Öncə evinin əşyalarını satdı, sonra oğlunu bıçaqladı – Ailə faciəsinin TƏFƏRRÜATI 

Hazırda oxunan: Öncə evinin əşyalarını satdı, sonra oğlunu bıçaqladı – Ailə faciəsinin TƏFƏRRÜATI 

82741

Sumqayıt şəhərində 1967-ci il təvəllüdlü Fərid Əkbərov oğlu Məmmədi (adlar şərtidir – red.) bıçaqlayıb.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə ötən il avqustun 16-da baş verib. Fərid sərxoş vəziyyətdə həmin gün oğlu ilə mübahisə edib. O, oğlunun kürək nahiyəsindən vurub.  

İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.  

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.  

O bildirib ki, oğlu ilə münasibəti həmişə yaxşı olub, onu qəsdən vurmaq niyyəti olmayıb:

“Oğlum ilə mübahisəm evdə olan tikiş motorunu təmir üçün ustaya aparmaqla bağlı oldu. Son zamanlar narkotik vasitədən istifadə etmişəm. Lakin narkotik vasitə almaq üçün evdəki əşyaları satmamışam”. 

Fərid qeyd edib ki, oğluna cəmi bir dəfə bıçaq zərbəsi vurub və sonra onu maşınla xəstəxanaya göndərib. 

Zərərçəkmiş Məmmədin sözlərinə görə, atası narkoman olduğundan heç bir yerdə işləməyib:  

“Daim ev əşyalarını satıb, bizdən pul tələb edib. Atam ilə münasibətimin yaxşı olduğunu, son zamanlar spirtli içkilərdən çox istifadə etdiyinə və evdə olan əşyaları satdığına görə aramızda narazılıqlar yaranıb”. 

Məmməd qeyd edib ki, avqustun 13-də evdə olarkən təsadüfən tikiş maşınının motorunun üzərində olmadığını görub:  

“Sonra bildim ki, motoru atam satıb. Bunu atamdan soruşdum. Atam motoru satmadığını, təmir üçün apardığını dedi. Onun yalan dediyindən şübhələndiyim üçün motoru evə gətirməsini söylədim. Lakin atam motorun xarab olduğunu və zibilliyə atdığını dedi”.  

Məmməd bildirib ki, avqustun 16-da səhər saatlarında yaşadığı evdə olduğu zaman bu zəmində atası ilə aralarında yenidən mübahisə yaranıb:  

“Təxminən saat 12 radələrində yaşadığım evdə tək olduğum zaman atam evə gəldi. Atamın sərxoş olduğunu hiss etdim. Onunla söhbət etdim, xahiş etdim ki, daha evdən əşyaları satmasın, narkotik vasitə istifadə etməsin. Atam isə mənimlə sözlü mübahisə etməyə başladı. Həmin vaxt atam mətbəxdən götürdüyü bıçaqla kürək nahiyəmə bir dəfə zərbə vurdu. Üzümü atama tərəf çevirəndən sonra bıçağı onun əlindən almağa çalışdım.  

Atam isə bıçağı mənə verməmək üçün özünə tərəf çəkməyə başladı. Ondan bıçağı almağa çalışanda hər iki əlimin iç tərəfi kəsildi. Bıçağı atamın əlindən ala bilmədiyimi gördüm. Bu səbəbdən atamın sağ qolunu dişlədim ki, bıçağı buraxsın. Nəhayət, atam bıçağı buraxdı. Bıçağı atamın əlindən aldım və kənara tulladım. Sonra isə evdən küçəyə çıxdım, taksi ilə xəstəxanaya getdim”. 
Məmməd əlavə edib ki, vurulan bıçaq zərbəsi nəticəsində ciyərinin pərdəsi yırtılıb. O deyib ki, hadisə zamanı anası və qardaşı evdə olmayıb.  

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid 3 il müddətinə azadlıqdan məhrum edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin