“Əziz Şuşa” beynəlxalq velosiped yarışına yekun vuruldu

Hazırda oxunan: “Əziz Şuşa” beynəlxalq velosiped yarışına yekun vuruldu

83197

İyulun 10-da “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi keçirilib. 8 ölkəni təmsil edən 13 komandadan ümumilikdə 75 idmançının qatıldığı yarışın bu mərhələsi Füzuli Beynəlxalq Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edib.

Bizim.Media xəbər verir ki, idmançılar “Zəfər yolu” ilə 71 kilometr məsafədə şose velosipedinin qrup ötüşməsi növündə güclərini sınayıblar. Yarış gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib.

İkinci mərhələnin nəticələrinə görə, Türkiyənin “Sakarya BB Pro Team” klubunun tərkibində yarışan, Azərbaycan milli komandasının üzvü Elçin Əsədov hamıdan sürətli olaraq qızıl, Özbəkistanın “Tashkent City” klubunun üzvü Akramjon Sunnatov gümüş, Monqolustan milli komandasının üzvü İderbold Bold isə bürünc medal qazanıb.
Yarışın lideri olduğuna görə Elçin Əsədova sarı köynək təqdim edilib.

İki günün yekunlarına əsasən, komanda proqramında 1-ci yerə Türkiyənin "Sakarya BB Pro Team" klubu, 2-ci yerə Özbəkistanın "Tashkent City" klubu, 3-cü yerə Monqolustan milli komandası çıxıb.

Şuşa qalasının önündə keçirilən mükafatlandırma mərasimində birinci yerə çıxan idmançı və komandaya kubok, medal, qiymətli hədiyyələr, digər qaliblərə isə medal və qiymətli hədiyyələr təqdim olunub.

Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev Federasiya adından yarışın qalibi Elçin Əsədova 3 otaqlı mənzil hədiyyə edib.

İdmançılara mükafatları Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Azərbaycan Respublikası gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə heyətinin sədri

Məftun Abbasov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, AVF-nin vitse-prezidenti Robert Eyyubov təqdim ediblər.

Bununla da “Əziz Şuşa” beynəlxalq velosiped yarışına yekun vurulub.

Xatırladaq ki, yarışın birinci mərhələsi Bakının Pirallahı rayonunda Nərəkənd parkının yaxınlığında fərdi ötüşmə növü üzrə keçirilib. Bu mərhələdə velosipedçilər 21 kilometr məsafə qət ediblər.
Qeyd edək ki, yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, "Şuşa İli"nə həsr olunmuş tədbirlər çərçivəsində keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin