ya əsərin yaranma tarixindən danışıb:  

“Əsərin yaranmasında əsas səbəb Zəfər qələbəmizdir təbii ki. Tovuz hadisələrindən sonra Azərbaycanın qələbə əzminin artması, Müzəffər Ali Baş komandanın torpaqlarımızın azad edilməsi üçün hamının səfərbər olması barədə etdiyi müraciət və xalqın öz rəhbəri ətrafında “Dəmir Yumruq” kimi birləşməsi məni bu mövzuya toxunmağa ruhlandırdı. Bu əsərin bütün ştrixləri real həyatdan götürülüb. Burada Tovuz hadisələri, Gəncənin vəhşi ermənilər tərəfindən bombalanması, arxa cəbhədə insanların birliyi, gənclərin, yaşlıların doyüşlərə qatılmaq arzusu, istəyi, xalqın qələbə əzmi öz əksini tapıb”.  

Xəzangül Hüseynova bu əsərin gələcəkdə Gəncə Dövlət Teatrında, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Teatrın da səhnələşdiriləcəyinə ümid etdiyini bildirib:

“Bu əsər Gəncə Dövlət Teatrınin səhnələşdiriləcək əsərlər sırasındadır. Əvvəlcə bu mövzuya gənclərin, teatr təcrübəsi olmayan yeniyetmələrin müraciəti bir az məni narahat edirdi. Lakin məşqlər başladıqca gördüm ki, bu gənclər sanki əsəri mənimsəməyə başlayırlar. Artıq sonuncu tamamlama məşqlərində hiss etdim ki, tamaşa hamının ürəyincə olacaq. Hesab edirəm ki, premyera uğurlu alındı. Gənc olsalar da, ürəklərində vətən sevgisi olan bu vətənpərvər yeniyetmələr obrazları canlı ifa etməyə məvəssər oldular. Bütün zəhməti keçən hər kəsə öz minnətdarlığımı bildirirəm”. 
Premyera böyük alqışlarla sona çatdı. Tamaşadan sonra çıxış edən şair-yazıçı Xəzangül Hüseynova, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, teatrşünas-tənqidçi Anar Bürcəliyev, rejissor Mətləb Təhmazib və digərləri tamaşanın əhəmiyyətindən danışıblar.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu



























 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin