İşğaldan azad olunmuş yerlərdə gördüyümüz mənzərə əsl faciədir, dini məbədlərin dağıdılması, qəbulolunmazdır.
Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki deyib.
MÖVZU İLƏ BAĞLI:
İCESCO azad edilən bölgələrdə - Erməni vandallığı araşdırılır - YENİLƏNİB
ICESCO-nun baş direktoru bildirib ki, burada gördükləri mənzərə əsl faciədir:
"Biz işğaldan azad olunmuş torpaqlara səfər zamanı bütün kəndlərin, yaşayış yerlərinin, tarixi və dini abidələrin dağıdıldığını gördük. Məscidlərin, dini məbədlərin dağıdılması, təhqir olunması, vandallığa məruz qalması qəbulolunmazdır. Dini məkanlara hörmətlə yanaşılmalı, onlar qorunmalıdır. Əminəm ki, dağıdılmış bu ərazilərdəki bütün dini-mədəni abidələr bərpa olunacaq''.
''Təbii ki, yalnız ölkə və bölgə, region səviyyəsində deyil, dünya səviyyəsində insanların dini inanclarına fərq qoyulmamalı, hər bir dinə məxsus məbədlərə hörmət olunmalıdır. Hər bir müharibə təəssüf ki, əraziləri dağıntılara məruz qoyur, həmçinin müxtəlif obyektləri. Amma buna baxmayaraq, dini-mədəni məkanların və mədəni irsin dağıdılması yolverilməzdir''.
''Bəzən biz məlumatları alırıq, eşidirik, oxuyuruq. Amma gəlib gözümüzlə gördüyümüz mənzərə bizi çox kədərləndirir və hər birimizə təsir edir".
Onun sözlərinə görə, ilk növbədə, Azərbaycan hökuməti tərəfindən müəyyən sorğular göndərilməlidir və bundan sonra müstəqil ekspertlər komitəsi tərəfindən həmin sorğular dəyərləndiriləcək:
"Mədəni irs abidələrinin İslam Dünyası İrsi Siyahısına daxil olunması həm də o deməkdir ki, bu mədəni obyektlər, dini abidələr ICESCO tərəfindən qorunacaq. Bizim əsas məqsədimiz mədəni-dini irsə aid olan abidələri qorumaqdır''.
''Eyni zamanda, vurğulamaq istərdik ki, biz bütün dinlərə aid dini abidələri qoruyuruq. Bizə bu ərazilərdəki vəziyyəti yerində görməyimizə şərait yaratdığına görə Azərbaycan hökumətinə təşəkkürümüzü bildiririk. Ümid edirəm ki, bu yerlər yenidən bərpa olunandan sonra bura bir daha gəlmək imkanımız olacaq".
Bizim.Media