Bakıda falçının ŞOK ƏMƏLLƏRİ: Üç qadının pul-qızılını ələ keçirdi

Hazırda oxunan: Bakıda falçının ŞOK ƏMƏLLƏRİ: Üç qadının pul-qızılını ələ keçirdi

85836

Bakının Binəqədi 1962-ci il təvəllüdlü Vəsilə Babayeva (adlar şərtdidir – red.) üç nəfərə özünü falçı kimi təqdim edib və onların əmlaklarını ələ keçirib.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Vəsilə üç qadına qarşı dələduzluq edib.  

O onlara özünü falçı kimi təqdim edib. Vəsilə ona vergi verildiyini, cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə hər bir problemi həll edə biləcəyi barədə yalan məlumatlar verib, zərərçəkmişlərdən pul və qızıllar alıb.  

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.  
“Xidmət haqqı 20 manat almışam” 

Cinayət işi üzrə ifadə verən Vəsilə ittiham üzrə özünü qismən təqsirli bilib.  

O bildirib ki, 2017-ci ildən baxıcılıqla məşğul olub:  

“Allah tərəfindən mənə müəyyən uzaq görənlik, hiss etmə və digər bu kimi vergi verilib. Müəyyən hisslərlə hadisələri görmüşəm. Həmin hadisələrin baş verə biləcəyini çatdıra bilirdim. Həmin hadisələrin qarşısını ala bilirdim. Müraciət edən şəxsləri dinləyərək onların problemlərini özlərinə demişəm. Həmin problemlərin həll edilməsində köməklik edəcəyimi deyərək xidmət haqqı kimi hər bir nəfərdən 20 manat almışam”.  

“Onlar Moskvada yaşayıb” 

Təqsirləndirilən şəxs deyib ki, bu işləri əslən yəhudi olan Maria və Xava adlı şəxslərlə birlikdə görüb:  

“Vətəndaşlardan aldığım pul və qızıl ziynət əşyalarını ovsunlatdıraraq qaytaracağım adı ilə onlardan aldmışam. Pulları Maria və Xava adlı şəxslərə vermişəm. Maria və Xava Moskvada yaşayırlar. Arabir Azərbaycana gələrək İsmayıllı rayonunun İvanovka kəndində qalıblar. Onlarla həmin kənddə görüşmüşəm, xidmətə görə pul vermişəm”.  

Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş Rəqsanəni qızları – Bahar və Xumarın vasitəsi ilə tanıyıb:  

“Bahar və Xumarla isə qadın salonunda işləyən Turan adlı qadının vasitəsi ilə tanış olmuşam. Binəqədi rayonunda kirayə ev tutmuşam. Həmin ünvanda qalaraq müracət edən şəxsləri qəbul etmişəm”.  
“İşlərinin yaxşı olacağını bildirdim” 

Vəsilənin bildirdiyinə görə, həmin ünvanda ilk dəfə 2020-ci ilin aprel ayında Vüsaləni qəbul edib:  

“Vüsalə ərinin taleyinə baxmağımı istədi. Ona ərinin başqa qadınlarla görüşməsi barədə məlumat verdim. Vüsalə bunu təsdiq edərək ərinin qadınlarla görüşməsinin qarşısını almağımı istədi. Bu işinin qarşılığında hansı məbləğdə pul verəcəyini soruşdu.  

Vüsaləyə bu işin qiymətini Xavadan soruşacağımı bildirdim. Onlarla İsmayıllı rayonunda görüşdüm. Vüsalənin ailəsində baş verənlərlə bağlı Xavaya danışdım. Xava bu işi həll etmək üçün pul istədi. İşin qiyməti barədə Vüsaləyə dedim. Bunun qarşılığında ondan 1200 manat, 1 ədəd qızıl boyunbaq, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl klonu həmin kirayədə qaldığım evdə aldım. Vüsaləyə qızılları Maria və Xavaya verəcəyimi, Marianın qızıllara enerji verəcəyini və ondan sonra qaytaracağını, bundan sonra işlərinin yaxşı olacağını bildirdim”.  

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra İvanovka kəndində Maria və Xava ilə görüşüb:

“Qızılları Mariyaya, 1200 manatı isə Xavaya verdim”. 

“Kişini sevdiyini, həmin kişi ilə münasibətinin yaxşılaşdırılmasını istədi” 

Vəsilənin ifadəsinə görə, bundan başqa eyni üsulla qeyd olunan ünvanda 2020-ci ilin aprel ayında Püstə adlı xanımla görüşüb:  

“Püstə ərinin onu və uşaqlarını incitdiyini bildirdi. Həmçinin, mənə işlədiyi yerdə nüfuzunun olmasını istədi. Bundan başqa, Püstə işlədiyi yerdə hansısa kişini sevdiyini, həmin kişi ilə münasibətinin yaxşılaşdırılmasını istədi.  
Bunun qarşılığında Püstə 1000 manat, 1 ədəd qızıl boyunbaq, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl klonu həmin kirayədə qaldığım evdə mənə verdi. Pulu və qızılları götürdükdən sonra İvanovka kəndində Maria və Xava ilə görüşdüm. Qızılları Mariyaya, 1000 manatı isə Xavaya verdim. Həmin puldan da mənə çatmadı”.  

“Pul və maaş kartını verdi” 

Vüsalənin sözlərinə görə, 2020-ci il aprelin sonlarında Rəqsanə ilə kirayədə yaşadığı ünvanda görüşüb:  

“Rəqsanə həyatında olan kişidən danışdı. Həmin kişi həyatında olduğu vaxtda onun pullarını ələ keçirməsini və ona pisliklər etməsini bildirdi. Rəqsanə həmin kişinin yollarını bağlamağı, ona yaxın gəlməsinin qarşısını almasını məndən xahiş etdi. Bu işin qarşılığında Rəqsanədən 1500 manat istədim.  

Rəqsanə kirayədə yaşadığım evdə ilk dəfə 1100 manat, 400 manatın qarşılığında isə maaş kartını verdi. Ayın sonunda həmin kartdan 400 manat pulu çıxardım. 1100 manatı və kartı İsmayıllı rayonu İvanovka kəndində Maria və Xavaya verdim”.

Vəsilə qeyd edib ki, Maria və Xava Azərbaycandan gediblər və onu da aldadıblar:  

“Pullar və qızıllar onlarda qaldı. Törətdiyim cinayət əməlindən peşmanam. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəmişəm. Qalan hissəsini də barışıqda göstərilən şərtlər daxilində ödəyəcəm”.  

Binəqədi rayon Məhkəməsinin hökmü ilə Vəsilə 4 min manat məbləğində cərimə olunub.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin