Regional Təhsil İdarəsinin müdiri - “Direktor Rasilə Əliyevanın evində olub və məktəblini orada görüb” - ÖZƏL

Hazırda oxunan: Regional Təhsil İdarəsinin müdiri - “Direktor Rasilə Əliyevanın evində olub və məktəblini orada görüb” - ÖZƏL

84269

Lənkəran-Astara Regional Təhsil İdarəsi Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın evində döyüldüyü iddia olunan 9-cu sinif şagirdi Aliyə Camalova ilə bağlı məsələyə münasibət bildirib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, Lənkəran 4 saylı məktəbin direktoru Yeganə Əsgərova öz izahatında Lənkəran icra başçısının müavini Rasilə Əliyevanın evinə dəvət edildiyini və məktəbli Aliyə Camalovanı  orada gördüyünü təsdiqləyib:

“Baş vermiş bu insidentlə bağlı regional idarə də öz növbəsində araşdırmalarını aparır. Sözsüz ki, bunun fakt olub-olmaması ilə bağlı ən yekun nəticə hüquq-mühafizə orqanları və prokurorluğun rəyi əsasında bilinəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəranda döyülən məktəblinin sinif rəhbəri DANIŞDI – “15 yaşında qıza əxlaqsız demək günahdır” 


Tərəfimizdən Lənkəran 4 saylı məktəbin direktoru Yeganə Əsgərova ilə görüş keçirilib və izhatı alınıb. Yeganə xanım öz izahatında evə dəvət edildiyini və orada uşağı gördüyünü ifadə edir. Amma qalan digər məsələlər aidiyyəti şəkildə qurumlar tərəfindən fakt olaraq qiymətləndirildikdən sonra ictimaiyyətə məlumat veriləcək.

Hazırda istintaq və araşdırma getdiyi üçün digər məlumatların vaxtından əvvəl verilməsi araşdırmanın gedişatına müdaxilə kimi qiymətləndirilə bilər. Bizdə olan izahatlarda Yeganə Əsgərovanın hər hansı şiddət törətdiyi ilə bağlı məlumat yoxdur”. 

Elxan Nəcəfovun sözlərinə görə fiziki zorakılığa məruz qalan Aliyənin valideyni və nənəsi ilə əlaqə saxlanılıb. Amma regionda olmadıqları üçün onlarla görüşmək imkanı olmayıb:

“Qısa zamanda onlarla da görüşəcəyik və izahatları alınacaq. Hadisənin iştirakçı olan bütün tərəfləri ilə səlahiyyətlərimiz çərçivəsində bütün görüşlər və təmaslar olacaq. Sözsüz ki, bu məlumatlar digər üst qurumlara təqdim ediləcək və yekunda da hüquqi müstəvidə hadisədə təqsirkar olanlar cəzalandıralacaq. Mövqeyimiz isə bundan ibarətdir ki, istənilən zorakılığa, şiddətə, təhqir və təhdidə qarşıyıq. İstənilən şagirdimizi bu tipli təhdiddən qorumaq bütün təhsil ictimaiyyətinin, həmçinin də təhsili idarə edənlərin ən ali vəzifəsidir. Əgər belə bir fakt varsa və təsdiqlənərsə, bunu şiddətlə qınayırıq. Eyni zamanda günahkarların cəzalandırılacaqlarına da inamımızı ifadə edirik”.

Elxan Nəcəfov onu da əlavə edib ki, təhsilin idarəetməsində hər hansı cinayət hadisəsinə hüquqi zəmində cəza vermək mexanizmi yoxdur:

“Amma məktəbliyə şiddət Yeganə Əsgərovanın gözünün qarşısında törədilibsə və direktorun hər hansı müdaxiləsi olmayıbsa, bununla bağlı hüquq-mühafizə orqanlarının müvafiq qanunlara əsasən cəza vermək səlahiyyətləri var. Təhsil Nazirliyinin sadəcə mövqeyi bundan ibarətdir ki, əgər bu fakt öz təsdiqini taparsa, qanunauyğun şəkildə tərəflər cəzalandırılsın”. 
Xatırladaq ki, bir neçə gün əvvəl Lənkəran 4 saylı orta məktəbin 9-cu sinif şagirdi Aliyə Camalovaya fiziki zorakılıq olunub.

Döyülən yeniyetmənin anası Ləman Camalovanın iddiasına görə qızı Lənkəran şəhər icra başçısının müavini Rasilə Əliyeva tərəfindən evində döyülüb. Digər iddiasına görə qızı döyüləndə orada Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova da olub. Yeniyetmənin üzündə və bədənində ciddi xəsarət izləri var. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin