“Bu müqavilə Özbəkistan və Azərbaycan mediasının öz təcrübəsini bölüşməsi baxımından əhəmiyyətlidir” — RƏYLƏR

Hazırda oxunan: “Bu müqavilə Özbəkistan və Azərbaycan mediasının öz təcrübəsini bölüşməsi baxımından əhəmiyyətlidir” — RƏYLƏR

80520

"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu” imzalanıb. Media nümayəndələri memorandumla bağlı fikirlərini Demokrat.az-la bölüşüblər. 

“Bizim media” informasiya portalının baş redaktoru Anar Tahirov Demokrat.az-a açıqlamasında bildirib ki, media sahəsində Özbəkistanla əməkdaşlığın qurulması yenilik hesab olunmamalıdır:


“Elə bu il aprelin 1-də Özbəkistan Milli İnformasiya Agentliyi “UzA”nın rəhbərliyi ilə MEDİA arasında görüş keçirilib və əməkdaşlıq perspektivləri müzakirə olunub. Onu da qeyd etməliyik ki, media sahəsi qarşılıqlı tərəfdaşlığın önəminin ən qabarıq hiss olunduğu sektorlardan biridir.

Təbii ki, Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivlərində bu sahənin də nəzərə alınmasının əhəmiyyəti böyükdür. Bu istər xalqlarımız arasında yaxınlaşmanın təmin olunması, istərsə də qarşılıqlı təcrübə mübadiləsi aspektindən ciddi addım hesab oluna bilər. Çünki mətbuatın ictimai rəyin formalaşdırılmasında rolu danılmazdır.

Bu təsir gücündən ölkələrimiz arasında yaxınlaşmanın təbliği istiqamətində istifadə olunması xalqlarımız arasındakı tarixi bağların möhkəmlənməsinə, eləcə də türk dövlətləri arasında inteqrasiyanın cəmiyyətlərin inteqrasiyasına da sirayət etməsinə səbəb olacaq.
Ümidvaram ki, bu əməkdaşlıq dərin tarixi köklərlə bağlı olduğumuz özbək xalqı ilə xalqımız arasında yeni sosial-mədəni körpülər inşa etməyə imkan yaradacaq”.

Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, "İki sahil' qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  bildirib ki, bu Anlaşma Memorandumunun imzalanması iki ölkə arasında qarşılıqlı əlaqələrə müsbət təsir göstərəcək:


“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması hesab edirəm ki, bu sahədə qarşılıqlı əməkdaşlıq üçün kifayət qədər böyük potensial olduğunu ortaya qoyur.

Düşünürəm ki, bu cür əlaqələrin olması və belə müqavilələrin imzalanması olduqca əhəmiyyətlidir. Çünki bu təcrübə mübadiləsi baxımından olduqca vacibdir. Həmin ölkələrdə media ilə bağlı olan proseslərin, medianın inkişafı və xüsusiyyətləri ilə bağlı kifayət qədər detalların, qarşılıqlı mənimsənilməsi, təcrübə mübadiləsi şəraitində onun öyrənilməsi çox əhəmiyyətlidir.

Qeyd edim ki, Medianın İnkişafı Agentliyi son illər Azərbaycanda kifayət qədər uğurlu layihələrin reallaşdırılması istiqamətdə mühüm işlər görüb. Həm fərdi yazı müsabiqələrin, həm də redaksiyalararası layihələrin həyata keçirilməsində kifayət qədər uğurlu işlərə imza atıb. İnanıram ki, bu yeni əməkdaşlıq ən başlıcası beynəlxalq jurnalistikada peşəkarlığın artırılmasına xidmət edəcək.

Ümumiyyətlə, beynəlxalq jurnalistikanın yeni çağırışlara necə adekvat cavab verirsə, bununla bağlı qarşılıqlı əməkdaşlığın çox böyük fayda olacağına inanıram. Özbəkistan və Medianın İnkişafı Agentliyi rəhbəri Əhməd İsmayılov tərəfindən imzalanmış bu memorandum, qarşılıqlı əməkdaşlıqla bağlı protokol çox vacibdir.

Bu protokol əməkdaşlığın genişləndirilməsinə, bütövlükdə Azərbaycanda jurnalistikanın inkişafına mühüm töhfələr verəcəyinə şübhəm yoxdur”.

APA Media Holdinqin baş direktoru Vüsalə Mahirqızı isə açıqlamasında qeyd edib ki, Media Agentliyinin ikili münasibətləri inkişaf etdirməsi, digər ölkələrin analoji quurmları arasında sazişlər imzalanması kifayət qədər əhəmiyyətli bir hadisədir:


“Düşünürəm ki, Özbəkistanla bu müqavilənin imzalanması bir çox səbəbdən bizim üçün önəmlidir. Birinci o baxımdan ki, Özbəkistan həm də Türk Şurasının üzvüdür. Azərbaycan da Türk Şurasında fəal iştirakçı ölkədir və ümumiyyətlə, Türk Şurasının prioritetlərindən biri də türkdilli ölkələrin media üzrə vahid platformada təmin olunmasına şərait yaratmaqdır. Bu baxımdan təbii ki, Özbəkistanla müqavilənin imzalanması çox önəmlidir.

İkinci o baxımdan önəmlidir ki, nəinki Özbəkistan və yaxud da türkdilli ölkələr, ümumiyyətlə, hesab edirəm ki, ikili münasibətləri inkişaf etdirmək və ikili qurumlar arası, ikili ölkələrarası münasibətləri birbaşa qurmaq lazımdır.
Biz bir çox hallarda ölkələrin medialarının  bir-birilə əlaqələrinin olmadığını, bir-birlə təcrübə mübadiləsi aparmadığını görürük. Bilirik ki, daha çox transmilli mediadan həm təcrübə öyrənilər, həm də məlumatları transmilli media vasitəsilə alarlar. Təcrübə bölüşümünü də transmilli media qurumlarından edirlər.

Bu isə daha çox media monopoliyasiyanın yaranmasına, transmilli media qurumların, bütünlükdə media informasiya bazarının monopoliyada saxlamasına səbəb olur.

Ona görə də, hesab edirəm ki, bu cür ikitərəfli münasibətlər, təcrübə bölüşümünün artırılması üçün, eyni zamanda indiki konkret bu müqavilədə Özbəkistan və Azərbaycan mediasının öz təcrübəsini bölüşməsi, Özbəkistan və Azərbaycan mediasını birgə tədbirlər keçirməsi, həmçinin qarşılıqlı səfərlər etməsi baxımından çox əhəmiyyətlidir.

Mən arzu edirəm ki, Medianın İnkişafı Agentliyi bu cür müqavilələrinin sayını gələcəkdə artırsın. Habelə, bu cür real əməkdaşlıqların qurulmasını gələcəkdə də daha da genişləndirsin”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin