Maliyyə naziri Samir Şərifov 2 gün öncə ölkədə qiymətlərin inzibati yolla aşağı salınacağı anonsunu verdi. Onun sözlərinə görə ölkəyə gətirilən bir çox məhsullar aksiz dərəcələrindən qismən azad ediləcək və yaxud rüsumların dərəcələri aşağı salınacaq. Nəzərə alaq ki, bu ilin 5 ayında Azərbaycana 5 milyard 135 milyon 561 min manat məhsul idxal edilib.
Ötən il isə ümumilikdə ölkəmizə 22 milyard 206 milyon 67 min manatlıq məhsul gətirilib. Bu isə ötən il ixrac edilən qeyri-neft məhsullarının həcmindən 10 dəfə çoxdur. Bu isə onu göstərir ki, Azərbaycanda istehlak edilən məhsulların əsas hissəsi idxal olunur.
Ona görə də idxal olunan məhsullara tətbiq olunan aksiz dərəcələri və kömrük rüsumları aşağı salınacağı təqdirdə qiymətlər xeyli aşağı düşəcək.
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, “ümumilikdə istehlak bazarının tənzimlənməsi və qiymətlərin optimallaşdırlması 2022-ci ilin prioritetlərindəndir.
MÖVZU İLƏ BAĞLI:
Çörəyin qiyməti qalxacaq, ya yox? - VİDEO
Nazirlər Kabineti tərəfindən istehlak səbətinə daxil olan məhsulları istehsal edən iş adamlarına 2 yeni güzəşt mexanizmi tətbiq olunur. Bu mexanizm həm onların aldıqları kreditlərə görə subsidiyaların verilməsi, həm də güzəştli kredit portfelinin həcminin genişləndirilməsi ilə bağlıdır. Təbii ki, burda əsas hədəf yerli istehsalı artırmaq və idxaldan asılılığı minimuma endirməkdir. Eyni zamanda. İdxal olunan məhsulların qiymətlərini optimallaşdırılması istiqamətində dövlət dəstəyinin gücləndirilməsi əsas hədəflərdəndir. Hələlik hansı mexanizmlərdən istifadə ediləcəyi bilinməsə də bütövlükdə bu mexanizmlər idxal məhsullarının xərclərinin aşağı salınmasına xidmət edəcək”.
İqtisadçı-ekspert Natiq Cəfərli isə Bizim.Media-ya bildirib ki, “əslində Azərbaycanda istehsal olunmayan və yaxud az istehsal olunan məhsullara güzəştlərin tətbiq ediməsi məntiqlidir.
Bura təkcə ərzaq məhsulları deyil, dərman preparatları və qeyri-ərzaq məhsulları daxildir. Bunlar sosial yönümlü məsələlərdir. Hökümətin hansı qərar verəcəyini bilməsəmdə ərzaq məhsulları, dərman preparatları və uşaq yeməklərinin idxalına güzəştlərin tətbiqi çox yaxşı olardı”.
Surxay Atakişiyev, Bizim.Media