Xəbər verdiyimiz kimi, 16 iyul 2022-ci il tarixində Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ilk ikitərəfli görüş keçirilib.
Görüşdən sonra Azərbaycan XİN tərəfindən verilən açıqlamada tərəflər arasında bu məsələlərin müzakirə olunduğu açıqlanıb:
1. Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi;
2. 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyi;
3. Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsinin əhəmiyyəti.
Onu da qeyd etməliyik ki, tərəflər arasında birbaşa təmasların olmasını bir sıra 3-cü tərəflər də yüksək dəyərləndirib. Belə ki, Avropa İttifaqı, ABŞ və Gürcüstan rəsmiləri ikitərəfli görüşün keçirilməsini müsbət qiymətləndiriblər.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramovla Ararat Mirzoyan arasında konkret nəticələr əldə olunmadı – Gürcü nazir
Bəs, ikitərəfli təmaslar nəyə görə əhəmiyyətlidir?
Burada məsələyə həm üçüncü tərəfin müzakirələrdə iştirakının mənfi yönləri prizmasından, həm də ikitərəfli görüşün üstünlükləri baxımından yanaşmaq olar.
Birincisi, kimliyindən asılı olmayaraq üçüncü tərəfin öz maraqları var. Həmin aktorunsa Azərbaycan və Ermənistanın maraqlarını öz mənafelərindən üstün, yaxud kənarda tutması qeyri-realdır.
İkincisi, vasitəçi tərəfin müzakirə olunan məsələlərə, o cümlədən tərəflərə qarşı obyektiv mövqe sərgiləməsi ehtimalı hər zaman şübhəlidir.
Üçüncüsü, ikitərəfli təmaslar qarşılıqlı etimad mühitinin yaradılması baxımından əhəmiyyətlidir.
Dördüncüsü, uzun illər vasitəçi tərəflərin danışıqlar prosesində iştirakının prosesi uzatmaqdan başqa hər hansı faydasını görməmişik. Bu da hər zaman danışıqları formallığa çevirməyə çalışan Ermənistanın maraqlarının təmin olunmasına xidmət edib. Lakin ikitərəfli təmaslarda, kobud dillə desək, İrəvan rəsmiləri üçün qaçacaq yer, arxasında gizlənəcək tərəf qalmır.
Görüşdə müzakirə olunan məsələlərə gəlincə...
Təbii ki, ilk ikitərəfli görüşün nəticəsi olaraq hər hansı mühüm razılaşmanın əldə olunması onsuz da gözlənilmirdi.
Lakin istənilən halda XİN-lərin ikili görüşünü yeni formatın yaranması, daha doğrusu inkişafı kimi xarakterizə edə bilərik. Çünki aprelin 25-də müstəqillik dönəmində ilk dəfə olaraq Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı gerçəkləşdirilmişdi.
Tiflis müzakirələrindəysə bu cür birbaşa dialoqun davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Bu və ümumilikdə, sülh danışıqlarının gedişi onu deməyə əsas verir ki, yeni formatda müzakirələrə daha tez-tez şahid ola bilərik.
Birinci Qarabağ Müharibəsində itkin düşmüş 4 min azərbaycanlının taleyi məsələsinin yenidən qabardılması isə Ermənistan rəsmilərinin beynəlxalq təşkilatlar qarşısında hər fürsətdə qabartdığı “əsirlər” məsələsinə ən tutarlı cavab hesab oluna bilər.
Ermənistan hərbçilərinin sülhməramlıların nəzarəti zonasından çıxarılması məsələsi isə Tiflis görüşünün ən diqqətçəkən məqamıdır. Bunu həm xəbərdarlıq, həm də təzyiq metodu kimi qəbul edə bilərik.
Xatırladaq ki, Tiflis görüşündən bir gün əvvəl, iyulun 15-də də Prezident İlham Əliyevin sədrliyilə keçirilən müşavirədə sözügedən məsələ ilə bağlı Dövlət Başçısı tərəfindən bəyanat səsləndirilmişdi.
Ceyhun Bayramov tərəfindən Mirzoyanla görüşdə bu məsələnin qabardılması isə rəsmi Bakının səbr kasasının yavaş-yavaş dolduğunu göstərir.
Yəni, Ermənistan 1 il 8 aydır ki, uzatdığı öhdəliyini bir müddət də yerinə yetirməsə, növbəti məğlubiyyət üçün 44 günlük müharibənin 2-ci ildönümünü gözləməyə belə ehtiyac qalmayacaq...
Murad Əhmədov, Bizim.Media