Daha iki prospekt və bir küçədə avtobus zolağı çəkildi - VİDEO

Hazırda oxunan: Daha iki prospekt və bir küçədə avtobus zolağı çəkildi - VİDEO

8516

Əsas ictimai nəqliyyat dəhlizlərindən olan Qara Qarayev prospekti-Məhəmməd Hadi küçəsi-Gəncə prospektlərindən 43 marşrut xətti üzrə 700-dən artıq avtobus qismən və ya tam olaraq hərəkət edir. Gündəlik olaraq bu avtobuslarla 570 min nəfərdən artıq sərnişin daşınır.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, lakin mövcud nəqliyyat şəraiti, sıxlıq və tıxaclar hər gün ictimai nəqliyyatdan istifadə edən yarım milyondan artıq sərnişin lüzumsuz vaxt itkisinə məruz qalmasına səbəb olur: “İndiki halda avtobuslar bu dəhlizi iki dəfə artıq vaxt sərf etməklə keçirlər. Pik saatlarda bu müddət daha da artır”.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda yeni nəqliyyat dəhlizləri yaradıldı - FOTO


Qeyd olunub ki, sərnişinlərin rahatlığını təmin etmək, səyahət müddətini azaltmaqla onlara əlavə vaxt qazandırmaq məqsədilə dəhliz boyunca hər iki istiqamətdə avtobuslar üçün xüsusi zolaqlar təşkil edilib: “Zolaqların təşkili sayəsində avtobusların orta hərəkət sürəti artacaq, sərnişinlərin səyahət müddəti isə azalacaq. Avtobusların zolaq üzrə maneəsiz hərəkəti intervalın daha düzgün tənzimlənməsinə imkan verəcək. Bu da sərnişinlərin dayanacaqlarda toplu halında uzun müddətdə avtobus gözləməsi kimi hallar əhəmiyyətli dərəcədə azaldacaq".

"Müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəst hərəkətini təmin etmək mövcud pandemiya şəraitində xüsusi ilə əhəmiyyətlidir".

"Qara Qarayev prospekti üzrə təşkil olunmuş avtobus zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkəti günün bütün saatları üzrə qadağan ediləcək. Məhəmməd Hadi küçəsi və Gəncə prospektində isə avtobus zolaqları yalnız pik saatlarda, yəni səhər saat 08:00-dan 10:00-a kimi, axşam saatlarında isə 17:00-dan 20:00-a kimi qüvvədə olacaq. Bu barədə yol nişanlarının altında qüvvədə olma saatlarını bildirən lövhələr də yerləşdirilməkdədir".

"Avtobus zolaqları çəkilərkən mövcud “cib” tipli parklanma yerləri və taksi duracaq məntəqələri saxlanılıb, taksi minik avtomobillərinin və digər nəqliyyat vasitələrinin həmin taksi duracaq məntəqələrinə və parklanma yerlərinə daxil ola bilməsi üçün müvafiq nişanlanma xətləri vasitəsilə şərait yaradılıb. Həmçinin, həmin “cib” tipli parklanma yerləri müvafiq yol nişanları və nişanlanma xətləri ilə də təchiz edilib".

"Sürücülərdən xahiş edirik ki, zolaqlarla bağlı yol nişanın tələbinə əməl etsinlər. Zolağın tələbinə əməl edib avtobusların sərbəst hərəkətinə imkan yaradacağınıza ümid edir və buna görə əvvəlcədən təşəkkürümüzü bildiririk”.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin