Polisin 11 faizi qadınlardan ibarətdir – Onlar hansı sahələrdə çalışırlar? - DİN-dən ÖZƏL AÇIQLAMA 

Hazırda oxunan: Polisin 11 faizi qadınlardan ibarətdir – Onlar hansı sahələrdə çalışırlar? - DİN-dən ÖZƏL AÇIQLAMA 

85018

Müstəqilliyimizin ilk illərində DİN-də çalışan qadınların sayı demək olar ki, minimum idi. Polis formasında gördüyümüz xanımların sayının günbəgün artması əsasən ölkəmizdə gender siyasətinin gücləndirilməsi kimi qiymətləndirilir.

DİN orqanlarındakı kadr dəyişiklikləri, zərif cinsin nümayəndələrinin artan şəkildə əməkdaşlığa cəlb olunması təbii ki, xidmət səviyyəsində də, özünü göstərir. Hər zaman kişiləri görməyə adət etdiyimiz  bu güc strukturunda çalışan xanımlarımız şübhəsiz ki, qarşılaşdıqları situasiyalara, həmçinin cəmiyyətdə baş verən hadisələrə qadın psixologiyası ilə yanaşırlar.

Hazırda DİN strukturlarında çalışan qadınlarrımızla, bağlı daha dəqiq məlumat almaq üçün DİN-ə müraciət etmək qərarına gəldik: 

DİN-in əməkdaşı, polis mayoru Ağgül Həmdizadə Bizim.Media-ya açıqlamasında bildirib ki, gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Daxili İşlər Nazirliyi tərəfindən gender siyasəti daim diqqət mərkəzində saxlanılır və bu sahədə məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir:  

“Qanuna uyğun olaraq Nazirlikdə gender məsələləri üzrə vəzifə də, təsis olunub və həmin vəzifəni polis polkovnik-leytenantı rütbəsi daşıyan qadın əməkdaş icra edir. Hazırda Azərbaycan Respublikasının daxili işlər orqanları şəxsi heyətinin 11 faizini qadın əməkdaşlar təşkil edir ki, bu da bir çox dövlətlərin anoloji göstəricilərindən yüksəkdir. Qadın həmkarlarımız polis serjantından polis polkovnikinə qədər xüsusi rütbə daşıyırlar. Bu gün Azərbaycan Polisi sıralarında polis nəfərindən tutumuş, idarə rəisi kimi xidmət edən qadın əməkdaşlar var. Bundan başqa Daxili işlər orqanlarında xidmət edən qadınlar öz kişi həmkarları ilə çiyin-çiyinə ölkəmizdə sabitliyin və ictimai asayişin qorunması sahəsində üzərilərinə düşən vəzifələri böyük əzmlə yerinə yetirirlər”. 

DİN strukturunda idmanda fərqlənən xanımlara da yer verildiyini qeyd edən Ağgül Həmdizadə ASAN xidmət mərkəzlərində də, qadın polislərin çalışdığını vurğulayıb:  

“Bununla yanaşı daxili işlər orqanlarının sıralarında idmanın cüdo, karate-do, stend və güllə atıcılığı və digər növləri üzrə dünya çempionatlarının və kuboklarının, beynəlxalq turnirlərin və Azərbaycan birinciliyinin qalibləri olan qadın əməkdaşlar da, xidmət edirlər.  
Bu gün qadın polis əməkdaşları respublikanın “ASAN xidmət” mərkəzlərində və daxili işlər orqanlarının istintaq, təhqiqat, pasport-qeydiyyat, statistika, “102 Zəng-Mərkəzi”, post-patrul, tibb və digər sahələrində vətəndaşlarımızın xidmətindədirlər” 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin