Gəncədə ƏMƏLİYYAT: Külli miqdarda narkotik aşkarlandı

Hazırda oxunan: Gəncədə ƏMƏLİYYAT: Külli miqdarda narkotik aşkarlandı

84946

Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Baş İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəhər sakinləri Səhrəddin Vəliyev və Elnur Quliyev saxlanılıb.  

Onların üzərinə baxış keçirilən zaman hər birinin üzərində 1 ədəd kibrit qutusunda narkotik vasitə olan “marixuana” aşkar olunub.

Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, şəhər sakini Məlahət Qurbanzadə və Nicad Cavad-Pur sosial şəbəkələr üzərindən əcnəbi vətəndaşdan Bakı şəhərində gizlədilən narkotik vasitəni pul məbləğində və şəxsi istifadə üçün narkotik vasitə qarşılığında Gəncə şəhərinə gətirməyə razılaşıblar.

Həmin şəxslər Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman üzərlərindən narkotik maddə olan “metamfetamin”, “heroin”, və müxtəlif növ güclü təsiredici psixotrop həblər aşkar edilərək götürülüb.

Bölmə əməkdaşlarının keçirdikləri digər bir tədbir nəticəsində isə şəhər sakini Tural Qasımovdan da “metamfetamin” aşkarlanıb.

Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Sahib Hacıyevin fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.
Baxış zamanı oradan ümumi çəkisi 4 kq olan 45 ədəd çətənə kolu aşkar olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.   

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin