“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 119-cu kitabı çapdan çıxıb.
Bizim.Media xəbər verir ki, çoxcildliyin yeni kitabındakı materiallar 2022-ci ilin aprel-may aylarını əhatə edir.
O dövrün mühüm hadisələrindən biri ADA Universitetində “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi olub.
Həmin konfransda İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornelin sualını cavablandıran Prezident İlham Əliyev deyib:
“Biz gələcəyə baxmalıyıq və Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır. Bu halda, Ermənistanın siyasəti heç bir məntiqə sığmır. Ola bilsin, onlara bir az vaxt lazımdır. Bəlkə də onlar öz fikirləri əsasında ola biləcək riskləri qiymətləndirməlidirlər. Lakin hesab edirəm ki, bu, qaçılmazdır. Biz hazırıq. Gürcü həmkarlarımız da hazırdır. Fikrimcə, bu, birinci addım ola bilərdi”.
Aprelin 28-də Şuşada işinə başlamış və Bakıda davam etmiş beynəlxalq konfransda dövlətimizin başçısının çıxışının mətni, suallara cavabları, həmçinin konfrans barədə materiallar yeni kitaba daxil edilib.
Kitabda Azərbaycan Prezidentinin işğaldan azad edilmiş bölgələrə səfərləri də əksini tapıb. Mayın 10-da Prezident İlham Əliyev Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısı, həmin gün Şuşaya da gedib, məşhur tarzən, bəstəkar və sənətkar Sadıqcanın vaxtilə yaşadığı evdə, Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri, “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazi, Şuşa Real məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanış olub, “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılış mərasimində çıxış edib.
Bu səfərlərdən, habelə mayın 12-də Prezidentin Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışında iştirakından bəhs edən materiallar çoxcildliyin 119-cu kitabında toplanıb.
Azərbaycan Prezidentinin Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri, o cümlədən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanışlığı, “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirakı, Zəngilanda “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı zamanı kənd sakinləri ilə görüşü haqqında informasiyalarla, həmin görüşdəki çıxışının mətni ilə də yeni kitabda tanış olmaq mümkündür.
Nəşrə Azərbaycan Prezidentinin Türkiyəyə işgüzar səfəri çərçivəsində Rizə-Artvin Hava Limanının açılışında iştirakına dair xəbərlər, iki qardaş ölkənin liderlərinin açılış mərasimində çıxışlarının mətni daxil edilib. Kitabda dövlətimizin başçısının Belçikaya işgüzar səfəri haqqında informasiyalar da verilib.
Kitaba Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü barədə məlumat, liderlərin mətbuata bəyanatlarının, Azərbaycan-Litva biznes-forumunda çıxışlarının mətnləri daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 119-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:11 / 01.07.2022
İlham Əliyevin yeni kitabı çapdan çıxıb - FOTO
Hazırda oxunan: İlham Əliyevin yeni kitabı çapdan çıxıb - FOTO
Hazırda oxunan: İlham Əliyevin yeni kitabı çapdan çıxıb - FOTO
81820
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.