Bəhram Bağırzadə yaradıcılığı - Yumor, yoxsa tragediya?

Hazırda oxunan: Bəhram Bağırzadə yaradıcılığı - Yumor, yoxsa tragediya?

79748

“Gülüş də bir sənətdir” deyiblər və incəsənətin bir çox sahəsi kimi, onun da öz peşəkarları, karifey sənətkarları var. Əcəb yerə dilimizdə “gülüş ustaları” ifadəsini işlətmirik. Sadə yumordan, satiraya qədər həyatımızın ayrılmaz parçasına çevrilən bu amil yeri gələndə insanları düşünməyə təşviq etdiyi kimi, bəzən də ən acı həqiqətləri daha asan həzm etməyimizə imkan yaradır. Daha doğrusu yaradırdı.

Lakin təəssüflər olsun ki, son zamanlar Azərbaycan izləyiciləri olaraq nə ürək dolusu gülə, nə də gülərkən düşünə bilirik.

Bir zamanların düşündürən, intellektual yumorunu bu gün çıraqla axtarmağa məcburuq. TV-lərdən sosial şəbəkələrə qədər ayaq açan bayağı küçə yumoru isə artıq mədəmizi bulandırır. 

Ölkəmizdə satiranın, intellektual yumorun və səviyyəli gülüşün tarixini danışmaq niyyətimiz yoxdur. Tarixə adını qızıl hərflərlə yazdırmış gülüş ustalarımız və sənətkarlarımız hələ illər əvvəl bu gün əlçatmaz kimi görünən səviyyəni fəth ediblər. Lakin bu gün həmin ənənədən əsər əlamət yoxdur, daha doğrusu bu gün Azərbaycan izləyicisi “yumor” adı altında dəhşətli tragediya izləməyə məcbur edilir. 

Bəs görəsən bu illər ərzində dəyişən nə olub? Bir vaxtlar KVN kimi həm intellektual, həm də səviyyəli yumor təqdim edən gülüş ənənəsi necə olub ki, küçə səviyyəsinə enərək, bu qədər bayağılaşıb? 
 

MÖVZU İLƏ BAĞLI:

Bəhram Bağırzadənin üzr VİDEOSU


Elə götürək bir vaxtlar Azərbaycan KVN-nin flaqmanı hesab etdiyimiz Bəhram Bağırzadəni və onun “yumoristik” yaradıcılığını. Axı, illər əvvəl Bəhram Bağırzadə təkcə Azərbaycanda yox, bütün post-sovet məkanında səviyyəli və intelektual gülüşün “hacırcavab oğlanı” idi. Amma bu gün niyəsə Bəhram Bağırzadə əlinə kamera alıb reytinq dalınca qaçan və qaçarkən də büdrəyib yıxılan bir obrazı xatırladır. 

Hərdən düşünürəm, bəlkə Bəhram müəllim elə bu fəaliyyəti, davranışı ilə bizə hansısa mənalı fikri, mütərəqqi ideyanı satirik formada çatdırmaq istəyir. Həyatını yumora həsr etmiş parodiya ustası bəlkə elə öz yaşayışı ilə bizi “güldürməyə” çalışır.

Ancaq cavab tapa bilmirəm. Əsl yumor, əsl incəsənət bu ola bilməz axı. Bir vaxtlar “əsrin çempionu” olan sənətkar indi niyə izləyiciləri ovsunlaya bilmir?

Bəlkə də Bəhram Bağırzadə və digər “gülüş ustalarımız” izləyicilərin onları başa düşməyəcəyindən, satiralarındakı incəlikləri və ya yumorlarının dərinliyini görməyəcəyimizdən qorxur? Bəlkə biz onların, “əsl incəsənət nümunəsi” hesab etdikləri hansısa nüansı qaçırırıq? Ümid edirəm ki, izləyicilər olaraq bizim özümüzü sorğuladığımız kimi, Bəhram Bağırzadə heç olmasa bir anda olsa özünü və yaradıcılığı sorğulayır. Ən azından buna inanmaq istəyirəm, nə vaxtsa həqiqətən ürəkdən gülə biləcəyimizə inanmaq istəyirəm. 

Qonşu ölkələrin də səviyyəli və intellektual, günü bu gün də davam edən yumor ənənəsi var. Təəssüf ki, Azərbaycan izləyicisi illərdir ac olduğu yumoru bu gün onlarda tapır. Biz Mixail Zadornovu, Arkadi Arkanovu, Sergey Xazanovu, Lui Andersonu da yaxşı tanıyırıq, sizi də. Bəs onları xüsusi, maraqlı, yumoristik, hazırcavab edən keyfiyyətlər nələrdir? 


Bəhram müəllim, özünüzə sual verisinizmi ki, Azərbaycan izləyicisi niyə Sergey Drobotenkonun konsertinə bilet alır, amma “Bakılı oğlan” olan sizi izləmir? Yoxsa bu sizin üçün ölçü meyarı deyil? Güldürməyə çalışdığınız eyni tamaşaçılar, eyni izləyicilərik də. Bəlkə məsələ öz sənətinə, izləyicisə olan yanaşmada, hörmətdədir?

Bəlkə, onlar Bəhram Bağırzadə kimi, sosial şəbəkə səviyyəsindəki küçə yumoru ilə izləyiciləri “uyutmağa” çalışmadıqları üçün uğurludurlar.

Bəhram müəllim, “Azərilər uyur e, 2%, 3%, amma bütün millət uya bilməz axı...”

Rəvan Əliyev, Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin