Sovet maşınlarına STOP qoyulacaq? – Qəzalar zamanı ölüm halları bu avtomobillərdə daha çox olur

Hazırda oxunan: Sovet maşınlarına STOP qoyulacaq? – Qəzalar zamanı ölüm halları bu avtomobillərdə daha çox olur

82965

Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasına idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların “Avro-4” ekoloji normalarına uyğun olması əsas götürülür.

Bu qərarla artıq ölkəyə yalnız sözügedən standartın tələblərinə cavab verə biləcək avtomobillər idxal olunur. Lakin bu da bir reallıqdır ki, hazırda Azərbaycan avtomobil parkının mühüm hissəsi köhnə avtomobillərdən ibarətdir.

Belə avtomobillərin yaratdığı fəsadlar, problemlər haqqında kifayət qədər məlumatlara gündəlik həyatımızda rast gəlirik. Xüsusilə kənd yerlərində Rusiya istehsalı olan köhnə avtomobillər əvəzolunmaz nəqliyyat növüdür. Çünki bu avtomobillərdən çox zaman həm yük, həm də minik maşını kimi istifadə olunur.
 

MÖVZU İLƏ BAĞLI:

“Sovet maşınlarının istismardan çıxması üçün qanun lazım deyil, dövlət proqramı var” - DEBAT


Onların dözümlülük göstəricisi isə digər xarici avtomobillərdən daha üstündür. Buna görə də əksər sakinlər məhz Sovet istehsallı avtomobillərə üstünlük verməli olurlar. Rəsmi statistikaya görə də ölkədə “Vaz” , “Jiquli” markalı avtomobillər və “Mercedes”, “Hyundai”, “Toyota”, Opel” avtomobillərinin sayı daha çoxdur. 

Sovet istehsalı olan bu maşınların qəza hadisələrində daha çox fəsadlar, ölüm hadisəsinə səbəb olmasını nəzərə alsaq, sıradan çıxarılması üçün başqa hansı tədbirlər görülməlidir? 

Sualımızı nəqliyyat eksperti Elməddin Muradlı cavablandırıb. Onun sözlərinə görə, köhnə avtomobillərin xüsusən də sovet dövrünün istehsalı olan avtomobillərin istismarı bugünkü gündə çox boyük problemlər yaradır:

“Təbii ki, təhlükəsizlik elementləri zəif olan avtomobillər yol hərəkətində nə vaxta kimi iştrak edəcəksə, o vaxta qədər də problemlər davam edəcək. Ona görə də düşünürəm ki, bu problem dövlət səviyyəsində aradan qaldırılmalıdır. Çünki heç kimi gedib məcbur etmək və yaxud da kiməsə bir çağırış etməklə köhnə avtomobilindən imtina etdirmək alınmayacaq. Ümumi dövlət səviyyəsində maraqlar ortaya qoyulmalıdır və vətəndaşlar da bu prosesə cəlb olunmalıdır. Vətəndaşlara bildirilməlidir ki, sözügedən maşınlar insan həyatı üçün təhlükəlidir, istismarı ətraf-mühit üçün zərər vurur və təhlükəsizlik elementləri yox səviyyəsindədir. Ən əsası yol-nəqliyyat hadisələri zamanı ağır xəsarət və ölüm riski yüksəkdir. Ona görə də bu maşınları yığışdırmaq lazımdır. Amma insanlar bu təhlükələrə diqqət yetirmir. Yenə də gücü, imkanı çatan həmin o avtomobillərə maraq göstərir”.

Ekspert həmçinin qeyd edir ki, bu istiqamətdə bəzi rüsumların aşağı salınması, yeni tipli, standartlara cavab verən maşınların istifadəsi üçün sürücülərdə maraq və imkan yarada bilər:

“Ümumiyyətlə avtomobillərlə bağlı rüsumlar bu gün ürəkaçan səviyyədə deyil. Parlament səviyyəsində, qanunvericiliyə dəyişiklik etməklə rüsumları xeyli artırıblar. Bu gün güzəştlər yalnız elektro və hibdir avtomobillərə tətbiq edilir.

Bu avtomobillərin də qiyməti kifayət qədər bahadır. Baha olduğuna görə, nə qədər güzəşt olsa da, kimsə öz “Vaz” markalı avtomobilini- 06, 07-ni satıb hibrid almaq gücündə deyil. Çünki bu maşınları kimə satacaq? Biz bir tərəfdən deyirik yığışdıraq, bir tərəfindən də deyirik satsın. Onsuz da yeni alıcı yenidən maşınları istismar edəcək.

Ona görə də düşünürəm ki, sözügedən maşınlar ümumiyyətlə istifadəsi geniş hal alan ölkələrə satılmalıdır. Əks halda isə metalları dəyərləndirilərək “metallom”a verilməlidir.

Qiymət isə vətəndaşlara sərf etməlidir ki, əllərində heç olmasa yeni, müasir standartlara uyğun maşın almaq üçün yetərli olsun. Çoxdankı təklifimiz budur ki, xaricdən ölkəyə gətirilən maşınların rüsumları 2017-ci ildəki səviyyəyə qaytarılsın.
Əgər belə olarsa, avtomobil parkının yenilənməsinə bir xeyli nail ola bilərik. Digəri isə 3 illik qərar qəbul etmək olar ki, biz köhnə avtomobilləri yığışdırırıq və rüsumlar sözügedən səviyyəyə endirilir. O zaman görərsiniz ki, əhalinin çox qismi sovet istehsallı maşınlardan imtina edir”, - deyə E.Muradlı qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin