Zaman bəzi yaraları qanatdığı, göynətdiyi kimi, bəzilərini isə qapatmaq, sağaltmaq gücündədir. Şuşaya səfərimiz zamanı bu fikrə bir daha şahidlik etdik.
Azərbaycan profesional musiqi ifaçılarından biri olan Bülbülün, Şuşada mənfur qonşularımız tərəfindən işğal zamanı, odun damına çevirilimiş ev muzeyi də belə sağalan, qapanan yaralarımızdandır.
Sənətkarın varisi Polad Bülbüloğlu da ata evinə işğalın sürdüyü dönəmlərdə ziyarət etdiyi vaxt burada gördüklərindən dəhşətə gəlmişdi.
Məhz işğaldan azad olunan Şuşada ilk bərpa olunan muzeylərdən biri Bülbülün Ev Muzeyi oldu. İndi bu muzey əsl sahiblərini qarşılamağa hazırdır. Evə girərkən sanki daşlar da dil açıb “azadam” demək, bütün dünyaya yad ayaqlar altındakı əsirlikdən azad olduğunu hayqırmaq istəyir.
Əvəzolunmaz səsə və ecazkar ifaçılıq məharətinə sahib olan Bülbülün doğulub böyüdüyü Şuadakı evi 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin tövsiyəsi ilə muzey elan olunub. 1992-ci il Şuşanın işğalına qədər bura ev muzeyi kimi fəaliyyət göstərib.
1752-ci ildə Pənahəli Xan Cavanşir tərəfindən təməli qoyulan Şuşanın mərkəzində yerləşən bu evi 1787-ci ildə Bülbülün ulu babası Kərbəlayı İsmayıl inşa edib. Bu evdə ilk yaşayan 8 nəfər də, ata, ana və 6 övladı olub. Bülbül isə 13-14 yaşlarına qədər bu evdə yaşayıb.
Bülbülün Şuşadakı ev muzeyinin direktoru Fəxrəddin Hacıbəylinin məlumatına görə, evin qarşısındakı qocaman tut ağacının 151 yaşı var. O bu tut ağacının Bülbüllə bağlı çox maraqlı bir tarixçəsi olduğunu söyləyib.
Uşaqkən bu ağacın üstünə qonan bülbüllərin səsi balaca Murtuzada oxumağa həvəs yaradır. O, ağacın üstünə çıxaraq bülbülləri təqlid etməyə başlayır. Məhz bu ağacdan və Şuşa torpağından ilham alan sənətkara gələcəkdə bülbül kimi incə və məlahətli səsə malik olduğu üçün “Bülbül” adı verilir.
Bülbülün tut ağacı və ata yurdu ilə son görüşü də ölümündən bir ay qabaq olur. Oğlu Poladla birlikdə Şuşadakı ata evinə gələn Bülbül tut ağacına sarılıb xeyli ağlayır.
Daha sonra isə “Şuşa Realni məktəbinin” qarşısında Şuşalılar üçün pulsuz konsert verərək sanki onlarla vidalaşır.
44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan Şuşada Azərbaycan prezidenti İlham Əliyevin ilk səfər etdiyi yerlərdən biri də, məhz Bülbülün dağıdılmış ev muzeyi olub və prezident tövsiyə edib ki, Polad Bülbüloğlu öz ata ocağını təmir etsin. Bundan dərhal sonra hazırda Polad Bülbüloğlu ata yurdunu təmir etdirib və bura muzey kimi yenidən fəaliyyətə başlayıb.
Hazırda həyətin arxa tərəfində bərpa işlərindən sonra istifadəyə verilən geniş baxça 250- 300 nəfərlik konsert zalı kimi fəaliyyət göstərir. İşğal zamanı həyətdə yarı dağılı halda qoyulan Bülbülün tarixi heykəli isə Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə erməni vandallığının iç üznü dünyaya göstərmək üçün məhz yarıuçuq şəkildə saxlanılır. Dağılmış heykəlin qarşısında isə dahi Bülbülün yeni hazırlanmış büstü dayanır.
Evin içinə doğru getdikcə Bülbülün uşaqlıq maketlərinin də, yer aldığı geniş xatirə lövhəsi diqqəti cəlb edir. Lövhənin sağında isə kiçik masa dayanır. Digər otaqda isə Bülbülün gənclik və ahıl dövrünə aid olan, musiqi fəaliyyətini əks etdirən şəkillər yer almaqdadır.
Həyətdə Bülbülün böyüyüb boya başa çatdığı evin qarşısındakı digər bina isə inzibati məqsədlər üçün istifadə olunur.
Muzeyin direktorunun bizə verdiyi məlumata görə, inzibati binanı işğal zamanı erməni əsgərləri kazarmaya çeviribmiş. Hazırkı ev muzeyini ilk otağına isə ermənilər həmişə odun yığarmışlar. Digər otaqda isə erməni komandirlər öz yavərləri ilə yaşayıblar.
Leyla Şah, Bizim.Media