“ABŞ diplomatlarının son vaxtlar tez-tez Azərbaycana gətirən səbəb Ukraynadır”.
Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç söyləyib.
Səfirin sözlərinə görə ABŞ dipomatlarının Azərbaycana artan səfərləri əsasən Putinin Ukraynaya hücumu və bütün Cənubi Qafqaz ölkələrinin Ukraynaya güclü dəstək verməsinin vacibliyi ilə bağlıdır:
MÖVZU İLƏ BAĞLI:
ABŞ dövlət katibinin köməkçisi Şəhidlər Xiyabanında - FOTO
“Bu mənada ABŞ Dövlət Katibinin köməkçisi Karen Donfridin şəhidlər xiyabanına olan ziyarəti də bir növ müharibə görmüş Azərbaycan xalqının indi Ukraynanı daha yaxşı anlaması ilə bağlı idi. O, Şəhidlər Xiyabanında çox təsirli sözlər söylədi. Bu sözlər yalnız 44 günlük müharibədə deyil, bütövlükdə Qarabağ müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərə aid idi. Bu addımı ABŞ-ın birbaşa olaraq Azərbaycan xalqına verdiyi dəyərin göstəricisi saymaq olar”.
ABŞ rəsmilərinin Azərbaycana artan səfərlərinə digər səbəb kimi isə səfir, Rusiyanın Avropaya enerji axınını dayandırdığı vaxtda Azərbaycanın Avropanın enerji ilə təmin edəcək ölkə olması ilə bağlı olduğun bildirib.
“Düzü, Azərbaycan bu çətin vaxtda Avropanı enerji ilə təmin etmək niyyətində israrlı görünür, lakin onun ehtiyatları Avropanı tam təmin edəcək səviyyədə deyil, ölkəniz tranzit rolunu oynamaq üçün də mühüm mövqedədir. Bütün bunlar Azərbaycanın əhəmiyyətini daha da artırır”.
Səfirin sözlərinə görə ABŞ diplomatlarının ölkəmizə səfərlərində daha bir məqam isə Qarabağ ilə bağlıdır.
“ABŞ rəsmiləri sülh prosesinin irəli getməsi ilə bağlı səy göstərməyə çalışırlar. ABŞ münaqişənin yenidən alovlanmasından narahatdır. Buna görə də, ABŞ Avropa Birliyinin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan arasında aparılan danışıqları dəstəkləyir”.
Leyla Şah, Bizim.Media