Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin yüksək vəzifəlilərinin fəaliyyəti ilə bağlı araşdırmalara başlanılıb. Qeyri-rəsmi məlumata görə, əməliyyat Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında həyata keçirilib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin bir sıra yüksək çinli məmurunun saxlanıldığı iddia olunur. Məlumata görə onlardan biri də “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilovdur.
MÖVZU İLƏ BAĞLI:
DTX-nin həbs etdiyi yüksək vəzifəli şəxsin kimliyi bilindi – FOTO
Ehtiram Xəlilovun Dövlət Gömrük Komitəsinin “qara kassa”sı olduğu ilə bağlı iddialar var. Əməliyyat çərçivəsində Gömrük Komitəsinin sədrinin müavini İqbal Babayevin saxlanıldığı bildirilsə də, onun sonradan sərbəxt buraxıldığı məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə sözügedən əməliyyat tədbirlərinin davamı olaraq DGK-nin daha bir generalı, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov da istintaqa cəlb edilib.
Kənan Məmmədov daha öncə də medianın günləmində qanunsuz əməlləri ilə yadda qalıb.
Hansı ki, “LİON CENTRE” MMC-nin direktoru, Çindən satış üçün Azərbaycana mallar idxal edən iş adamı Ramil Aslanov Kənan Məmmədov tərəfindən mallarının bir qisminin oğurlandığını bildirib və onun qanunsuz əməlləri ilə bağlı ölkə rəhbərliyinə müraciət etmişdi.
MÖVZU İLƏ BAĞLI:
DTX Gömrük Komitəsində əməliyyat keçirdi - SAXLANILANLAR VAR
Kənan Məmmədovun adı sadə vətəndaşlara 100 min manatlarla vergi borcu yaradan qanunsuz şirkətlərin əksəriyyətinin bünövrəsini qoymasında çəkilir. Onun kargo sahibləri ilə işləyərək, ayrı-ayrılıqda monopoliyada saxladığı sahələrin olduğu da deyilir.
Xüsusilə, Kənan Məmmədov milyonlarla manat dövlət vəsaitini büdcədən yayındırmaqda, şəxsi ambisiyalarını dövlətin mənafeyindən üstün tutmaqda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna xələl gətirməkdə ittiham olunur.
Digər iddilara görə o, özünə yaxın olan şirkətlərlə və iş adamları ilə əldə etdiyi milyonlarla manat vəsaiti qara bazarda dövr edib. Əldə etdiyi əlavə vəsaiti özünə və yaxınlarına məxsus saxta hesablarda yerləşdirib.
Kənan Məmmədov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə 2018-ci ildə təyinat alıb. Ondan əvvəl Kənan Məmmədov Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb. Onu da bildirək ki, Kənan Məmmdov Səfər Mehdiyevin həmyerlisi və yaxın dostudur.
Alçina Amilqızı, Bizim.Media