Xəbər verdiyimiz kimi, məşhur amerikalı aktyor Ben Stiller Ukraynaya səfər edib. Hollivud ulduzu bazar ertəsi Kiyevdə Volodimir Zelenski ilə görüşərək, Rusiyanın işğalı qarşısında Ukraynaya qlobal dəstəyi topladığı üçün onu “öz qəhrəmanı” adlandırıb.
Bizim.Media xəbər verir ki, Dünya Qaçqınlar Günündə Ukrayna lideri ilə görüşən BMT-nin xoşməramlı səfiri Ben Stiller “Bu, mənim üçün böyük şərəfdir... Sən mənim qəhrəmanımsan!” sözlərini dilə gətirib.
56 yaşlı amerikalı komediya ustası Zelenskinin dünya üzrə saysız-hesabsız çıxışlarına toxunaraq, "Sizin etdikləriniz, ölkəni, dünyanı bir araya gətirməyiniz həqiqətən ruhlandırıcıdır" deyə fikirlərini çatdırıb.
Onların görüşünün görüntüləri Zelenskinin "Telegram" kanalında paylaşılıb.
Bazar ertəsi səhər Stiller 2022-ci ilin fevral işğalının başlanğıcında şiddətli döyüşlərin olduğu İrpen şəhərinə də baş çəkib.
"Mənə elə gəlir ki, əgər burada olmamısansa, həqiqətən nə baş verdiyini anlamaq çətindir"- deyə Hollivud ulduzu Zelenski ilə söhbətində bildirib.
“Bu səhər mən İrpendə idim... və əsl dağıntı səviyyəsini siz televizorda, sosial şəbəkələrdə görürsünüz, amma bunu real görmək, hiss etmək, sonra insanlarla danışmaq başqa şeydir", amerikalı aktyor söyləyib.
İngilis dilində danışan Zelenski Stillerə gəldiyinə görə təşəkkür edib və Ukraynada baş verənləri insanlara daim xatırlatmağın onun üçün “çox vacib” olduğunu diqqətə çatdırıb.
“İnsanların unutmaması bizim üçün çox vacibdir. Hər gün müharibə haqqında danışmaq maraqlı deyil... amma bu, bizim üçün çox vacibdir” - deyə Ukrayna lideri aktyora bildirib.
Rəşad Əliyev, Bizim.Media