9-cu sinif şagirdinin Lənkəran rayonu icra hakiminin müavini Rasilə Akifqızı tərəfindən döyülməsi faktı, eyni zamanda hadisənin baş verdiyi zaman orda olan V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərovanın hərəkətsizliyi ilə bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova iyulun 19-da Lənkərana səfər edib.
Bizim.Media xəbər verir ki, Günel Səfərova sosial şəbəkə hesabından bu barədə məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Lənkəranda məktəblinin döyülməsinə görə direktor işdən çıxarıldı
İctimai Şuranın sədri səfər zamanı Həm məktəbin direktoru, həm də zorakılığa məruz qalan övladımızın anası və uşağın özü ilə görüşmə imkanı əldə etdiyini qeyd edib:
“Monitorinq zamanı əsas iş prinsipimiz uşaq rifahının təmin edilməsi, uşaq hüquqlarının müdafiəsi və baş vermiş hadisəyə obyektiv, ədalətli hüquqi qiymətin verilməsinə təşviqlə yanaşı hadisə ilə bağlı gələcəkdə uşağın təhlükəsizliyini təmin edilməsi olub. Məktəb direktorunun uzun müddət fəaliyyətində müsbət keyfiyyətləri nəzərə almağımızla yanaşı baş verən hadisədə uşağın qorunmasına, onun təhlükəsizliyinin təmin edilməsinə təəssüf olsun ki, əməl etməmişdir. Nəzərinizə çatdırmaq istərdim ki, İctimai Şuranın heç bir inzibati qərar vermə səlahiyyəti yoxdur. Lakin əminəm ki, Təhsil Nazirliyi tərəfindən ədalətli qərar veriləcək”.
Günel Səfərova əlavə edib ki, hadisə ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi açılıb və araşdırma davam edir:
“Bu gün həm Baş prokurorluğun əməkdaşları, həm də Lənkəran rayon prokurorluğunun əməkdaşları ilə danışıqlardan ədalətli qərarın veriləcəyinə ümid edirəm. Təəssüf edirəm ki, hadisəni törətməkdə ittiham edilən Lənkəran rayon icra hakimiyyətinin müavini ilə bağlı kifayət qədər neqativ hallar haqqında məlumatlar da aldıq. Regionda vəziyyəti təhlil etməyə kifayət qədər zamanımız olmasa da vətəndaş cəmiyyəti nümayəndəsi kimi şəxsi fikirlərimi daha sonra paylaşacam”.
Günel Səfərova göstərilən ictimai dəstəyə görə təşəkkürünü bildirib. Xatırladaq ki, Lənkəranda məktəblinin döyülməsi ilə bağlı məsələ ilk dəfə Bizim.Media tərəfindən işıqlandırılıb.
Bizim.Media