Türkmənistan danışıqlarında GİZLİ MƏQAMLAR – “Bizim Barell”də İlham Şabanın TƏHLİLİ 

Hazırda oxunan: Türkmənistan danışıqlarında GİZLİ MƏQAMLAR – “Bizim Barell”də İlham Şabanın TƏHLİLİ 

81980

Dünya enerji bazarlarında baş verənlər cari ildə Azərbaycanın gəlirlərinin artması üçün hələ ki, qənaətbəxşdir. Azərbaycanın ötən illə müqayisədə neft və qaz satışından əldə etdiyi mənfəəti bu ilin sonundək 2 dəfəyədək artımaq şansı var. 

Dünya bazarı. Qlobal bazarda neft və qaz qiymətlərinin dəyişməsi yenə də Qərblə Rusiya arasında olan münasibətlərdən qaynaqlanır. Həftə içi Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların təfərrüatlarını açıqladı. ABŞ 500-ə yaxın rusiyalı məmura “Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini pozduqlarına və ya təhdid etdiyinə”, həmçinin Rusiya daxilində “müxalif fikirliyin qarşısının alınmasına” görə məhdudiyyət tətbiq edəcək.

Bundan əlavə Ağ Ev bildirir ki, artıq ötən dörd ay müddətində ABŞ-ın Rusiyaya ixracı, o cümlədən Putinin ordunu saxlamaq üçün lazım olan əsas texnoloji ixrac malları təxminən 97% azalıb. Rusiyanın bütün dünyadan mal idxalı isə ilin sonuna 40% azala bilər. 
 

MÖVZU İLƏ BAĞLI:

Neft Fondunun 1 milyardlıq köçürməsinə niyə ehtiyac qalmayıb? – İlham Şabanın ŞƏRHİ


ABŞ Rusiyaya təxminən 2,3 milyard dollar dəyərində olan 570-dən çox çeşiddə məhsula yüksək tarif dərəcəsi tətbiq edəcək. Bu tədbirlər Rusiyanın ABŞ bazarına satışdan iqtisadi fayda əldə etmək imkanlarını məhdudlaşdırmalıdır. 

Bütün bu faktorlar ona gətirib çıxarır ki, dünya bazarlarında Brent martkalı neftin qiyməti hələ də 110 dollardan yüksək dəhlizdə ticarət edilir, Avropada qaz qiymətləri isə Rusiyanın mavi yanaca ixracını azaltması səbəbdindən 1500 dollardan baha qiymətdə satılır.   

Elə bu ərəfədə Avropa İttifaqı 2035-ci ildən daxili yanma mühərrikli avtomobillərdən imtina etmək haqda qərar qəbul edib. 

Avropa İttifaqı Şurası 2035-ci ildən etibarən maye yanacaqla (benzin, dizel və qaz) işləyən avtomobillərin satışının dayandırılması təşəbbüsü ilə razılaşıb.

“Şura 2030-cu ilə qədər CO2 azaldılması hədəflərini minik avtomobilləri üçün 55%-ə, yük maşınları üçün isə 50%-ə çatdırmağa razılaşıb. Şura həmçinin yeni avtomobillər üçün 2035-ci ilə qədər karbon qazı emissiyalarının 100% azaldılması hədəfinin tətbiqini təsdiqləyib”, – Aİ Şurasının bəyanatında deyilir.

Təsdiqlənmiş təşəbbüsə əsasən, 2035-ci ildən Aİ-də yalnız karbon qazı istehsal etməyən avtomobillər satılacaq. Yeni maşınlar üçün əsas tələb sıfır emissiya ilə, yəni ya daxili yanma mühərriki əvəzinə elektrik mühərriki ilə, ya da hidrogen kimi karbonsuz yanacaqlarla işləməkdir.

Aİ üzvü olmayan Norveç isə 2025-ci ildən daxili yanma mühərrikli yeni minik avtomobillərinə qadağa ilə bağlı qərar verib. 2030-cu ildə Aİ üzvləri Danimarka, İrlandiya, Hollandiya, Sloveniya və İsveç, eləcə də İslandiya da belə avtomobillərin satışını qadağan edəcək.

Öz növbəsində “Deutsche Welle” (Alman radiosu) bildirir ki, Britaniyanın “Jaguar” şirkəti 2025-ci ildən yalnız elektromobillər istehsal edəcək. İtaliyanın “Fiat” şirkəti 2027-ci ildən Avropada yalnız elektrik avtomobilləri satmağa hazırlaşır, konsernin digər brendi – Almaniyanın “Opel” markası da 2028-ci ildə belə bir addım atmağa hazırlaşır.

Almaniyanın “BMW” konserninin Britaniyadakı törəmə şirkəti olan “Rolls-Royce” 2030-cu ildə eksklüziv elektrik avtomobillərinin istehsalına keçəcək, elə həmin ildə “Volvo” nəhayət daxili yanma mühərrikindən imtina edəcək.
Azərbaycanda neft hasilatı. 2022-ci ilin avqust ayında OPEC+ sazişi çərçivəsində Azərbaycanın gündəlik neft hasilatı üzrə kvotası 11 min barel artacaq.

Bu barədə məlumat verən energetika naziri Pərviz Şahbazov birib ki, Azərbaycan OPEC+ nazirlərinin 30-cu iclasında qəbul edilən 2022-ci ilin avqust ayında gündəlik neft hasilatının 648 min barel artırılması haqqında qərarı dəstəkləyib.

Bu qərara əsasən, 2022-ci ilin avqust ayında neft hasilatı üzrə Azərbaycanın kvotası 11 min barel artacaq.

İyul ayında Azərbaycanın gündəlik kvotası 706 min abrel təşkil edib. Beləliklə, avqust ayında OPEC+ sazişi çərçivəsində ölkənin neft hasilatı üzrə kvotası 717 min barel təşkil edəcək. 

Xəzəryanı dövlər başçılarının zirvə görüşü. Bu həftə Türkmənistan paytaxtında nəhayət ki, ötən ildən bəri bir neçə dəfə təxirə salınan Xəzəryanı ölkə başçılarının zirvə toplantısı baş tutdu. Bundan öncə beş dövlət başçısı 2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində görüşmüş və Xəzərin hüquqi statusuna dair 22 il davam edən danışıqları yekunlaşdırmış və Xəzər dənizi ətrafı ölkələrin bu qapalı su hövzəsində siyasi, iqtisadi, ekoloji və hərbi sahələrdə fəaliyyətlərini müəyyənləşdirmişdilər. 

Bundan öncə isə Xəzəryanı dövlət başçılarının zirvə toplantıları 2014-cü ildə Rusiyanın Həştərxan şəhərində, 2010-cu ildə Bakıda, 2007-ci ildə Tehranda və 2002-ci ildə Aşqabadda keçirilmişdi.

Aşqabadda ikinci dəfə keçirilən Xəzəryanı dövlət başçılarının görüşündə mütəmadi baş tutan zirvə toplantılarının qərarlarının əhəmiyyəti və onların səmərəli icrasının zəruriliyi vurğulandı.

Yekunda isə “Xəzər beşliyi”nin liderləri yekun kommünike imzaladılar. Həmin sənədə görə, Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan prezidentləri Xəzərdə bir sıra fəaliyyət prinsiplərini təsdiq ediblər.

Kommunikedə qeyd olunur ki, onu imzalayanlar Xəzər dənizindən dinc məqsədlərlə istifadə edilməsi, onun sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzərlə bağlı bütün məsələlərin sülh yolu ilə həlli edilməsinin tərəfdarıdırlar.

Kommunikedə həmçinin bildirilir ki, növbəti Xəzər sammiti razılaşdırılmış vaxtda İranda keçiriləcək.

Və altıncı dəfə keçirilən Xəzər dövlət başçılarının yekun kommünikesinə əsasən, Xəzəryanı dövlətlərin liderləri regionun resurslarından dinc məqsədlər üçün istifadə etmək barədə razılığa gəliblər.

Prezident İlham Əliyev VI zirvə toplantısında çıxışı zamanı görüş iştirakçılarının diqqətini ekoloji problemlərin həllinə və Xəzərdə nəqliyyat əməkdaşlığının genişləndirilməsinə yönəldib. 

Onun sözlərinə görə, Xəzər dənizinin dayazlaşması narahatlıq doğuran məsələdir və bu barədə Xəzəryanı dövlət başçıları ilə fikir mübadiləsi aparılıb.
Bu hadisə artıq uzun illər boyu müşahidə edilir və təəssüf ki, Xəzərin dənizində suyun azalma dinamikası hələ müşahidə edilməkdəir. İlham Əliyevin bəyan edib ki, belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması vacibdir. 

“Dostluq” haqda danışılmayan ikitərəfli görüşlər. Prezident İlham Əliyev Aşqabada səfəri çərçivəsində Türkmənistanın eks-prezidenti Qurbanqulu Berdımühəmmədov və 2022-ci ilin martında ölkənin yeni seçilmiş dövlət başçısı Sərdar Berdımühəmmədovla görüşüb. Görüşləri çərçivəsində ölkələrimiz arasında qonşuluq siyasətinin gücləndirilməsi, iqtisadi əlaqələrin daha da artırılması və həmçinin mədəni əlaqələrin roluna toxunulub.

Mənim diqqətimi çəkən bir məqam isə o oldu ki, bu görüşlərdə iki ölkənin müştərək neft-qaz layihəsi olan “Dostluq” yatağından söz açılmadı. Heç bu haqda Xəzəryanı dövlət başçılarının zirvə toplantısında da nəsə vurğulanmadı. Amma hamıya bəllidir ki, ötən əsrin 90-cı illərinin ortasından məhs indi “Dostluq” adlandırılan yatağa görə, Azərbaycan-Türkmənistan münasibətləri gərginləşmiş və uzun illər mübahisə predmeti olaraq qalmışdı. 

2021-ci ilin yanvarında Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair hökumətlərarası saziş imzalanmış, daha sonra bu sənəd qısa müddətdə hər iki ölkənin parlamentlərində təsdiq edilmişdi.

O zaman iki ölkənin bu anlaşmasını dünya mətbuatı məhz 2018-ci ildə Xəzərin hüquqi statusunun həllinə dair Xəzəryanı dövlət başçılarının ortaq məxrəcə gəlməsindən sonra əldə edilən ən böyük uğur kimi qiymətləndirir və Xəzərin o tayının böyük enerji resurslarının gələcəkdə bu taya çatdırılması yönümündə reallaşacaq layihələrin əsası kimi görürdülər. 

Amma nədənsə Aşqabad görüşlərində həm ikitərəfli, həm də zirvə toplantısında bu məsələnin üzərindən sükutla keçildi. 

Maraqlı bir fakt odur ki, ötən il yarım müddətdə Türkmənistanın dövlət başçılarının qəbulunda SOCAR rəhbərliyi həm 2021-ci ilin noyabrında, həm də bu ilin mayında olub. Mətbuat üçün diplomatik tərzdə ikitərəfli maraq doğuracaq məsələlərin müzakirə edildiyi diqqətə çatdırılıb və..vəssalam. 

“Dostluq” yatağının birgə işlənməsi ilə bağlı hələ indiyə qədər onun kommersiya sazişi imzalanmayıb və layihəni reallaşdıracaq təsərrüfat subyektlər də müəyyənləşdirilməyib. Yeganə sənəd hökumətlərarası sazişdir.
Elə isə Türkmənistan məsələnmi niyə yubadır? Bunun məntiqi cavabı o ola bilər ki, Türkmənistan yatağın işlənməsi üçün tələb olunan kapital xərcləri etməkdə tərəddüd edir. Çünki indiyə qədər onun neft-qaz yataqlarının işlənməsi praktikası belə olub ki, xarici tərəfdaşları hasilat dövrünə qədər olan müddətdə bütün xərcləri özləri çəkir və sonradan xammalın satışı zamanı Türkmənistan özünə çatacaq paydan onun xərclərini geri qaytarmağa başlayır.

İctimaiyyətə sızdırılan məlumata görə, Türkmənistaqn tərəfinin layihədə payı 70% olmalıdır, təbii ki, bu qədər payın kapital xərcini də Xəzərin o tayındakı qonşumuz ödəməlidir. Başqa bir məlumata görə, Türkmənistan anlayır ki, bu qədər kapitalın yatırılması onun imkanı xaricindədir və ona görə də layihədə özünə düşən maliyyə yükünü azaltmaq üçün üçüncü bir tərəfə payından satmaq mümkündür. Və indiyə qədər rəsmi Aşqabadın bununla bağlı Rusiyanın “LUKoyl” şirkətindən başqa qeyrisi ilə danışıqları olmayıb.

Tərslikdən isə... Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra şimal qonşumuzun neft-qaz şirkətlərinə Qərb çox ciddi sanksiyalar tətbiq etməyə başladı və onlardan biri də budur ki, dərinsulu hissələrdə neft-qaz layihələri üçün texnologiya və texnoloji avadanlıq Rusiya şirkətlərinə verilmir artıq. 

Çox güman ki, Azərbaycan və Türkmənistan hazırda gözləmə mövqeyində durmağa üstünlük verirlər ki, Rusiya-Ukrayna, Rusiya-Qərb münasibətlərinin orta və uzaq perspektivləri müəyyənləşsin.

“Şərqi Azəri” platformasıda hasilatın bərpası. Başa vurduğumuz həftə Azərbaycanın ən böyük neft yataqlar blokunda – “Azəri-Çıraq-Günəşli”də layihənin operatoru olan BP şirkəti “Şərqi Azəri” platformasında planlaşdırılmış profilaktik işlər proqramını uğurla başa çatdırmağa nail oldu.

“Şərqi Azəri” platformasından hasilat iyun ayının 13-dən başlayaraq 15 gün müddətinə dayandırılmışdı ki, buraya da planlaşdırılmış profilaktik işlər, inspeksiya və platformanın istismarının effektivliyinin artırılması işləri daxil idi.
Bu proqram çərçivəsində müxtəlif layihələr, o cümlədən məşəl alışdırma sisteminin modernləşdirilməsi, radioizotop mənbələrin dəyişdirilməsi və vacib təmir işləri həyata keçirilmişdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin