Qarabağa böyük qayıdışdan sonra evlər və obyektlər bahalaşacaq - EKSPERT

Hazırda oxunan: Qarabağa böyük qayıdışdan sonra evlər və obyektlər bahalaşacaq - EKSPERT

8362

Hazırda Qarabağa böyük qayıdışın astanasındayıq. 28 ildir yurd-yuvalarından didərgin düşən məcburi köçkünlərimizin öz doğma evlərinə qayıtmalarına çox az zaman qalıb. Böyük qayıdışın ölkənin iqtisadi həyatında canlanma yaradacağı kimi, daşınmaz əmlak bazarına da təsiri istisna edilmir. 

“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Bizim.Media-ya bu barədə fikirlərini bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda sənədsiz evləri dövlət özü tikəcək - ŞƏRH


Ekspert böyük qayıdışdan sonra daşınmaz əmlak bazarında ucuzlaşma olmayacağını qeyd edib:

''Bu məsələdə müxtəlif fikirlər var. Bəzi mütəxəssislər hesab edirlər ki, prosesə start verildikdən, yəni məcburi köçkünlərin bir hissəsi öz torpaqlarına geri qayıtdıqdan sonra daşınmaz əmlak bazarında ucuzlaşma baş verəcək. Məsələyə yanaşma bir qədər fərqlidir. Söhbət işğaldan azad olunmuş və qismən ətraf ərazilərin tamamilə yenidən qurulmasından gedir. Orada həm infrastruktur layihələri, şəhərsalma və abadlaşdırma, eləcə də bütün istiqamətlər üzrə işlərin görülməsi nəzərdə tutulub''.

''Bu kifayət qədər maliyyə tələb edən bir iş olsa da, o qədər də uzun müddət tələb etmir. Böyük qayıdışın baş verməsi Azərbaycanda makroiqtisadi artıma və ümumi daxili məhsulun dəyişməsinə gətirib çıxaracaq. Söhbət büdcə xərclərinin xeyli dərəcədə artımından və dövriyyədə olan nağd pul kütləsinin artımından gedir. Belə hallarda məşğulluğun artımı daha çox inflasiyaya təsir göstərir. İnflasiyanın baş verməsi isə bir sıra istehlak bazarında qiymət artımı ilə nəticələnir''. 

Ramil Osmanlı hesab edir ki, böyük qayıdışdan sonra məşğulluğun artımı nəzərə alınaraq qeyri-yaşayış və ya kommersiya obyektlərinin qiymətində ucuzlaşma baş verməyəcək:

“Ən yaxşı halda Bakı şəhərinin mərkəzində deyil, ətraf ərazilərdə nisbi ucuzlaşma meylləri ola bilər. Amma bunun mərkəz və mərkəzə yaxın ərazilərə heç bir təsiri gözlənilmir. Əksinə daşınmaz əmlak bazarında qiymətlərin artımı baş verə bilər. Qiymət ucuzlaşmasını gözləmək bir qədər doğru yanaşma deyil. Ola bilsin ki, kirayə mənzil bazarı üzrə nisbi ucuzlaşmalar baş versin. Bütövlükdə bunun mənzil bazarına hər hansı təsirinin olacağını düşünmürəm”. 

Ekspert ötən ildən bəri çoxmənzilli binaların tikintisi ilə bağlı həyata keçirilən islahatların daha çox radikal dəyişikliklərlə yadda qaldığını vurğulayıb:

''Bu da onu deməyə əsas verir ki, həmin radikal dəyişikliklər hesabına çoxmənzilli binaları inşa edən sahibkarların tikinti xərcləri xeyli dərəcədə artmış olub və bu qiymət artımına gətirib çıxarıb. Hazırda mənzil bazarı ilkin mənzil bazarından asılıdır. İlkin mənzil bazarında qiymət azalması baş vermədikdə mənzil bazarında qiymət ucuzlaşmasını önləmək doğru deyi''. 

''İndiki halda hər hansı qiymət azalmasından söhbət getmir və gedə də bilməz. Hazırda qiymətlərdə stabillik müşahidə olunur. Həmçinin düşünmürəm ki, məcburi köçkünlər geri qayıdarkən öz əllərində olan daşınmaz əmlakları kütləvi şəkildə satışa çıxaracaqlar. Ola bilsin ki, boşalmış mənzillər hesabına kirayə mənzil bazarında qismən aktivlik bu sahədə qiymətləri azaltsın. Amma torpaq və mənzil bazarı, fərdi yaşayış evlərinin tikilməsi üzrə qiymət azalması baş verməyəcək''. 

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin