Güləşçilərimiz 8 medal qazandılar - FOTO

Hazırda oxunan: Güləşçilərimiz 8 medal qazandılar - FOTO

80551

İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turniri start götürüb.

Azərbaycan Güləş Federasiyasından Bizim.Media-ya bildirilib ki, yarışın ilk günündə 55, 60, 63, 67, 87, 97 və 130 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Altımız kiloqram çəki üzrə yarışan idmançılar 2 qrupa bölünüb. A qrupunda yer alan güləşçilərimizdən Murad Məmmədov ilk turda türkiyəli Ekrem Öztürkə (14:1), Nihat Məmmədli isə amerikalı İldar Hafizova (9:4) qalib gəlib. İkinci turda güləşçilərimiz bir-biri ilə qarşılaşıblar.
Daha təcrübəli Murad 7:1 hesablı qələbə əldə edib. Sonuncu turda Nihat Ekrem Öztürkü (11:0), Murad isə İldar Hafizovu (9:0) çətinlik çəkmədən məğlub edərək yarımfinala yüksəliblər.

B qrupunda Eldəniz Əzizli startda rumıniyalı Teodor Horataunu çətinlik çəkmədən məğlub edib - 8:0. Dünya və Avropa çempionumuz növbəti görüşdə 2018-ci ildə qitə birinciliyinin finalında məğlub etdiyi Helari Maeqisaluya (Estoniya) tam üstünlüklə (10:0) qalib gəlib və adını yarımfinala yazdırıb.

M.Məmmədov yarımfinalda Helarini (9:4), E.Əzizli isə Nihatı (9:0) üstələyib. N.Məmmədli 3-cü yer uğrunda görüşdə Maeqisaluya (10:0), Məmmədov isə finalda Əzizliyə (9:1) qalib gəlib.

Altımış üç kiloqramda A qrupunda qərarlaşan Taleh Məmmədov ilk görüşdə moldovalı dünya və Avropa çempionu Viktor Çiobanuyla bacarmayıb. Məmmədov ikinci turda amerikalı Deyvid Telkeyə tam üstünlüklə qalib gəlib - 10:0.
Taleh yarımfinalda rumıniyalı Razvan Arnauta gücünü göstərib - 4:1. Məmmədov finalda yenidən Çiobanuyla qarşılaşıb və bu dəfə revanş alıb - 4:2

Həsrət Cəfərov (67 kq) təsnifat mərhələsində macar Erik Torbanı vaxtından əvvəl məğlub edib - 8:0. Cəfərov 1/4 finalda isveçli Niklas Oehlenə də aman verməyib - 9:0. Həsrət yarımfinalda 23 yaşadək güləşçilər arasında dünya ikincisi Məhəmməd Cavad Rezaiyə (İran) 8:3 hesabı ilə qalib gələrək adını finala yazdırıb. Həlledici görüşdə türkiyəli Furkan Yıldıza göz açmağa imkan verməyən (9:0) Cəfərov baş mükafata yiyələnib.

İslam Abbasov (87 kq) ilk mərhələdə estoniyalı Ranet Kaljoladan güclü olub - 5:0. Abbasov 1/4 finalda macar İştvan Takaçı yolundan kənarlaşdırıb - 10:4. İslam yarımfinalda dünya ikincisi Aleks Kessidisə (İsveç) qalib gəlib - 2:0. Sumqayıt güləş məktəbinin yetirməsi finalda Macarıstanın digər təmsilçisi Erik Silvaşini sonuncu xal prinsipinə əsasən (1:1) üstələyərək, turnirin qalibi olub.

Doxsan yeddi kiloqram çəkidə təmsilçilərimiz 1/8 finalda üz-üzə gələcək. Arif Niftullayev cərimə xalları ilə Murat Lokyayevi üstələyib - 2:0. Niftullayev 1/4 finalda macar Aleks Şokeyə 1:3 hesabı ilə uduzub.

Sabah Şəriəti (130 kq) ilk görüşdə 23 yaşadək güləşçilər arasında son Avropa çempionu Dariuş Attila Vitekə (Macarıstan) heç bir şans tanımayıb - 8:0. Şəriəti 1/4 finalda amerikalı Kolton Şults üzərində də təmiz qələbə qazanıb - 10:0.
Bu mərhələdən mübarizəyə qoşulan Beka Kandelaki isə litvalı Romas Fridrikasa qalib gəlib - 4:0.

Yarımfinalda təmsilçilərimiz üz-üzə gəlib. Sabah sonuncu xal prinsipinə əsasən (1:1) finala vəsiqə qazanıb. Kandelaki 3-cü yer uğrunda görüşdə Şultsu 4:2 hesabı ilə məğlub edibsə, Şəriəti finalda dəfələrlə dünya və Avropa çempionu olmuş Rza Kayaalpa (0:4) uduzub - 0:4.

Beləliklə, yunan-Roma güləşçilərimiz yarışın ilk günündə 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin