Ötən gün tanınmış təhsil üzrə ekspert Kamran Əsədov ziddiyətli açıqlama ilə gündəm yaradıb. O, bildirib ki, “boşanmış, övladı vəfat etmiş şəxslər bağçaya işə götürülməməlidir”. Üstəlik, əlavə edib ki, “bağça rəhbərləri, orada çalışan təlim-tərbiyəçilərin mütləq şəkildə xarici görünüşü də yoxlanılmalı, xarici görünüşləri vahiməli olmamalıdır”.
Təbii ki, Kamran Əsədovun bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir çox ekspertlər zənn edir ki, Kamran müəllimin təklifi birbaşa insan hüquqlarına kölgə salır. Çünki, insanları işə götürərərkən xarici görkəminə, boşanmış olmasına, övladını itirməsinə fikir verilməsi cəmiyyətdə çox böyük diskriminasiya yaradır.
MÖVZU İLƏ BAĞLI:
“Boşanmış qadınlar bağçaya işə götürülməməlidir” – Təhsil ekspertindən DETALLAR
Birincisi, övladını itirmiş ana ictimai dəstək görməsə çox böyük travma alar. Və bu travma müəyyən müddətdən sonra aqresiyyaya çevrilər. Bu aqressiiya isə gec-tez cəmiyyətə sıçrayacaq. Ən əsası bir çox analar övladlarını Vətən yolunda itirirlər. Bəs, onlara nə deyək?
İkincisi, boşanmış qadın daha həssas olur. O, həm özünə, həm də uşaqlarına cəmiyyətdən daha çox diqqət umur. Belə bir həssas təbəqəni qapı arxasında necə saxlamaq olar? Bunun sonrakı fəsadlarını təsəvvür etmək sadəcə dəhşətdir.
Üçüncüsü, xarici görkəmində qüsur olan adamlar işə götürülməsə bəs onların taleyi necə olacaq? Bəs hanı bizim cəmiyyətin ədalət mizanı? Axı, niyə peşəkarlığı yox, zahiri gözəlliyi önə çəkirik və nə haqla?
Məsələ ilə bağlı tanınmış psixoloq Gülnar Orucovla əlaqə saxladıq. O, Bizim. Media-ya bildirdi ki, “bu fikirlə qətiyyən razı deyiləm. Çünki, hər bir insanda empati hissi olur. Övladını itirmiş insan daha çox övlad qədri bilir, nəinki universiteti yenicə bitirib gəlmiş gəncdə. Çünki, yenicə məzun olmuş gəncdə övlad sevgisi olmur, və yaxud az olur.
Əksinə, övlad sevgisi olmayan təcrübəsiz gəncin işə qəbul olunması daha çox risk yaradır. O ki, qaldı boşanmış qadın məsələsinə.
Onu deyə bilərəm ki, boşanmaq özü də bir mədəniyyətdir. Çünki, qadın və ailənin digər üzvləri davamlı şiddət görür. Bu şiddət isə uşaqlarda bir çox hallarda ömürlük psixoloji travma yaradır. Bəzi qadınlar boşanmaqla ən azından uşaqlarını ömürlük travmadan xilas edir”.
Tanınmış psixoloq hesab edir ki, övladını itirmiş və yaxud boşanmış qadın daha güclü tərbiyə keyfiyyətlərinə malikdir.
“Çünki, onun acı da olsa həyat təcrübəsi var. Atasız uşaq böyüdən qadın uşaq üçün sevgi qıtlığının nə demək olduğunu çox gözəl bilir. Ona görə də övladını itirmiş və yaxud dul qadının işə qəbul olunmaması çağırışı kökündən səhvdir”.
Surxay Atakişiyev, Bizim.Media