Stalini məftun edən Azərbaycan gözəli KİM İDİ?

Hazırda oxunan: Stalini məftun edən Azərbaycan gözəli KİM İDİ?

79753

30 ilə yaxın SSRİ kimi nəhəng dövlətə rəhbərlik edən, on milyonlarla insanları sürgünə göndərən, “vətən xaini” adıyla güllələtdirən, Avropanın fatehi olan Adolf Hitleri diz çökdürən, əzazil və qatı kommunist İosif Vissarionoviç Stalin çox nadir insanlar qarşısında aciz qalıb. Onlardan biri də görkəmli aktrisa Leyla Bədirbəyli idi. Müasirlərinin dediyinə görə “dahi rəhbər” bu gözəl azərbaycanlı qızının sənəti və gözəlliyi qarşısında sadəcə aciz idi.

Stalin: Sən Azərbaycan gözəlisən

Tanınmış jurnalist Ramilə Qurbanlı özünün “33 pərdəli dram” kitabında yazır ki,”1938-ci ildə Moskvada Azərbaycan Mədəniyyəti günləri keçirilirmiş. Mədəniyyət kollektivinə Üzeyir bəy Hacıbəyov rəhbərlik edirmiş. Konsertlərdən birinə Stalin də gəlib.
Səhnədə Azərbaycan Dövlət Filarmoniyasının rəqs kollektivinin çıxışından sonra Stalin kollektivlə görüşür və yanında dayanan Üzeyir bəyə qızlardan birini göstərib kimliyi ilə maraqlanır. Üzeyir bəy “Leyladır, bizim rəqqasə qızlardan biri” deyə cavab verir. Stalin qızı yanına çağırıb onu qucaqlayır və alnından öpür: “Sən əsil Azərbaycan gözəlisən”- deyir”.

O dövrün adamları danışırdı ki, Stalin bu görüşdən sonra davamlı olaraq Moskvada təşkil olunan mədəniyyət dekadalarına gəlir, Leyla xanımın çıxışlarına doymadan tamaşa edirmiş. Təbii ki, “dahi rəhbər”in bu diqqəti Leyla Bədirbəyli yaradıcılığında da öz izini buraxıb. O cəmi 20 yaşındaykən Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət alır. Eyni zamanda, kinolara da çəkilir. Və təbii ki, o tamaşalarda bir qayda olaraq baş rolları oynayır.   

Leyla Bədirbəyli sınaq çəkilişsiz necə Gülçöhrə oldu?!

Ramilə Qurbanlı daha sonra yazır: “1945-ci il gəlib çıxır. Leyla Bədirbəyli artıq həm teatrda, həm də kinoda bir-neçə obrazlar oynayıb, tanınır, sevilir. Stalin “Arşın mal alan” musiqili komediyasını çox sevdiyindən onun filminin çəkilməsi ilə bağlı göstəriş verir. Üzeyir bəy Hacıbəyli əsas rollara Rəşid Behbudovla Leyla Bədirbəylini seçir.  Gülçöhrə roluna 100-dən artıq namizəd var idi. Onların hər biri sınaq çəkilişlərində olur. Ancaq Leyla Bədirbəyli heç bir sınaq çəkilişlərində iştirak etməyir. O, məhz Üzeyir bəyin dəvəti və təşəbbüsü ilə filmə çəkilib”.

Leyla xanım öz işinin öhdəsindən bacarıqla gəlir. Ümumiyyətlə, film çox uğurlu alınır. Və dünya şöhrəti qazanır. Leyla Bədirbəyli Gülçöhrə roluyla təkcə keçmiş SSRİ məkanında deyil, bütün dünyada tanınıb, sevilir.

Leyla Bədirbəyli Gülçöhrə roluna görə 1946-cı ildə Stalin mükafatına (sonralar SSRİ Dövlət mükafatı adlandırıldı) layiq görülür. Stalinin Leyla Bədirbəyliyə olan sevgi və sayğısı haqqında zamanında çox söhbətlər gəzib. 
“Stalinin Leyla xanıma sevgisi platonik olub”

Bizim.Media-ya açıqlamasında Xalq artisti Əhbül Mahmudov bildirib ki,”Stalinin Leyla xanıma sevgisi platonik olub.

O, Leyla xanımın zahiri gözəlliyini deyil, həm də sənətini sevirdi. Mən bu barədə şəxsən əziz müəllimim, rəhmətlik Ədil İskəndərovdan soruşmuşam.

O da deyirdi ki, “Leyla xanım elə gözəl sənətkar idi ki, onun qarşısında fironlar belə baş əyərdi, nəinki Stalin. Amma Leyla xanım özünə hörmət edən qadın idi. Bu cür pis şayiələri də onun rəqibləri məqsədli şəkildə yayırdılar ki, guya onunla Stalin arasında sevgi macərası olub. Bu kökündən yalandır. Stalin sadəcə Leyla Bədirbəyli sənətinin fanatı idi, vəssəlam”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin