Valyuta dəyişmə məntəqələrinin fəaliyyəti bir müdət öncə dayandırılmışdı. Lakin 2020-ci ildən etibarən ölkədə yenidən məntəqələrin istifadəsinə icazə verilib. İndiyə qədər Azərbaycan Mərkəzi Bankı (AMB) banklarda başqa cəmi 1 şirkətə - “Eliko” MMC-yə valyuta mübadiləsi fəaliyyətini lisenziya verib.
Bu halda valyuta mübadilə lisenziyası olmayan fiziki şəxslərin “exchanger” lərdən valyuta alıb banklara sata bilməsi məsələsi də bir çox şəxsi maraqlandıran məsələdir.
MÖVZU İLƏ BAĞLI:
Valyuta dəyişən məntəqələr niyə bağlandı və niyə AÇILMIR?
Bəs lisenziya olmadan, fiziki şəxs kimi valyuta satışını həyata keçirmək mümkündürmü? Bu məsələ qanunvericiliklə necə tənzimlənir?
İqtisadçı-ekspert Əkrəm Həsənov Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, lisenziya olmadan bu işi biznesə çevirmək qanunvericiliklə qadağandır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib.
Lakin hər kəs valyuta alıb, sata bilər. Amma bu onun peşəkar fəaliyyəti olmamalıdır. Yəni, hansısa fiziki şəxs bunu daimi gəlir yerinə çevirmək istəyirsə, artıq sahibkar hesab olunur.
Ona görə də fiziki şəxslər Mərkəzi bankdan bunun üçün lisenziya almalıdır. Əks halda, lisenziya olmayan şəxs "exchanger"lərdən yəni valyutadəyişmə məntəqələrindən valyuta alıb banklara və digər şəxslərə satmaq istəyirlərsə, inzibati xətalar məcəlləsinə görə, bu addım qanun pozuntusu hesab olunur. Lakin daimi fəaliyyət kimi bunu görməyən, az hallarda valyutanın satışını edən şəxslər üçün heç bir problem yoxdur”, - deyə Ə.Həsənov açıqlamasında bildirib.
Səkinə Yusibli, Bizim.Media