Yayda qida ZƏHƏRLƏNMƏLƏRİ: Dərhal hansı addım atılmalıdır? – Mütəxəssisin CAVABI

Hazırda oxunan: Yayda qida ZƏHƏRLƏNMƏLƏRİ: Dərhal hansı addım atılmalıdır? – Mütəxəssisin CAVABI

84969

“Axşam ailəvi şəkildə qohumlarımla süfrə arxasında əyləşdik. Süfrəyə düzülən naz-nemətlərdən yedik amma evə döndükdən sonra halım qarışdı. Baş gicəllənmə, ürək bulanma, halsızlıq...”

Yəgin ki, bu deyilənlər əksəriyyətə tanış gəlir. Milli mətbəximiz və qonaqpərvərliyimizi nəzərə alsaq, qida rasionumuzun nə qədər ağır olduğu hər kəsə məlumdur. Nəticədə tez-tez qida zəhərlənmələri ilə bağlı xəbərlər alırıq.
Bu zəhərlənmələr xüsusi ilə yay aylarında daha geniş hal almağa başlayır. Qida zəhərlənmələrini əksəriyyət məişət üsulu- qatıq, ayran və müvafiq olmayan dərmanlarla dəf etməyə çalışır. Lakin bilib-bilmədən edilən bu kimi ilkin tibbi yardımlar sonda zəhərlənən şəxsin həyatını itirməsi ilə nəticələnə bilir.

Bəs zəhərlənmə hallarından necə qorunmaq lazımdır?

Həkim-infeksionist Səmayə Məmmədova Bizim.Media-ya qida zəhərlənməsi ilə bağlı bir neçə məqamları açıqlayıb.

Onun sözlərinə görə, zəhərlənmə əlamətlərinin meydana çıxması arasındakı müddət bir saatdan 6 saata qədər, eləcə də 2-5 gün arasında dəyişə bilər:

“Qida zəhərlənmələri mikroblar və ya onların toksinləri ilə yoluxmuş qida məhsullarının yeyilməsi nəticəsində meydana gəlir. Daha çox qida zəhərlənməsi ilə qarşılaşırıq, əksəriyyət yay aylarında nitratla çox doymuş qarpız alan zaman bəxti gətirmir, və ya səhlənkarlıq, etinasızlıq üzündən istifadə müddəti bitmiş ərzaqları qəbul edir. Zəhərlənmə halı isə həzm traktının pozulması, ümumi zəiflik, ürək bulanması, davamlı qusma, boş nəcis, qızdırma, üşütmə, qarın ağrısı, sürətli nəbz, dodaqların və üzün rənginin dəyişməsi ilə xarakterizə olunur.

Bu əlamətlər bir çox amillərdən asılıdır: xəstənin yaşı, bədənin ümumi vəziyyəti, patogen bakteriyaların növü və s”.

İnfeksionist həmçinin yuxarıda qeyd olunan simptomlar baş verdiyi təqdirdə, görülməsi vacib ilkin tibbin yardım haqqında da məlumat verib:

“Xüsusilə risk qrupuna daxil olanlar – körpə, kiçik uşaqlar, xroniki xəstəlikləri olanlar, yaşlılar və hamilə qadınlar bu hallarda ehtiyatlı olmalıdırlar.

Yeməkdən zəhərlənmə zamanı xəstənin huşunu itirməsi, bədən istiliyinin 39 ° C və daha yüksək olması, qarın şişməsi, qarın boşluğunun kəskin və ya spazmodik ağrılardan narahat olması, oynaqların iltihabı, dəridə səpgi əmələ gəlməsi, udma və ya tənəffüs funksiyası ilə bağlı problemlər aşkar olunarsa dərhal təcili yardım çağırın.
Ev şəraitində hansısa addımların atılması məsləhət görülmür.

Zəhərlənmə hallarından yayınmaq üçünsə istehlak olunan qidalara diqqət etmək, təmiz yumaq və ya yüksək temperaturda qaynatmaq lazımdır. Konservləşdirilmiş məhsullardan uzaq durmaq, ət yeməklərinin bişirilmə qaydalarına riayət olunmalıdır”, - deyə S.Məmmədova bildirib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin